Əsas Səhifə > Ana xəbər / Güney Press > “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər”
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər”Bu gün, 06:36 |
Milli mətbuatımızın 150 illiyi ərəfəsində sözün qiymətini bilənlərin fikirləri, bugünkü mediamız haqqında düşüncələri və onun gələcəyi necə görmək istədikləri önəmlidir.
İllərini Azərbaycan televiziyasının inkişafına, milli televiziyamızın milli-mənəvi dayaqlar üzərində möhkəm dayanmasına sərf etmiş Əməkdar mədəniyyət işçisi, şairə, publisist, Azərbaycan tamaşaçısının üzünü görməsə belə, səsindən tanıdığı Telli xanım Pənahqızının fikirlərini öyrəndik.
- Telli xanım, 150 illik mətbuatımıza sizin hansı baxış bucağından baxdığınızı bilmək istərdik. Mediamızın bugünkü səviyyəsi sizi qane edirmi?
- Əvvəla, bunu deyim ki, 150 illik bir mətbuat tariximizin mövcudluğu ilə sevinirəm. Əminəm ki, bu tarixlə yaxından-uzaqdan tanış olan hər bir vətəndaşımız 150 il əvvəl böyük Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”nin əkdiyi toxumların cücərtilərinin böyük bir tarlaya çevrildiyinin fərqindədir. Biz bu geniş söz tarlasına öz qatqımızı əlavə etməliyik. Bu da ancaq və ancaq ondan ibarət olmalıdır ki, sözün, cümləmizin qədrini bilək, insanları sevək və xalqın, millətin qayğılarını, düşüncələrini mətbuat vasitəsilə çatdıraq. Medianın bugünkü səviyyəsinə gəlincə, vallah, o qədər saytlar, xəbər platformaları, telekanallar, kabel televiziyaları var ki, vaxt tapıb hamısına baxmaq mümkün deyil. Amma neyləyə bilərik? Bunların hamısı yaxşıdır, qoy olsun. Kimi harada, necə maarifləndirməyi bacarırlarsa, qoy etsinlər. Amma çap mətbuatının hazırkı dövrdə lazımsız olması fikrini mən heç vaxt qəbul etmirəm. Onlayn media haqqında rəhmətlik Şirməmməd müəllim deyirdi ki, elə bil havaya üfürürük dediyimiz sözləri, hamısı yoxa çıxıb gedir. Reallıq bundan ibarətdir. Amma çap məhsulları qalır, qalıcıdır. 100 il əvvəlki qəzetləri, jurnalları vərəqləyəndə insanların nə düşündüyü, jurnalistlərin nədən yazdığını görürük, o dövrün mənzərəsi, siyasi, sosial mühit canlanır qarşımızda. Hazırda texnologiya elə bir səviyyədə inkişaf edib ki, həm yaradır, həm də dağıdır. Kiberhücumlar məhz dağıdıcıdır. Bir saniyə ərzində elektron yaddaşı məhv edə bilirlər. Amma qəzetlər qalır. Çap mediasını bu cür məhv etmək mümkün deyil. Çünki o, maddidir. Vizual, xəyali deyil.
- Sizcə, çap mediası bu gün hansı missiyanı yerinə yetirməlidir?
- Çap mediası bu gün hansı missiyanı yerinə yetirə bilər?.. Əlbəttə ki, maarifləndirici missiyasını, doğru xəbərlərin çatdırılması vəzifəsini davam etdirməlidir. Niyə radio dinləyirik, niyə efirlərə baxırıq, qəzet oxuyuruq? İnformasiya almaq, maariflənmək üçün. Bu mənada çap mediasını saxlamaq və ona öz missiyasını davam etdirməkdə yardımçı olmaq lazımdır. Deyə bilərsiniz ki, uzun illərdir televiziyada işləyirsiniz, televiziyalar da ən geniş informasiya vasitəsidir. İnsanlar qəzetə, jurnala əvvəlki kimi maraq göstərmir, informasiyanı əsasən radiodan, televiziyadan alırlar. Lakin bugünkü televiziyaların insanlara ötürdüyü informasiya, faydalı informasiya deyil. Nə mənada? Bəlkə də, haqqında danışılan, təqdim olunan hadisə cəmiyyətə xeyirlidir. İnsanları maraqlandıran, düşündürən problem müzakirəyə çıxarılır, amma məhz təqdimat forması düzgün seçilmir. Efirlərimizdəki şou-proqramlar, tok-şoular bütün çərçivələri aşıb artıq. Olan-olmazımızı da ortalığa qoyublar. Çap mediası və televiziyalar insanların bu və ya digər məsələyə marağını birləşdirməyə, yönəltməyə çalışmalıdır. Nə təbliğ edilir o verilişlərlə?!. Həmin verilişlərə baxdıqdan sonra insanların bir-birinə necə yadlaşdığını, jurnalistikaya nifrət etdiklərinin şahidi oluruq. “Bu nə jurnalistikadır?!” deyə əsəbiləşirlər, narazı qalırlar. Bu gün efirlərimizdə Azərbaycan xanımı, Azərbaycan bəyi biabırçı bir formada təqdim edilir. Bu biabırçılığa son qoyulmalıdır. Problemləri yenə qaldır, dilə gətir, amma insanları təhqir edərək, alçaldaraq, əxlaqi dəyərlərimizi ayaq altına ataraq yox.
Geri qayıt |