Əsas Səhifə > Ana xəbər / Güney Press > Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladıBu gün, 06:16 |
Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə son səfəri regional siyasətdə diqqətlə izlənilən hadisələrdən birinə çevrilib. İki ölkə arasında uzun illərdir davam edən gərgin münasibətlər fonunda bu səfər ilk baxışda barış və normallaşma mesajı kimi təqdim olunsa da, əslində, onun arxasında daha geniş geosiyasi məqsədlər və hesablama dayanır. Paşinyan rəhbərliyinin Türkiyə ilə əlaqələri normallaşdırmaq təşəbbüsü yalnız iqtisadi-siyasi izolyasiyadan çıxmaq deyil, həm də Ermənistanın regionda dəyişən qüvvələr nisbətində mövqeyini qoruyub saxlamaq cəhdidir. Lakin bu prosesin özünəməxsus şərtləri və keçilməli olan ciddi mərhələləri var – ən başlıcası isə Azərbaycanla sülh sazişinə imza atılmasıdır.
Siyasi ekspert Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regionun gələcək nizamlanması və geosiyasi dinamikası kontekstində mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər:
“Bu səfər bir tərəfdən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan addım kimi təqdim edilsə də, əslində, rəsmi İrəvanın konkret siyasi, iqtisadi və geostrateji hədəflərinə yönəlmiş məqsədli təşəbbüs kimi çıxış edir.
Paşinyan hökuməti bu səfərlə aşağıdakı başlıca məqsədlərə çatmağa çalışır. Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyə ilə münasibətlər qurmaq – Ermənistan tərəfi Türkiyə ilə münasibətləri Bakının maraqlarından kənar və ona təsirsiz şəkildə inkişaf etdirməyə çalışır. Bu isə həm regiondakı real güc balansına, həm də Bakı-Ankara tandeminin vahid mövqeyinə ziddir.
Ermənistanın əsas tələbi və ümidi sərhədlərin mümkün qədər tez, hər hansı ön şərt olmadan açılmasıdır. Bu, ölkənin iqtisadi təcrid vəziyyətindən çıxması üçün həyati əhəmiyyət daşıyır.
Ermənistan “sülhün kəsişməsi” adlandırılan layihəni önə çəkməklə Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərdən yayınmağa və regional kommunikasiyanın açılmasında alternativ yanaşma formalaşdırmağa çalışır”.
Ekspertin fikrincə, Paşinyanın səfəri yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də regionda formalaşan yeni reallıqlarla bağlıdır:
“Ukrayna ətrafında başlanan yeni diplomatik proseslər fonunda Moskvanın regionda yenidən aktivləşməsi gözləniləndir. Bu aktivlik ilk növbədə Ermənistan üzərindən həyata keçirilə bilər. Paşinyan isə Rusiya təsirindən çıxmaq və manevr imkanlarını genişləndirmək üçün Türkiyə ilə yaxınlaşmanı bir vasitə kimi görür. İqtisadi əməkdaşlıq və sərhədlərin açılması ona Moskva qarşısında daha müstəqil davranmaq imkanı verə bilər. Ermənistan üçün strateji müttəfiqlərdən sayılan İranın regionda təsir imkanlarının azalması İrəvanı təklənmiş vəziyyətə salır. İran faktiki olaraq Cənubi Qafqazdakı bir çox proseslərdə passiv rola keçib və bu, Ermənistanın digər alternativ güclərlə yaxınlaşmaq cəhdlərini şərtləndirir. Türkiyə bu boşluğu doldura biləcək əsas aktor kimi görünür”.
A. Nərimanlı həmçinin qeyd edib ki, Ərdoğan-Paşinyan görüşü bir gün əvvəl Prezident İlham Əliyevlə baş tutmuş təmasdan dərhal sonra keçirilib ki, bu da simvolik məna daşıyır: “Türkiyə açıq şəkildə Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycan-Ermənistan sülh prosesindən ayırmır və bu baxımdan Paşinyana Ankara-Bakı gündəliyini təqdim edir. Ərdoğan-Paşinyan görüşündə sülh prosesinin müzakirə edilməsi də bu kontekstdə təsadüfi deyil. Ermənistan üçün Türkiyə heç vaxt bu qədər əhəmiyyətli və strateji oyunçu olmamışdı. Paşinyan bu reallığı qəbul edərək, həm iqtisadi, həm də siyasi dalandan çıxmaq üçün Ankara ilə münasibətləri önə çəkməyə çalışır. Lakin bu yolun sonunda açılacaq qapı dəyişməz olaraq qalır: Ermənistan, Türkiyə ilə real və davamlı münasibətlər qurmaq, sərhədlərin açılmasına nail olmaq üçün Azərbaycanla sülh sazişini imzalamağa məcburdur. Beləliklə, Paşinyanın səfəri Ermənistanın regional siyasətdə yeni prioritetləri müəyyən etməyə çalışdığını göstərir. Lakin bu istiqamətdə uğur qazanmaq üçün İrəvan əvvəlcə regionun əsas güc mərkəzlərindən biri olan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır. Əks halda, Ermənistanın istəkləri siyasi deklarasiyadan kənara çıxmayacaq”.
Geri qayıt |