Əsas Səhifə > Ana xəbər / Güney Press > Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ...

Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ...


Bu gün, 11:54

İranın rəsmi informasiya agentliyi İRNA-nın iddiasına görə, Prezident Məsud Pezeşkiyan Azərbaycanlı həmkarı İlham Əliyevlə dünənki telefon söhbətində “Azərbaycan hava məkanından İrana qarşı həyata keçirildiyi iddia edilən dron hücumları” ilə bağlı söyləntiləri də müzakirə edib. “Azərbaycan prezidenti Əliyev isə heç bir şəkildə ölkəsinin hava məkanından İrana qarşı istifadəyə icazə verilmədiyini” həmsöhbətinin diqqətinə çatdırıb.
Azərbaycan prezidentinin rəsmi saytına baxdım. Pezeşkiyanın bu barədə hər hansı irad və şübhələrini ifadə etməsi bizim rəsmi məlumatımızda yer almamışdı. Sadəcə vurğulanmışdı ki, “Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib”.
Prezident İlham Əliyev Azərbaycanın müharibə ilə bağlı narahatlığını bird aha ifadə etmək ehtiyacı hiss edibsə, mümkündür ki, İran lideri həqiqətən də ona belə bir söz deyib. Ölkəmizin başçısı isə rəsmi mövqeyimizi təkrarlamalı olub. Bu polemikanın rəsmi açıqlamada yer almaması ondan qaynaqlana bilər ki, Azərbaycan tərəfi bu absurd iddianı xəbərləşdirəcək qədər önəmli olmadığını düşünüb. Axı əhəmiyyətsiz sözləri qələmə almaq belə, adama bəzən əbəs kimi görünür.
Düşünürəm ki, Prezident İlham Əliyev həmkarı ilə söhbətində diplomatik nəzakət qaydalarını nəzərə aldığından tərəf müqabilinin üstünə çox getməyib. Zira kim onun yerinə olsa deyərdi: Cənab Pezeşkiyan əfəndi, İsrailin İrana dron göndərməsi üçün Azərbaycan ərazisindən istifadə etməsinə nə ehtiyacı vardı? Axı özünüz deyirsiniz ki, MOSSAD İranda istifadə edəcəyi dronları hazırlamaq üçün ölkənizin müxtəlif ərazilərində əməlli-başlı zavodlar yaradıbmış. Son əməliyyatlarda istifadə olunan dronlar məhz bu zavodlarda hazırlanıb və yenə yerli MOSSAD agentləri tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə göndərilib. İranın içində bu qədər rahat hərəkət etməyə qabil olan kəşfiyyat idarəsi niyə ölkədən kənarda hansısa fəaliyyətlə məşğul olsun. Və bunun üçün əlavə xərclər çəksin, digər dövlətlərin etirazı ilə qarşılaşsın. Yaxşı olar ki, siz öz düşməninizi özgə yerlərdə yox, paytaxtınız Tehranda axtarın.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt