Əsas Səhifə > Ana xəbər / Güney Press > Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər
Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilərBu gün, 08:51 |
Trampın hakimiyyətə yenidən qayıdışından sonra ən çox maraq edilən mövzulardan biri də ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz siyasəti idi. Donald Trampın ABŞ-ın xarici siyasətində prioritetlərin dəyişməsi, xüsusilə Rusiya və İranın təsirinə qarşı mübarizə, Cənubi Qafqazda yeni dinamika yaradır. ABŞ dövlət katibi Mark Rubionun bir neçə dəfə Azərbaycan və Ermənistan arasında münaqişə riskinin hələ də qaldığını bildirməsi və sülhün təmin edilməsinə yönəlmiş çağırışları beynəlxalq ictimaiyyətin bölgəyə diqqətini bir daha gündəmə gətirib. Son zamanlar ABŞ hökuməti ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamika fonunda bu bəyanatlar diqqət çəkməyə bilməz. Rusiya da bu prosesə qıcıqlı reaksiyasını gizlətmir. Rusiya rəsmiləri bəyan edirlər ki, ABŞ və Qərb dövlətləri artıq Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar. Məsələn, Putinin köməkçisi Yuri Uşakov açıqlamalarının birində “ABŞ və bir sıra digər Qərb ölkələri (Azərbaycan və Ermənistan arasında) sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün kobud işlər Moskvada görülüb və indi qərblilər, sadəcə olaraq, danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər” deyib. Azərbaycan və Ermənistan arasında müharibə bitsə də, sülh danışıqları üçün 17 bəndlik razılaşma əldə olunsa da, hələlik sülh müqaviləsi bağlanmayıb. Tramp hakimiyyəti bu müqavilənin imzalanmasında da öz rolunun olmasına çalışır. Azərbaycan isə daim vasitəsiz və birbaşa danışıqların tərəfdarı olub və bunun daha çox effektiv olduğunu hesab edir. Tramp əsasən ABŞ-ın maraqlarından çıxış edir və bu da Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi, enerji və nəqliyyat-kommunikasiya layihələrində xüsusi çəkisi olan Azərbaycanla səmimi və maraqlara əsaslanan münasibətlərin qurulmasını zəruri edir. Bayden administrasiyasının Cənubi Qafqaz və Orta Asiya ilə bağlı siyasəti iflasa uğradı. Ona görə də yeni administrasiya regiona qayıtmaqda maraqlıdır. Bu isə yalnız Cənubi Qafqazın əsas oyunçusu və Orta Asiyanın qapısı olan Azərbaycanla bərabərhüquqlu siyasət əsasında mümkündür. ABŞ-ın Cənubi Qafqaz siyasəti əsasən gərginlik və qarşıdurmanın dərinləşməsinə yönəlib, çünki Vaşinqton üçün əsas məqsəd regionda Rusiyanın və İranın təsirinin azaldılmasıdır. Lakin bu yanaşma uzunmüddətli sülh və sabitlik gətirə bilməz. ABŞ-ın Cənubi Qafqazda dominant güc olmaq istəyi təhlükəli nəticələrə gətirib çıxara bilər. ABŞ Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Agentliyinin son hesabatına görə, Rusiya postsovet məkanında, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunu yenidən gücləndirmək istiqamətində mühüm addımlar atır. ABŞ-Azərbaycan münasibətlərinin uzun tarixinin olmasını, müstəqillik əldə etdikdən bu vaxta qədər Bakının Vaşinqtonla əlaqələr qurmasını, ötən illər ərzində Birləşmiş Ştatlarla bir çox mühüm sahələrdə sıx əməkdaşlıq edilməsini, təhlükəsizlik məsələsində, terrorla mübarizədə, enerji məsələlərində Azərbaycanın öz töhfələrini verməsini Co Bayden administrasiyasının