Əsas Səhifə > Ana xəbər / Güney Press > Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır

Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır


Bu gün, 13:58

“Hazırda milyardlarla manat dəyərində vəsait turizm məqsədilə Yunanıstana, Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, Maldiv adalarına və digər ölkələrə axır. Halbuki, bu vəsaitin heç olmasa kiçik bir hissəsi ölkədə saxlanıla bilərdi”.

Bu sözləri ekoloq Ənvər Əliyev Globalinfo.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, SSRİ dövründə buna az da olsa diqqət yetirilirdi:

“Məsələn, Uzaq Şərqdən – Maqadandan, Sibirdən, Rusiyanın müxtəlif bölgələrindən Azərbaycana dincəlməyə gəlirdilər. Bu, həm ölkəyə gəlir gətirirdi, həm də beynəlxalq tanıtım baxımından əhəmiyyətli idi. Azərbaycan Xəzər dənizi sahilləri çimərlik turizminin inkişafı üçün böyük potensiala malikdir. Dəniz suyu, günəş və iqlim şəraiti bir çox Avropa ölkələrindən daha əlverişlidir. Həkimlər də təsdiqləyir ki, Xəzər dənizi suyunun və Abşerona düşən Günəş şüasının bəzi müalicəvi təsirləri var. Xüsusən də rus və yəhudi əsilli turistlər illər öncə Azərbaycanı özləri üçün sağlamlıq və istirahət məkanı olaraq seçirdilər. Bu faktlar unudulmamalı, gələcək planlarda nəzərə alınmalıdır”.

Müsahibimiz deyib ki, Türkiyədə keçirilən beynəlxalq turizm konfransında iştirak edərkən türkiyəli mütəxəssislə maraqlı dialoq qurub:

“Onlar bildirirdilər ki, yaxın illərdə 50-60 milyon turist qəbul etməyi planlaşdırırlar. Təsəvvür edin ki, həmin turistlərin yalnız 10–15 faizi belə Azərbaycana gəlsəydi, ölkə büdcəsinə milyardlarla gəlir daxil ola bilərdi. Bu potensialdan istifadə etmək üçün çimərlik infrastrukturuna investisiyalar yatırmaq, təhlükəsizlik sistemlərini qurmaq, təmiz və nəzarətli ərazilər yaratmaq vacibdir. Əks halda, biz fürsəti əldən verəcəyik və xarici ölkələrin turizmindən asılı qalmağa davam edəcəyik. Xəzərin sahili bizim milli sərvətimizdir və bu sərvətdən düzgün istifadə etməklə həm iqtisadi inkişafı sürətləndirmək, həm də ölkənin beynəlxalq imicini gücləndirmək mümkündür”.


Geri qayıt