“Rusiya imperiya ambissiyalarını dirçəldib, keçmiş sovet məkanına yaymağa çalışır. Bir müddət əvvəl Rusiyanın Qazaxıstanla problemi yaranmışdı, indi də Azərbaycana təzyiq göstərməyə çalışır. Məsələn, Azərbaycan dövlətinə məxsus olan sərnişin təyyarəsini vurur və buna görə üzr istəmir, eyni zamanda, Yekaterinburqda Rusiya vətəndaşı olan mənşəcə azərbaycanlılara faktiki olaraq feodal qaydalarla hücumlar edir. Azərbaycana münasibətdə özünü qolu zorlu, yekəxana aparır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında sabiq dövlət müşaviri, professor Qabil Hüseynli bildirib.
“Əslində, Rusiyanın elə bir gücü yoxdur ki, ölkələri sovet adı altında yenidən bir yerə yığsın, amma niyyətləri və istəkləri var. Aydındır ki, Rusiya imperiyadır, hər yerdə əlaltıları var və ehtiyac yarandıqda, onların köməyindən istifadə edə bilər”,- deyən Q. Hüseynli əlavə edib ki, Azərbaycanın güclü müttəfiqləri var və ehtiyac yaranarsa, Türkiyə də məsələyə qarışar: “Beləcə, Rusiyanın anti-Azərbaycan niyyətləri cilovlana bilər. İndi Rusiya başını itirmiş ayı kimi davranır. Amma hər şeyin əndazəsi olduğu kimi, ölkələrarası münasibətlərdə də bir əndazə var. Rusiya bir çox hallarda buna diqqət etmir. Diqqət etməyib, anoloji münasibətlə üzləşdikdə isə qıcıqlanır”.
Qabil Hüseynlinin fikrincə, iyunun 19-da Ermənistan baş naziri Nikol Paşinyanın Ankaraya getməsi, bir gün sonra Azərbaycan prezidenti İlham Əliyevin qardaş ölkəyə səfər etməsi mümkündür ki, Moskvada ciddi narahatlıq yaradıb, çünki Kreml belə məsələlərin onun iştirakı olmadan müzakirə edilməsini istəmir: “Paşinyanın Ankara səfərindən sonra Ermənistandakı Rusiyaya bağlı media baş nazirə hücumlar etdi, Türkiyə əleyhinə yazılar verildi və s. Ardınca Rusiyadakı azərbaycanlılara hücum təşkil olundu. Mümkündür ki, bütün bu məsələlər bir-birilə əlaqəlidir. Sadəcə, məsələnin maraqlı tərəfi odur ki, belə addımlarla Rusiya macarə axtarır. Daha doğrusu, belə davranışlarla insanların gözünü qorxutmağa çalışır. Amma Rusiyanın bu fəaliyyətinin nə məntiqi var, nə də nəticəsi olacaq”.
Geri qayıt
|