bir növ görməzdən gəlməsinin nəticələrinin necə olduğunu heç şübhəsiz ki, Tramp administrasiyası çox yaxşı görür. Amma istənilən halda, ABŞ-ın həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər. “Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı ABŞ-ın Rusiyanın reaksiyalarından çəkinmədiyi qənaətindədir. Partiya sədrinə görə, Birləşmiş Ştatlar hansı gücdə olduğunu özü üçün müəyyənləşdirib: “Ona görə Vaşinqton davamlı addımlar atır. Ukrayna münaqişəsinin həlli məsələsində də Tramp özünü elə təqdim etmişdi ki, Rusiyanın yanındadır, amma sonradan bu siyasətin şahidi olmadıq. Çünki Rusiyada ciddi problemlərin olduğunu görürlər. Vaşinqton müşahidə edir ki, sanksiyalar zamanla Rusiyaya təsir edir, resursların tükənməsi gedir, hərbi sursat ehtiyatları azalır, ona görə kənar dəstək kömək edə bilməz. Hazırda Rusiyaya qarşı hibrid və partizan müharibəsi aparılır. Ukrayna onun strateji mərkəzlərini vurur və ABŞ bu nəticələri görməkdədir. O səbəbdən öz təzyiq və təsirlərini artırır. İndi də Rusiyasız sülh danışıqları sürətlənib və nəticədən asılı olmayaraq, Moskva anlayır ki, oyundankənar vəziyyətə salınıb”. A.Nağı Zəngəzur dəhlizi məsələsinin həll olunacağına inanır, lakin Əbu-Dabidə yekun sülh sənədinin imzalanmasını gözləmir. Onun fikrincə, dəhliz dünya güclərinin marağındadır deyə onun ətrafında sərt mübarizə gedir. A. Nağı Rusiyanın bu proseslərin kənarında qaldığını düşünür: “Birləşmiş Ştatların hərəkətləri Türkiyə və Azərbaycanla razılaşdırır. Regionda gərginliyə gəlincə, bu, həmişə olub. İndi isə bu fürsət dəyərləndirilir və Rusiya proseslərdə iştirak edə bilmir. Yəni bölgədə vəziyyətin gərginləşməsindən narahat olmağa dəyməz”. Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərlinin fikrincə, okeanın o tayında olan fövqəlgüc dövlətin bu bölgəyə müdaxiləsi istər-istəməz region ölkələri ilə rəqabətə səbəb olur, nəticədə gərginlik yaranır. Onun sözlərinə görə, bu gərginlik bölgədəki kiçik dövlətlərin işini çətinləşdirir: “Cənubi Qafqaz ölkələri sülh və sabitlik tərəfdarıdır. Amma supergüclərin region uğrunda mübarizəsi bizim kimi ölkələrin həyatına təsir edir. Nəzərə almaq lazımdır ki, Rusiya və İran əbədi qonşularımızdır, onlar bu bölgədən həmişəlik çıxıb getməyəcək. Belə bir təsəvvür nonsens görünür. Bəli, Moskva və Tehranın regionda təsir mexanizmləri zaman-zaman azala bilər, lakin Cənubi Qafqazı tamamilə itirmələri real görünmür. Bu ayrı məsələdir ki, biz hər iki qonşumuzun bölgədəki siyasətini qəbul etmirik, maraqlarının da nədən ibarət olduğunu bilirik. Ancaq heç biri ABŞ-ın həndəvərində hər hansı siyasət aparmırlar. Sadə formada desək, Rusiya və İranın nə zamansa Birləşmiş Ştatların təsir zonasında addımlarını görməmişik. Yəni Meksika, yaxud başqa bir Amerika ölkəsi üzərindən Vaşinqtona qarşı siyasət yürüdülməyib. ABŞ isə Ermənistan üzərindən müəyyən addımlar atır, regionda təsirini artırır. Bu da sözsüz ki, bölgədə strateji rəqabəti dərinləşdirir. Rusiya və İran isə ABŞ-ın bu hərəkətlərinə susqunluqla seyrçi qalmaq fikrində deyillər. Hər bir halda, biz bölgədə sülh istəyirik və regiona kənar müdaxilələr olmadan dayanıqlı sabitlik və təhlükəsizliyin tərəfdarıyıq". Geri qayıt |