Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası:
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası:Bu gün, 13:01 |
Politoloq Şahin Cəfərli Teleqraf-a Ermənistan tərəfindən yenidən gündəmə gətirilən “Sülh kəsişməsi” iddiasına aid mövzulardan danışıb. Onunla müsahibəni təqdim edirik: - Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə qarşı irəli sürdüyü “Sülh kəsişməsi” iddiasını yenidən gündəmə gətirib. Bu layihə nədən ibarətdir və digər kommunikasiya xəttləri üçün nə dərəcədə effektiv iddiaya malikdir? - Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizinə olan baxışlarında prinsipial fərqlər var. Rəsmi Bakının indiyə qədər ortaya qoyduğu mövqe ondan ibarətdir ki, Azərbaycan Zəngəzur dəhlizindən maneəsiz və qeyri-məhdud şəkildə istifadə edə bilsin. Bu, Azərbaycandan gedən yük və sərnişin avtomobillərinin heç bir yoxlanışdan keçmədən birbaşa Naxçıvana qədər gedib-gəlməsi anlayışını nəzərdə tutur. Amma Ermənistan Zəngəzuru öz ərazisi hesab etdiyi üçün burada açılan nəqliyyat-kommunikasiya xəttlərinin suverenlik prinsipinə əsasən fəaliyyətini önə çəkir. Rəsmi İrəvan bildirir ki, onlar Zəngəzur dəhlizində sərhəd, gömrük sistemlərini quracaq və oradan keçən bütün nəqliyyat vasitələri ancaq yoxlanışdan keçdikdən sonra hərəkət edə bilərlər. Dəhliz məntiqinə, anlayışına yanaşmada əsas prinsipal fərq məhz bundan ibarətdir. Bu mövqelər də hələ ki, davam edir. Paşinyanın da irəli sürdüyü “Sülh kəsişməsi” iddiasında bu amillər nəzərdə tutulur. Bölgədən, o cümlədən Azərbaycan ərazisindən keçən kommunikasiya xəttləri hansı hüquqi rejimdə fəaliyyət göstərəcəksə, rəsmi İrəvan Ermənistanda da eyni qaydaların olmasını istəyir. - Türkiyəyə səfəri çərçivəsində Paşinyanın bu iddianı Prezident Rəcəb Tayyib Ərdoğana da təqdim etdiyi deyilir. Ankaranın buna cavabı nə olacaq? - İndiyə qədər Türkiyənin də ritorikasında Zəngəzur dəhlizi anlayışı eşidilməkdədir. Amma bu məsələdə onların mövqeyi tam aydın deyil. Yəni, Türkiyənin Zəngəzur dəhlizi məsələsinə eyni ilə Azərbaycan kimi baxıb-baxmadığı aydınlaşmayıb. Onlar da bu yolu Azərbaycan kimi dəhliz statusunda görmək istəyirlər, yoxsa sadəcə olaraq bu xəttin açılmasını istəyirlər? Bu detal hələ ki, Türkiyə rəhbərliyi tərəfindən tam açıqlanmayıb. Amma Türkiyə siyasi rəhbərliyi və dövləti günü bu gün Ermənistanla əlaqələr yaratmağa, o cümlədən sərhədləri açmağa hazırdır. Onlar düşünürlər ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə sülh və əməkdaşlığının önündə ciddi əngəllər qalmayıb. Sadəcə, Türkiyə bu məsələdə yenə də Azərbaycanın mövqeyini nəzərə alır. Azərbaycanla münasibətlərdə hər hansı soyuqluğun yaranmaması üçün hələ ki Ermənistanla sərhədləri açmır. - Ermənistan hökuməti iddia edir ki, bu layihə Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvanla birləşdirəcək Mehri dəmir yolunun bərpa edilməsi ilə reallaşacaq. Bu iddiaya qarşı Azərbaycan tərəfindən yanaşma isə birmənalıdır. Prezident İlham Əliyev bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur” – deyə bəyan etmişdi. Bu halda Azərbaycanın iştirakı olmadan rəsmi İrəvan bu iddianı necə reallaşdıra bilər? - Təbii ki, Azərbaycanın iştirakı olmadan və razılıq vermədən bölgədə bütün nəqliyyat kommunikasiyaların açılması, işləməsi mümkün deyil. Burada qarşılıqlı razılaşmalar tələb olunur. Azərbaycan və Ermənistan ikisi razılığa gəlmədən bu kommunikasiyaların açılması ehtimal edilmir. - Ermənistan ərazisindən keçən Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa, ən səmərəli dəmir yolu, həmçinin avtomobil marşrutu kimi təqdim edilən “Sülh kəsişməsi” iddiasına region dövlətlərinin reaksiyası nədən ibarətdir? - Nəqliyyat kommunikasiya xəttlərinin əhəmiyyətini çox da böyütməyə ehtiyac yoxdur. Bölgə çox kiçikdir. Regiondakı nəqliyyat imkanları və buraxıcılıq qabiliyyətlərinin nə qədər yüksək ola biləcəyi amili var. Misal olaraq, Çin bu regiondakı kommunikasiya xəttlərindən nə qədər yük göndərəcəyi məlum deyil. Sadəcə, Pekinin Avropaya ixracında bu region digər marşrutlardan biri olacaq. Amma əsas marşrut bura deyil. Burada mövcud və gələcəkdə inşa ediləcək dəmir yollarının fiziki imkanları nə qədərdir ki? Ona görə də bu məsələlərlə bağlı çox ciddi suallar var. Təbii ki, bölgədəki nəqliyyat xəttlərinin açılması, işləməsi önəmlidir. İlk növbədə, bu bölgə dövlətləri və regionda yaşayan insanlar üçün tarixi mərhələnin başlanğıcı olacaq. Geri qayıt |