Əsas Səhifə > Ana xəbər / Güney Press > Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz

Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz


Bu gün, 06:11

Tanınmış jurnalist Ramilə Qurbanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını sərt tənqid edib.

Editor.az xəbər verir ki, o sosial şəbəkədə paylaşdığı statusda qurumun fəaliyyətini, üzvlərlə davranış tərzini və elektron qeydiyyat prosesində baş verən ədalətsizlikləri kəskin şəkildə pisləyib.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, illərdir ailəlikcə iş yerlərimizdən sizə üzvük. Heç bir xidmətinizdən istifadə etməmişik. Bu il elektron qeydiyyatdır dedik, istədiyimiz yeri seçə bilərik, amma bu halda da saxtakarlığınızdan qalmadınız. Camaatı ələ salmısınız? Hansı haqla, hansı hüquqla, hansı insanlıqla? Bu necə yanaşmadır?” – deyə Ramilə Qurbanlı qeyd edib.

Jurnalist həmçinin iddia edir ki, sistemdə yalnız “istədikləri” şəxslərin qeydiyyatı təsdiqlənir, digərlərinin müraciətlərinə isə heç bir reaksiya verilmir:

“İstədiyinizin qeydiyyatını zəng, tapşırıq əsasında təsdiqləyir, digərlərinə isə heç reaksiya belə vermirsiniz. Başqalarının sizə ödədikləri konfet kağızıdır, yoxsa tut yarpağı? Telefonlara, mesajlara cavab vermirsiniz.”

O, baş verənlərə görə Konfederasiyanın nüfuzunun ciddi zərbə aldığını və gələcəkdə üzvlərin sayında kəskin azalma olacağını da bildirib:

“Bu gedişlə gələn ilə üzvlərinizin sayı əsaslı surətdə azalacaq, yalnız tapşırıqla istirahətə göndərdiyiniz qohum-əqrabanız qalacaq, o da sizə sərf etməz!”

Ramilə Qurbanlı tənqidlərini sarkazm dolu ifadə ilə yekunlaşdırıb:

“Adınızı da dəyişib Azərbaycan Qohum-Əqraba İttifaqları Konfederasiyası qoyarsınız, lütfən.”


Geri qayıt