Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır

Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır


Bu gün, 07:36

ABŞ-dən verilən rəsmi açıqlamalar Azərbaycanla Ermənistan arasındakı aparılan sonuncu sülh danışıqlarında Tramp adminstrasiyasının təqdim etdiyi təkliflərin müzakirə olunduğunu təsdiq edir.

İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində baş tutan görüşdən sonra rəsmi Vaşinqton ümumi bəyanatlar verməklə özünü məsələdən sanki məlumatsız kimi göstərməyə çalışsa da, son günlər səslənən fikirlər bunun tam əksini göstərir.

Həm Prezident Donald Trampın, həm də ABŞ-nin Türkiyədəki səfiri Tomas Barakın eyni gündə verdiyi açıqlamalar Azərbaycan-Ermənistan sülh danışıqları masasındakı “yol xəritəsi”nin detallarını üzə çıxarır. Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Azərbaycanla Ermənistan arasında sülhün bir növ anonsunu verib. “Azərbaycanla Ermənistan arasında münaqişə tezliklə uğurla həll olunacaq.

Biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu münaqişə başa çatmaq üzrədir. Uğurla başa çatmaq üzrədir”, - deyə Ağ Evin rəhbəri bildirib. ABŞ Dövlət Departamenti də bəyan edib ki, Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir. Bu arada ABŞ-nin Türkiyədəki səfirinin Britaniyanın “Middle East Eye” nəşrinə verdiyi sensasion açıqlama isə Zəngəzur dəhlizinin açılması ətrafında ciddi müzakirələrin getdiyinə dair məlumatları təsdiqləyib.

“ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib”,- deyə Tom Barak bildirib. Britaniya mediası qeyd edir ki, mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişi imzalamazdan əvvəl bir neçə əlavə şərtdə israr edir.

“Azərbaycan İrəvandan tələb edir ki, digər şərtlərlə yanaşı, konstitusiyaya dəyişiklik edilsin. Əsas problemlərdən biri Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi ilə vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi adlanan layihədir”, - deyə “Middle East Eye” yazıb.

Həmçinin, qeyd olunub ki, Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsində təkid edir. Ermənistan isə marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir. Uzunluğu 32 km olan dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasında ciddi maneəyə çevrilib.

“Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil. Amerika məsələyə müdaxilə edir və deyir: “Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin”,-Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə belə deyib.

Barakın şərhləri Tramp administrasiyasının neytral zəmanətçi rolunu oynayacaq özəl ABŞ kommersiya operatoru vasitəsilə dəhlizi idarə etmək təklifinin ilk rəsmi təsdiqidir. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan ABŞ səfirinin bu versiyasını qeyri-məqbul adlandırıb. O, bir daha dövlət qurumlarının standart cavabını təkrarlayıb:

“Ermənistan regional infrastrukturların açılması məsələsini müstəsna olaraq Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində müzakirə edir. Ermənistan öz suveren ərazisinə nəzarətin heç bir üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir”. “Middle East Eye” nəşri bildirir ki, Türkiyə qeyri-rəsmi olaraq Bakını sülh sazişi imzalamağa çağırıb, Azərbaycan hakimiyyətinə dəyişmiş regional vəziyyəti, xüsusilə də İranın təsirinin azaldığını xatırladıb.

Danışıqlara yaxın mənbə “Middle East Eye”-a bildirib ki, dəhlizi idarə edən özəl şirkət ideyasını ilkin olaraq Türkiyə təklif edib və bu, həm Ermənistan, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq.

“Lakin Ermənistan tərəfi bu şirkətdən dəhlizin Naxçıvan hissəsində də işləməyi tələb edib və bu, Bakı üçün qəbuledilməz olub”, -mənbə bildirib. Azərbaycan-Ermənistan sülh danışıqları və iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair ABŞ-nin verdiyi rəsmi bəyanatlarla yanaşı, Britaniya mediasının yazdığı məlumatlar “yol xəritəsi”inn məzmunu ilə bağlı rəy yaratmağa imkan verir.

İlk növbədə, Tramp adminstrasiyası sözügedən təkliflər paketini irəli sürməklə Cənubi Qafqaz strategiyasını elan edib. Trampın prezident vəzifəsinə gəldikdən sonra Cənubi Qafqaz siyasətinin necə olacağına dair suallar çox səslənib.

Əbu-Dabi sülh platformasında müzakirəyə çıxarılan “yol xəritəsi” ABŞ-nin Cənubi Qafqaz siyasətinin istiqamətlərinə aydınlıq gətirir. Məlum olur ki, Tramp adminstrasiyası Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh müqaviləsinin imzalanmasına, eləcə də regional kommunikasiyaların blokdan çıxarılmasına nail olmaq istəyir.

