Əsas Səhifə > Ana xəbər / Güney Press > Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilərBu gün, 06:05 |
Azərbaycanda orta ömür uzunluğu 72-73 yaş civarındadır. Kişilər üçün bu göstərici 70 yaşdan da aşağıdır. Pensiyaya isə 65 yaşında çıxmaq mümkündür. Bu statistika göstərir ki, insanlar ömürlərinin cəmi bir neçə ilini pensiya ilə “dincəlməklə” keçirə bilirlər. Bu da sağlamlıq, dərman və maddi qayğılar içində davam edir. Belə vəziyyət sosial siyasətdə hansı boşluqları ortaya çıxarır? Pensiya ilə bağlı əsasən hansı dəyişikliklər zəruridir? Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov bildirib ki, ölkədə pensiya yaşının artırılması ilə bağlı dəyişikliklər davam edir: “Bu istiqamətdə həm qadınlar, həm də kişilər üçün pensiya yaşının 65-ə çatdırılması məqsədilə aparılan siyasət qanunvericilikdəki fərqlərin aradan qaldırılmasını və bərabərliyi təmin etməyi hədəfləyir. Təbii ki, bu məsələdə qadınlara daha aşağı yaş nəzərdə tutulurdu. Lakin dünya miqyasında, xüsusilə müxtəlif ölkələrdə həyata keçirilən gender bərabərliyi siyasətinə əsaslanaraq, eyni pensiya yaşı müəyyənləşdirilməsi istiqamətində addımlar atılır. Ölkədə orta ömür uzunluğunun müəyyənləşdirilməsinə gəldikdə, həm statistik rəqəmlər araşdırılmalı, həm də bütün regionlar üzrə ümumi tədqiqatlar aparılmalıdır”. Ekspert qeyd edib ki, bu sahə üzrə dövlət siyasətini həyata keçirən bir sıra qurumlar mövcuddur: “Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu birbaşa bununla məşğuldur. Sosial Tədqiqatlar Mərkəzi kimi araşdırma aparmaq səlahiyyətinə malik bir sıra mərkəzlər də var. Bu orqanlar orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı əlaqəni diqqətlə tədqiq etməlidirlər. İki göstərici arasında bir neçə illik fərq olarsa və həmin müddətdə insanlar həm fiziki xəstəliklərlə, həm də digər çətinliklərlə mübarizə aparırlarsa, o zaman pensiya yaşının artırılması ədalətli görünmür. Dünyada bir çox ölkələrdə orta ömür uzunluğu 75-85 yaşa çatıb. Bu dövlətlərdə pensiya yaşının artırılması normal qəbul olunur. Azərbaycanda orta ömür uzunluğu 70-73 yaş arasıdırsa və insanlar 65 yaşında pensiyaya çıxırsa, bu, məsələnin tənzimlənməsini tələb edir”. Hüquqşünas əlavə edib ki, pensiya illərlə çalışan vətəndaşların əməyinin qarşılığı, dövlətdən aldığı sosial ödənişlərdir: “Bu ödənişlər insanların əmək fəaliyyətindən sonra istirahət etməsi üçün nəzərdə tutulub. Əgər şəxs pensiya dövrünü xəstəlik və digər sağlamlıq problemləri ilə keçirərsə, bu halda pensiya yaşının artırılması problem yaradacaq, əksinə, azaldılması daha məqsədəuyğun olacaq. Bu baxımdan, məsələnin dəqiqləşdirilməsi üçün müvafiq qurumlar hərəkətə keçməli və konkret faktlarla hökumətə məlumat təqdim etməlidir. Hökumət də bunu nəzərə alaraq, pensiya yaşının 65 olaraq saxlanması və ya artırılması məsələsini qərara ala bilər. Təəccüblü olsa da, bəzi hallarda pensiya yaşının azaldılması zərurətinin yaranması mümkündür. Ölkədə əsas məqsədlərdən biri vətəndaşların həyat şəraitini və sosial rifahını yaxşılaşdırmaqdır”. Geri qayıt |