Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya bazarı bizim üçün BAĞLANIR
Rusiya bazarı bizim üçün BAĞLANIRBu gün, 05:53 |
Rusiya indiyədək pomidorlarımızı “gözüm-çıxdı”ya salırdı, tonlarla məhsulu “zərərverici var”, deyərək məhv edirdi, ya da geri göndərirdi. Nə sirdirsə, indi şaftalımız da “xarab” çıxdı.
Rusiyanın Krasnodar diyarında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin nümayəndələri Azərbaycandan gətirilmiş 18 ton təzə şaftalı və nektarini məhv edib. Bakupost.az xəbər verir ki, onlar guya həmin məhsullarda kənd təsərrüfatı üçün təhlükəli həşərat olan Qərb çiçək tripsləri aşkar etdiklərini bildiriblər. Qurum Azərbacyandan meyvə idxalına qadağa qoyub və 18 ton məhsulun hamısını yerindəcə məhv edib. Azərbaycandan gətirilən 15 ton pomidorda isə daha bir karantin zərərvericisi - Cənubi Amerika pomidor mina güvəsi "tapılıb".
Bilmək olmur, Rusiya məhsullarımızı zay elan etməklə iqtisadi əsas pərdəsi altında siyasi təzyiq göstərməyə çalışır, yoxsa həqiqətən də meyvə-tərəvəzlərimiz yararlı deyil. Bunun üçün, ölkə daxilində həmin məhsulların ciddi şəkildə fito-sanitar yoxlamadan keçirilməsi lazımdır. Bunu edən varmı, yoxmu, bu da məlum deyil.
İqtisadçı Pərviz Heydərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu məsələyə birmənalı yanaşmaq mümkün deyil. Məsələnin mahiyyətini bilmək üçün hərtərəfli tədqiqat aparılmalı, məhsulların həqiqətən də yararsız və ya yararlı olması müəyyənləşməlidir:
- Bəli, Rusiya əvvəllər pomidorlara daha çox “fokslanmışdı”. Zərərverici var, deyib, məhsulu məhv edirdilər, geri göndərirdilər. Şaftalı da pomidorun sırasına əlavə olundu. Şübhələnməyə əsas var ki, Rusiya bunu təzyiq vasitəsi kimi istifadə edir. Çünki hazırda Rusiya ilə münasibətlərimizdə gərginlik yaşanır. Amma gəlin, mövcud duruma nəzər salaq. Rusiyanın iqtisadi vəziyyəti hazırda heç də yaxşı deyil. İqtisadi sanksiyalar tətbiq olunur, Rusiya bazarlarında Azərbaycan məhsullarına ehtiyac var. Bazarda bu məhsullara real ehtiyac olduğu halda, niyə imtina etsinlər? Rusiyada son illərdə əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb. Bir ölkənin ehtiyacı olduğu halda tonlarla məhsulu məhv etməsinə məntiqli izah vermək çətindir. Şəxsən mən həmin məhsullarda zərərvericilərin olmasına inanmıram. Məhsullar harada, necə yoxlanıb, buna sübut varmı? Suallar çoxdur. Lakin başqa bir məsələ daha var. Həmin məhsulların geri qaytarılması daha müsbət qərar olardı. Amma onlar məhv edirlər. Niyə? Ola bilsin, bu, bizim tədarükçülərdən, ixracatçıdan asılı məsələdir. Həmin məhsulları min-bir əziyyətlə, anbar, daşınma xərci çəkərək Rusiyaya göndərənlər üçün məhsulu təkrar ölkəyə qaytarmaq sərf etmir. Yenidən daşınma xərclərini ödəməlidir, bilinmir də həmin məhsula yerli bazarda alıcı tapılacaq, tapılmayacaq. Bunu nəzərə alan tədarükçü, sahibkar əlavə xərc çəkmək istəmir. Bu da məntiqlidir. İkinci məsələ, yerli bazarda həmin məhsullara, meyvə-tərəvəzə ehtiyac olduğu halda, niyə Rusiyaya ixrac edirlər? Hazırda pomidorun da qiyməti yüksəkdir, şaftalı və digər meyvələrin də. Bazarda faktiki bahalıqdır. Mən bunu bir dəfə də demişəm. Fermer niyə əziyyətə qatlanıb Rusiyaya məhsul daşıyır? Hələ bilmir qəbul ediləcək, edilməyəcək, tonlarla məhsulu bir də görürsən yararsız hesab edib məhv edirlər. Deməli, burada məhsulların bazara çıxarılmasında problem var, maneələr çıxır qarşılarına. Fermerlərin kənd təsərrüfatı məhsullarını yerli bazara çıxarmaq imkanları çox zəifdir. Ona görə də xarici bazarlar axtarırlar. Hər nə qədər çətin olsa da, əvvəlki kimi yüksək gəlir olmasa belə, yenə də xarici bazarda gəlir əldə edilir. Yerli bazarda isə bu imkanlar zəifdir. Hələ mən onu demirəm ki, ölkəmizə meyvə-tərəvəz həm də idxal olunur, bəzi ölkələrdən. Bizim məhsullarsa xarici bazara çıxarılır. Əriyin kiloqramı 3 manatdır. Şaftalının indi mövsümüdür, amma 2-3 manatdır. Digər meyvələr də həmçinin. Gilas, gilənar 5-6 manatdan aşağı düşmədi. Belə şəraitdə niyə fermer məhsulunu yerli bazarda satmır, xarici bazar axtarır, sual budur.
İqtisadçı qeyd etdi ki, ötən il Balakəndə tonlarla xurma məhv oldu. Fermerlər məhsulu daxili bazara çıxara bilmədilər. Deməli, maneələr olur:
- Hesab edirəm ki, həm fermerlərin daxili bazara çıxış imkanları genişlənməli, maneələr aradan qaldırılmalı, həm də biz Rusiya bazarlarından əlavə başqa bazarlar da tapmalıyıq. Niyə ancaq Rusiya bazarından asılı qalırıq? Biz Yaxın, Uzaq Şərq, Avropa ölkələrinə orqanik məhsullar ixrac etmək imkanlarımızı gözdən keçirməliyik. Hazırda dünyada təbii, orqanik məhsullara böyük tələbat var. Başqa bazarlar tapmalıyıq, bununla daha yaxşı qazanc əldə edərik.
P.Heydərov onu da qeyd etdi ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məhsullarda hansısa zərərverici aşkarlayırsa, bizim aidiyyəti qurumlarımız həmin məhsulları yoxlamaqda maraqlı olmalıdır:
- Qoy yoxlasınlar, bilək ki, həqiqətən də məhsullarda zərərverici var, yoxdur. Rusiya məhv edir, biz isə səbəbini dəqiq bilmirik. Həmin məhsullar anbarlara təhvil veriləndə yoxlanılmalıdır, uzun müddət anbarlarda saxlanılırsa, tərkibində dəyişiklik əmələ gələ bilər. Hazır məhsul hərtərəfli yoxlanmalıdır ki, keyfiyyətinə əminlik yaransın. Bəlkə də yoxlayırlar, amma rəylər üst-üstə düşmür. Bu da ola bilər. Bütün hallarda mən bu məsələdə daha çox subyektiv amillər görürəm, nəinki obyektiv.
Geri qayıt |