Yəni ABŞ bu iki prosesi bir-birindən ayrı götürmür və paralel şəkildə reallaşmasına üstünlük verir. Vaşinqtonun Cənubi Qafqaz strategiyası regionda münaqişələrə son qoymaq, Rusiyanın bölgədəki təsirinin qarşısını almaq və nəqliyyat-ticarət dəhlizlərinə nəzarəti ələ almaqdan ibarətdir.

Bu baxımdan, Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə regionda güclənməsi ABŞ-nin maraqlarına cavab verir. Nəqliyyat-ticarət yollarının kəsişdiyi Cənubi Qafqaz geostrateji əhəmiyyətinə görə ABŞ-nin də diqqətini cəlb edib. Bu baxımdan, Cənubi Qafqaza geoiqtisadi platforma kimi baxan Tramp hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına dəstək verməyə hazırdır.

Ermənistan isə “dəhliz” anlayışını qəbul etmək istəmir. Ona görə də ABŞ Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsizliyinin təminatı prosesindən Rusiyanın uzaqlaşdırılmasına nail olmaqla Nikol Paşinyan hakimiyyətini öz təkliflərinə razı salmağa çalışır. Ermənistan prinsipcə ABŞ-nin təklifinə razıdır.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan da jurnalistlərə açıqlamasında dəhlizin autsorsinq prinsipi əsasında beynəlxalq quruma həvalə edilməsinin məqbul olduğunu bildirmişdi. Sadəcə olaraq, Nikol Paşinyan görünür, Ermənistan ərazisində eksterritoriallığın yaranmayacağına zəmanət almaq istəyir. Əgər belə bir dəhliz yaranarsa, o zaman 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistan müxalifəti bu faktı Paşinyana qarşı ittiham kampaniyasına çevirə bilər.

Yəni revanşist müxalifət Paşinyanı Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda ittiham edəcək. Dəhlizin yaranması Ermənistan ərazisində Rusiya və ABŞ arasında geosiyasi qarşıdurmanı dərinləşdirə bilər. Paşinyan isə Rusiyanın təhlükəsizlik prosesindən uzaqlaşdırılmasını Ermənistanın suverenliyinin təmin olunması ilə əsaslandırmağa çalışır.

Bu baxımdan, rəsmi İrəvanın ABŞ-nin təklifini tam qəbul etməməsi Rusiyanın təzyiqlərindən yayınmaq cəhdi kimi başa düşülə bilər. Dəhlizin 100 illiyə icarəyə verilməsinə gəlincə, bu, Azərbaycan üçün problem yaratmır. Əksinə, bu, ilk növbədə, dəhlizin reallaşması deməkdir. 100 il və ya müqavilə ilə müəyyən edilmiş digər müddət ərzində isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və münasibətlər normallaşacaq.

Bundan sonrakı dövr üçün tərəflər özləri sülh şəraitində nəqliyyat-tranzit əlaqələrini ikitərəfli razılaşmalar əsasında tənzimləyə bilərlər. Britaniya nəşrinin təhlilində diqqəti cəlb edən məqamlardan biri Ermənistanın Naxçıvan MR ərazisindən dəhliz kimi istifadə olunmasına dair təklifidir.

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülmüş bu layihə yeni məsələ deyil. Paşinyanın “Ermənistandan-Ermənistana, Azərbaycandan-Azərbaycana” adlandırdığı bu layihə nəqliyyat-kommunikasiya vasitələrinin açılmasına dair mücərrəd yanaşmadan ibarətdir.

Baş nazir hesab edir ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyatın, vətəndaşların, malların maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Yəni Zəngəzur dəhlizi açılır. Buna paralel olaraq, Arazdəyən-Naxçıvan-Ordubad yolu ilə dəhliz açılır, Mehriyə getmək istəyənlər həmin marşrutla hərəkət edib yenidən Ermənistana daxil olur.

Yəni Ermənistan ərazisindəki yollardan istifadə etmək əvəzinə ermənilər Naxçıvan MR-nın ərazisinə, oradan yenidən Mehriyə daxil olurlar. Təbii ki, Azərbaycan belə qeyri-ciddi layihəni qəbul edə bilməzdi. Paşinyanın məqsədi ya Zəngəzur dəhlizinin açılmasını əngəlləmək, ya da Azərbaycan ərazisində alternativ dəhliz marşrutu yaratmaq iddiasından ibarətdir.

Müşfiq Abdulla
“Cebheinfo.az”


Geri qayıt