Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi?
Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi?Bu gün, 09:49 |
Yekaterinburq şəhərində azərbaycanlılara qarşı sərtləşən münasibət Rusiya-Azərbaycan əlaqələrinə mənfi təsir edib. Siyasi-diplomatik münasibətlər xeyli soyuyub. Mədəni-kütləvi tədbirlər, konsertlər təxirə salınıb. Azərbaycanlıların Rusiyada mövqelərinin zəifləməsi bir başqa sahəyə də mənfi təsir göstərə bilər. Bu, toy biznesidir. Xeyli sayda müğənni Rusiyanın müxtəlif şəhərlərində orda yaşayan soydaşlarımızın toy və başqa şənliklərində yüksək qonorarla iştirak edirlər. İndiki siyuasiya bu bazarı “öldürə” bilər. Bəs gerçəklik nədən ibarətdir? Son hadisələr Rusiyadakı toy bazarını zəiflədəcəkmi? Globalinfo.az-a danışan əməkdar artist, xanəndə Elnarə Abdullayeva bildirib ki, baş verənlərə baxmayaraq, hər şeyin yaxşı olacağına inanır: “Həyatda çox çətinliklər yaşamışıq. Özümüzü tanıyandan bəri müharibə, mübahisələr görmüşük. Təki hər şey yaxşı olsun. Toy bazarına nə qədər təsir edəcəyini bilmirəm, amma yaşananlar əhvalımıza mənfi təsir edir. Ruhumuz yorulub artıq. Belə hallar olanda, vallah, toy da yaddan çıxır. Allahın hər kəsə yazığı gəlsin”. Müğənni Nadir Qafarzadə isə deyib ki, özü ildə 2-3 dəfə Rusiyada toya gedir və münasibətlərin pisləşməsi təkcə sənətçiləri deyil, bütün sahələri əhatə edə bilər: “Münaqişənin sülhlə başa çatacağına inanıram. Çünki nə Rusiya, nə də Azərbaycan üçün əlaqələrin pozulması sərfəlidir. Rusiyada yüz minlərlə azərbaycanlı, Azərbaycanda isə 120 min civarında rus yaşayır. Onlar artıq bu ölkələrdə öz həyatlarını qurublar. Hər şeyi dilə gətirmək asandır, amma soydaşlarımızın vətənə qayıdıb burada həyatı sıfırdan başlaması çox çətin olar. Bu, Azərbaycanda yaşayan ruslar üçün də keçərlidir”. Nadir Qafarzadə əlavə edib ki, İlham Əliyev məsələni ən yüksək səviyyədə həll etməyə nail olacaq: “İnanıram ki, daxili və xarici siyasəti mükəmməl bilən ölkə başçımız bu məsələni rusiyalı həmkarı ilə ortaq məxrəcə gələrək həll edəcək və münaqişə böyüməyəcək. Biz hər zaman bütün xalqlarla dost olmuşuq. Elə sakit, qonaqpərvər və mərhəmətli xalqıq ki, həmişə hər kəsə qucaq açmışıq. Azərbaycanda yaşayan ruslara da hörmətlə yanaşılır. Kimlərsə iki xalq arasında çaxnaşma yaratmağa çalışır. Ümid edirəm ki, məsələ tezliklə həll olunacaq”. Geri qayıt |