Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın altından bir stul çəkilməlidir

Paşinyanın altından bir stul çəkilməlidir


Dünən, 08:48

“Rusiya Ermənistana məktub hazırlayır, məktubda onun Avropa İttifaqı ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətləri qeyd edir”. Bunu TASS-ın sualını cavablandıran Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bu hərəkətlər, fikrimizcə, Avrasiya İqtisadi İttifaqının normalarına ziddir”, - Overçuk bildirib.

“...Biz müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacağıq”, - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya Federasiyası “Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması çərçivəsində baş verən prosesləri izləyir”.

“Əgər ölkə rəhbərliyi Avrasiya İqtisadi İttifaqının Avrasiya qonşularından və müttəfiqlərindən üz döndərmək qərarına gəlsə, bu, çətin ki, Ermənistan xalqına xeyir versin”. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hədə ritorikasında deyib. “Biz Ermənistanın hakim dairələrinə heç bir təzyiq göstərmirik, bütün bu məsələlərdə aydınlıq gözləyəcəyik, amma hamımız başa düşürük ki, Ermənistan müttəfiqlərindən, ən yaxın tərəfdaşlarından, qonşularından üz döndərsə, erməni xalqına çətin ki, xeyri olacaq”, - nazir deyib.

Rusiya rəsmilərinin bu ardıcıl açıqlamaları isə təbii ki, təsadüfi deyildi. Çünki iyunun 30-da Aİ-nin xarici işlər üzrə ali komissarı Kaya Kallas İrəvana gəlib.

“Aİ və Ermənistan görünməmiş yaxınlaşma səviyyəsinə çatıb”- Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib. “Bu gün biz Ermənistan-Aİ arasında təhlükəsizlik və müdafiə üzrə birgə məsləhətləşmələrə başladıq”, - deyə o bildirib.

Onu da deyək ki, iyulun 7-9-da Brüsseldə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Komitəsinin iclasının keçiriləcəyi elan olunub. Nümayəndə heyətinə Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan başçılıq edəcək. Rusiya mediasının məlumatlarına görə, əsas gözlənti Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılmasıdır. Brüssel belə siqnallar verməkdə davam edir. Rusiyalı politoloqlara görə, Nikol Paşinyan 2026-cı ildə Avropa İttifaqı ilə gələcək yaxınlaşmanı istəyən seçicilərin böyük hissəsini səfərbər edəcəyinə güvənir.

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Praqada keçirilən “Globsec-2025" forumunda deyib ki, Aİ standartlarına mümkün qədər cavab vermək üçün demokratik islahatları davam etdirə bilər. Paşinyan Ermənistanın belə qərar qəbul edəcəyini, lakin bunun Ermənistan vətəndaşları tərəfindən, təbii ki, hökumətin və parlamentin rəhbərliyi altında qəbul edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Aİİ-dən nəzəri çıxması ilə bağlı söhbətlər Ermənistan parlamentinin 2025-ci il martın 26-da ikinci və yekun oxunuşda ölkənin Avropa İttifaqına üzv olmaq niyyəti ilə bağlı qanun layihəsini qəbul etdikdən sonra yenidən gündəmə gəlib. Paşinyan izah edib ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır. Daha sonra o bildirib ki, Ermənistan Aİİ-də özünü “yaxşı hiss edir”.

Amma belə görünür ki, İrəvana Aİİ və Aİ arasında seçim üçün təzyiqlər artmaqdadır. Ermənistanın altından bir stul mütləq çəkilməlidir. Amma hansı? İrəvan dilemma qarşısında trayektoriyasını müəyyən edibmi? Erməni xalqının qərarı nə ola bilər?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan bu prosesi mərhələli şəkildə inkişaf etdirəcək. Onun fikrincə, Paşinyan hakimiyyətdə qalmağı bacararsa, Aİ yolunda irəliləyiş mümkündür. Bununla yanaşı, Q.Hüseynli Ermənistanla Avrasiya İqtisadi Birliyi arasında ticarət dövriyyəsinin yüksək olduğunu xatırladır və indiki məqamda təşkilatdan çıxmağı tələskənlik sayır: “Rusiya İrəvanı ikitərəfli sıxışdırır. Ondan həm KTMT, həm Aİİ ilə bağlı qərar verməyi tələb edir. Bu da Rusiyanın öz çırpıntılarından xəbər verir. Moskva demək istəyir ki, ya mənimləsən, ya da qarşımda...”

Professora görə, Ermənistan hələlik Aİİ-ni tərk etmək fikrində görünmür: “Əmin olanda ki, Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş fürsəti qazanacaq, Gürcüstan kimi namizədlik statusu əldə edəcək, onda prosesi sürətləndirəcək. Əgər Paşinyan 2026-cı il seçkilərində məğlub olmasa, yaxud sui-qəsdlə aradan götürülməsə, Avropa İttifaqına inteqrasiya xəttini gücləndirəcək. İndi bu addımı atmağa tələsmir, çünki siyasi-iqtisadi intihar olardı. Ermənistan iqtisadiyyatı hələ də Rusiyadan və Avrasiya İqtisadi İttifaqından asılıdır. Şimal qonşumuz da bunu bildiyi üçün İrəvandan seçim tələb edir. Rusiya anlayır ki, Paşinyan asılılıq minimuma enəndə gec-tez Brüssellə yaxınlaşmaya üstünlük verəcək. Nəzərə alaq ki, hazırda Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə xeyli azdır”.

Q.Hüseynli regionda Rusiyanın təsirlərinin azalmasının tərəfdarıdır: “Biz Kremlin Cənubi Qafqazda ara qarışdırmaq, münaqişə yaratmaq cəhdlərini aydın görə bilirik. Bu da onun bölgədə qalmaq üçün yeganə təsir mexanizmidir. Ancaq Rusiya əvvəlki deyil və strateji cəhətdən mövqeyi sarsılıb, odur ki, diktə edə bilmir. Hazırda ABŞ, Avropa İttifaqı, Türkiyə, hətta Çin Cənubi Qafqazda mövcuddur. Yəni Rusiya bölgədə dominant deyil. Bu nöqteyi-nəzərdən Rusiya Azərbaycana, Ermənistana təzyiqləri artırır ki, regionda təsir imkanlarını saxlasın”.

Politoloqun fikrincə, Ermənistan hələlik Avrasiya İqtisadi Birliyini tərk etmir, Rusiyaya sanksiyalardan yayınmaqda kömək göstərir: “Ermənistan Ukrayna müharibəsində Rusiyaya bənzəri olmayan bir "qardaş" xidməti göstərir. Rusiya öz hərbi sənayesi üçün zəruri olan bu məhsulların köməyi ilə istehsal etdiyi silahlarla Qərbin milyardlarla dollar həcmində maliyyə və hərbi yardımlar göstərdiyi Ukraynanın başına od yağdırır".

Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,6 milyard dollar, bəzi rəqəmlərdə 16 milyard göstərilir, Aİİ ilə isə təxminən 12 milyard dollar civarındadır. Ümumiyyətlə, 2024-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 30 milyard dollar təşkil edib. Bunun da 12,4 milyard dolları və ya ümumi həcmin 41 faizi Rusiyanın, 12,7 faizi Avrasiya İqtisadi Birliyinin (AİB) payına düşüb, Ermənistanın ticarət dövriyyəsinin yalnız 2,3 milyard dolları bütün Avropanın payına düşüb. Göründüyü kimi, Ermənistanın Rusiya və AİB ilə ticarət 16,8 milyard dollar, Aİ ilə isə 2,3 milyard dollar təşkil edir.


Geri qayıt