Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakını anti-ABŞ blokuna qoşmaq riski
Bakını anti-ABŞ blokuna qoşmaq riskiBu gün, 09:04 |
BRİKS-in Braziliyada keçirilən son sammitində Rusiya Prezidenti Vladimir Putin mühüm açıqlamalarla çıxış edib. Kreml lideri bildirib ki, BRİKS ölkələrinin ümumi iqtisadi potensialı artıq Qərbin G7 formatını əhəmiyyətli dərəcədə üstələyir. 2025-ci il üçün göstəricilərə əsasən, BRİKS-in birgə ÜDM-i G7 ölkələrinin göstəricisindən təxminən 25% çoxdur. Putin vurğulayıb ki, BRİKS daxilində milli valyutalarla hesablaşmalar daim artır və bu, təşkilat daxilində iqtisadi müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, BRİKS-in mövqeyi qlobal Cənub və Şərq ölkələri tərəfindən dəstəklənir və təşkilat bu regionlardan çoxsaylı tərəfdaş qazanıb. Rusiya liderinin sözlərinə görə, dünyada daha ədalətli və çoxtərəfli beynəlxalq münasibətlər sistemi formalaşmaqdadır. Bu sistem artıq “qızıl milyard”ın maraqlarını təmin edən təkqütblü dünyanı əvəzləyir. O əlavə edib ki, “liberal qloballaşma” modeli özünü doğrultmayıb və dövrünü başa vurub. “BRİKS-in ABŞ-a qarşı siyasətini dəstəkləyən ölkələrə Vaşinqton əlavə 10 faiz rüsum tətbiq edəcək”. Bu xəbərdarlığı isə prezident Donald Tramp “Truth Social” hesabında paylaşıb. “BRİKS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkə 10 faiz əlavə rüsumlara məruz qalacaq. Heç bir istisna olmayacaq”, - Ağ Evin rəhbəri yazıb. Əslində Rusiyanın təşkilatı anti-Qərb blokuna çevirmək istəyi yenilik deyil və Trampın xəbərdarlığı da təsadüfi deyil. Ötən ay Moskvada “Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər” mövzusunda keçirilən zirvə görüşündə Rusiya tərəfinin yeni dünya düzəninin yaradılmasında BRİKS-in rolunu xüsusi qabartması diqqət çəkib. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iddiasına görə, “BRİKS-ə marağın artması dünya nizamının çoxqütblülüyünün dəstəklədiyinin bariz nümunəsidir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da BRİKS ölkələrinin tərəfdaşlığını əsas qlobal oyunçular və onların müxtəlif qitələri, mədəniyyətləri və dinləri təmsil edən tərəfdaşları arasında konstruktiv çoxtərəfli qarşılıqlı fəaliyyətin nümunəsi adlandırıb. BRİKS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa, üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur. Yada salaq ki, ötən il Azərbaycan da BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Üzv olmaq istəyən dövlət BRİKS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı” statusunda olur, sonra perspektivli üzv dövləti adını alır. Daha sonra “dəvət olunmuş BRİKS üzv dövlət” statusuna keçir və nəhayət 4-cü mərhələdə BRİKS üzvü olan dövlət olur. Zamanla aydın olur ki, xüsusilə Rusiya BRİKS-i Qərbə qarşı güc kimi istifadə etmək istəyir, Amerika da bu dövlətləri hədələyir. Bu halda Azərbaycan BRİKS-ə üzvlükdən vaz keçə bilərmi? “Düşünmürəm ki, indi sözügedən bloka ehtiyacımız var. Azərbaycan özünü daha çox Türk Dövlətləri Təşkilatında görür”, - “Yeni Müsavat”a danışan siyasi ekspert Züriyə Qarayeva belə hesab edir. Onun fikrincə, geosiyasi nizamın yenidən qurulması prosesi gedir və yeni qütblər meydana gəlir, ona görə də BRİKS Azərbaycan üçün hazırda aktuallıq kəsb etməyə bilər. Müsahibimizə görə, adıçəkilən bloka qoşulmaq ölkəmizi mövqe tutan tərəf kimi təqdim edir, amma reallıqda belə deyil: “Çünki orada Türkiyə ilə birlikdə təmsilçilik niyyəti ortaya qoyulmuşdu. Hazırda Ankaranın üzvlüyü ilə bağlı da hər hansı qərar yoxdur. Deməli, özü də məsələni gündəmdən çıxarmaqda maraqlı görünüb. Eyni sözləri Azərbaycanla bağlı da söyləmək mümkündür”. Onun fikrincə, son aylar Moskva ilə baş verənlər, regionda geosiyasi dəyişikliklər ölkəmizin BRİKS-də iştirakını hələlik arxa plana keçirir: “Hərçənd üzvlüyün qəbul edilməsi Azərbaycanın anti-ABŞ blokuna qoşulması sayılmayacaq. Bu, iqtisadi cəhətdən əməkdaşlıq platformasıdır. Lakin Trampın son qərarı - yəni rüsum tətbiq olunacağı işi çətinləşdirir. Çünki Azərbaycan ABŞ-la münasibətləri yenidən qurur, Türkiyə isə NATO dövlətidir, onun müttəfiqidir. Belədə isə BRİKS-də iştirak sual altına düşür”. Professor Elxan Mirzəyev isə Azərbaycanın BRİKS-də iştirakı üçün əşhədü ehtiyac görmür: “Üzv ölkələrə baxın - Rusiya, İran, Hindistan... Bu dövlətlərin Azərbaycana münasibəti göz qabağındadır. Düzdür, Çin kimi nəhəng iqtisadi güc, özü də Azərbaycanla strateji memorandum imzalayan dövlət var. Lakin bizim Pekinlə əlaqələrimiz ikilikdə spesifik xarakter daşıyır, logistika sahəsində birgə mühüm işlər görülür. Ərəb dövlətlərindən isə Misir və BƏƏ var, Azərbaycan hər iki tərəflə normal əməkdaşlıq etməyə çalışır. Biz bütün hallarda Türkiyənin mövqeyini gözləməli olacağıq. İndiki məqamda isə Azərbaycanın bu blokda iştirakı gözlənilmir. Üstəlik, Trampın sanksiyası altına düşmək lazım deyil. Axı BRİKS-in zərəri xeyrindən çoxdur?!” E.Mirzəyevin fikrincə, Bakı BRİKS-ə üzv olmaq istəyən dövrdə Rusiya ilə əlaqələr indiki kimi deyildi: “Sözsüz ki, xarici siyasət və müxtəlif təşkilatlarda olmaq cari məsələlərlə bağlı olmamalıdır. Bu, strategiyadır və uzunmüddətli planları əhatə edir. Amma bununla belə, Azərbaycanla Rusiya arasındakı soyuqluq öz təsirini göstərməkdədir. Belə vaxtda Moskvanın olduğu platformada iştirak və Trampın təzyiqlərinə tuş gəlmək yersiz olardı. Ona görə də üzvlük məsələsinin hələlik gündəmdən çıxdığını hesab edirəm. Hətta bu mövzuya uzun müddət qayıdılmaya bilər. Sadəcə, niyyətimiz BRİKS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etmək ola bilər”. Qeyd edək ki, BRİKS, dünya əhalisinin 40%-ni (3.6 milyard), planetin 40 milyon kv kilometrini, qlobal iqtisadiyyatın isə 30%-ni əhatə etməkdədir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir. Yeri gəlmişkən, BRİKS-in 3 üzvü Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük paya sahib 7 ölkədən (Rusiya 8,9%, Çin 7,3%, Hindistan 3,1%) biridir. Geri qayıt |