Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın məğlubiyyət sindromu: Tehranın avantürası Bakıya sıçraya bilərmi?

İranın məğlubiyyət sindromu: Tehranın avantürası Bakıya sıçraya bilərmi?


Bu gün, 06:43

İsrail və ABŞ-ın İranın hərbi infrastrukturuna endirdiyi kifayət qədər ciddi zərbələrdən sonra Tehranın öz qonşuları arasında əlavə nüfuz qazandığını demək çətindir. Əgər əvvəllər qonşularının çoxu Tehranda real hakimiyyətin kifayət qədər qeyri-adekvat islamçıların əlində olduğunu nəzərə alaraq, müxtəlif məsələlərlə bağlı İranla açıq qarşıdurmaya getməkdən çəkinirdilərsə, indi bu vəziyyətin dəyişəcəyi istisna deyil.

Maraqlıdır, bu, İranı əhatə edən müxtəlif dövlətlərin, o cümlədən Azərbaycanın və Türkiyənin davranışında özünü necə göstərəcək? Başqa sözlə, İranın regiondakı hərbi mövqeyinin zəifləməsi hansı formada üzə çıxacaq?

Tanınmış politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında yaranmış vəziyyətə münasibət bildirib.

Onun fikrincə, 12 günlük müharibə faktiki olaraq bütün iştirakçılar üçün sınaq oldu. “Və hər tərəfin özünü qalib elan etməsinə baxmayaraq, məncə, bu müharibədə heç kim qalib gəlmədi. Hər tərəf öz miqyasında itkilər verdi. Eyni zamanda məlum oldu ki, hər kəsin ciddi səhvləri var.

İran göstərdi ki, əslində, tamamilə təşkilatsız bir ölkədir. Bu dövlətin heç bir təhlükəsizlik zəmanəti yoxdur, hətta daxili təhlükəsizlik də yox dərəcəsindədir. Əgər xarici kəşfiyyat bu ölkədə belə rahat fəaliyyət göstərə bilirsə, bundan sonra danışmağa artıq ehtiyac qalmır.

İsrailin toxunulmazlığı ilə bağlı yaradılmış mif də dağıldı. İsrail son 50 ildə ilk dəfə olaraq öz ərazisinə və o cümlədən strateji obyektlərinə ciddi raket zərbələri aldı – bunu nə qədər gizlətməyə çalışsalar da, faktdır.

ABŞ isə bütün dünyaya göstərdi ki, o, birincisi, münaqişələrin qarşısını almaq iqtidarında deyil. Mən guya onların məhz bunu istədiyi ilə bağlı konspiroloji versiyalara inanmıram. Düşünmürəm ki, Vaşinqton bunu arzulayırdı. Hətta ABŞ mediasında və amerikalı analitiklərin dilində bu situasiya bizdəkindən tamamilə fərqli təqdim olunur. ABŞ-da hesab edirlər ki, Netanyahunun rejimi Amerikanı faktiki olaraq bu münaqişəyə sürüklədi. Amerikalılar isə mümkün qədər buna cəlb olunmamaq istəyirdilər.

Bir daha deyirəm, bu müharibənin bütün tərəfləri uduzdu və zaman keçdikcə bu savaşın həm hərbi, həm hərbi-siyasi, həm də daxili təhlükəsizlik sahəsindəki çatışmazlıqları hamının gözünə çarpacaq və geniş müzakirə mövzusuna çevriləcək. Bütün mənzərə bundan ibarətdir”, – tədqiqatçı öz müşahidələrini bölüşüb.

Oruclu hesab edir ki, indi tərəflərin hamısına heç olmasa kiçik də olsa, qətiyyətli qələbə lazımdır. “Onlar bu dəfə hansısa eskalasiyaya elə başlamalıdırlar ki, onun mütləq öz xeyirlərinə bitəcəyinə əmin olsunlar. İran da eyni cür düşünür.

İranın İRNA dövlət informasiya agentliyi xəbər yayıb ki, guya prezident Pezeşkian Azərbaycan ərazisindən qalxan İsrail PUA-larının İrana zərbələr endirməsi məsələsi ilə bağlı İlham Əliyevdən izahat tələb edib. Təbii ki, bu, fantaziya səviyyəsində olan bir məsələdir. Amma bununla yanaşı, biz çox ehtiyatlı olmalıyıq. Çünki bir daha deyirəm, bu 12 gün ərzində baş verənlərin real mənzərəsi cəmiyyətə bəlli olduqca, bütün tərəflər, o cümlədən İran, özünü təmizə çıxarmağa çalışacaq.

Hazırda İran yeni bir eskalasiyaya can atır ki, daxili sabitliyini qoruya bilsin. Çünki İranda daxili qeyri-sabitlik ehtimalı çox yüksəkdir. Yeri gəlmişkən, eyni şey İsrailə də lazımdır. Bu, tam aydındır. Belə bir şəraitdə İranın qonşuları ondan artıq əvvəlki qədər çəkinmirlər. Lakin bununla belə, İran, xüsusən də Ermənistanda baş verən hadisələr fonunda, regionda, o cümlədən Cənubi Qafqazda kifayət qədər problem yarada biləcək bir ölkədir.

Bu gün İsrail üçün də önəmlidir ki, İran hansısa eskalasiyaya getsin. Amma bu, birbaşa İsrailə yox, başqa ölkələr, məsələn, bizə qarşı ola bilər. Çünki bu, ilk növbədə, Türkiyəni də bu məsələyə cəlb edəcək və İsrail bütün dünyaya elan edəcək ki, baxın, İran təkcə bizə deyil, bütün qonşularına qarşı da təcavüzkardır.

Amma Azərbaycan buna heç bir əsas verməməlidir. Bizə, İran zəifləyib və artıq onunla fərqli davranmaq olar kimi düşüncə lazım deyil. Bu həqiqətdir, ya yox – başqa məsələdir. Amma bu gün bizə heç bir münaqişəyə qoşulmaq gərək deyil.

Əslində, İran doğrudan da zəifləyib – bu, aydındır. Həm hərbi, həm də hərbi-siyasi baxımdan. İndiyədək formalaşdırılmış “İranın məğlubedilməzliyi” və ya “İranın nəhəng, dağıdıcı hərbi potensialı” mifləri artıq dağılıb”, – deyə Oruclu fikrini yekunlaşdırıb.


Geri qayıt