Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb
Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülübBu gün, 08:30 |
Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın vəzifəsindən istefası Ermənistan hakimiyyətinin İrana tranzit uçuşları ilə bağlı məxfi məlumatları ABŞ kəşfiyyat xidmətlərinə ötürməsi, həmçinin İsrailin maraqları naminə ölkənin cənubunda casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı dərc edilən xəbərlərlə eyni vaxta düşüb. “Yeni Müsavat” yazır ki, bu əməliyyatlarda Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının iştirak etməsi xəbəri isə qətiyyən təəccübləndirmədi. Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin daha iki il uzadılması, son dövrlərdə isə onsuz da missiyanın tərkibi və fəaliyyəti ilə bağlı ciddi şübhələr yaranmışdı. Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir. Son aylar şərti sərhəddə yerləşdirilmiş missiya gecə patrullarının sayını da artırmışdı. Aİ missiyasının monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatları topladığı haqda dəfələrlə ən müxtəlif səviyyələrdə açıqlamalar verilib. Ən son olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu məsələyə toxunub. İsrailin İranda həyata keçirdiyi əməliyyatdan iki gün əvvəl - iyunun 11-də XİN sözçüsü bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıyıq. Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur: “Onlar Ermənistana qonşu ölkələr barədə casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə heç bir yardım etmirlər. O ki qaldı Ermənistanda dislokasiya olunmuş Rusiya hərbi bazasına, İrəvandan onun mümkün çıxarılması barədə heç bir siqnal almamışıq. Ölkənin rəsmi şəxsləri bu barədə publik danışıblar ki, belə məsələlər gündəlikdə dayanmır. İrəvanda anlayırlar ki, Rusiya hərbi bazası regionda, Ermənistanda və bütün Cənubi Qafqazda vacib təhlükəsizlik elementidir. Ermənistanla Rusiya arasında, eləcə də Azərbaycanla münasibətlərimiz kontekstində bu məsələ heç vaxt qaldırılmayıb”. Göründüyü kimi, rəsmi Moskva da bəyan edir ki, bu missiya qonşu ölkələrə qarşı casusluq edir. Yəni təkcə Azərbaycan deyil, həmçinin Rusiya, İran da var. Bu da nəticəni ortaya qoymaqdadır. Əslində indi daşlar yerinə oturdu. Bəlli oldu ki, Ermənistandakı Aİ missiyası əslində Qərbin göstərişi ilə məxfi məlumatlar toplayıb və ötürüb. Nəhayət, rəsmi Tehran gözünü açıb bilməlidir ki, dostu kimdir, düşməni kim... Onu da demək yerinə düşər ki, Ermənistan-İran sərhədi olduqca qısadır - cəmi qırx kilometr. Amma bu, hər iki tərəf üçün son dərəcə vacibdir. 2025-ci il yanvarın 1-də Karçevan keçid məntəqəsini məhz Milli Təhlükəsizlik Xidmətinin Ermənistan sərhəd qoşunları qoruyur. ABŞ-ın ikinci ən böyük səfirliyi Ermənistandadır. Səfirlik 9 hektar ərazidə yerləşir və onun 2,5 min əməkdaşı var. Bir diplomatik korpusda batalyondan böyük işçi saxlamağın bir adı var - kəşfiyyat fəaliyyəti. İndi Azərbaycanın tam haqqı var ki, Aİ-nin bu missiyasına öz yerini göstərsin. Təbii ki, zamanı gələndə Tehran da bunun sorğu-sualını edəcək. Hərçənd tərəddüdlər var. Yəni İran Ermənistandan Aİ-nin bölgədəki təhlükəli hərəkətləri haqda hesabat istəməyə də bilər. Bu reallıq konkret addımları atmağı zəruri edir. “Ermənistanın bir poliqona çevrildiyi şəkk-şübhə doğurmur. 2018-ci ildən bəri Qərb kəşfiyyatı bu ölkədə təsirlərini gücləndirməkdədir. Əgər bu fakt təsdiqini taparsa, İran rejimi dostunu-qardaşını ayırd etməyi bir daha öyrənməlidir. Azərbaycanı "sionist rejimi onun sərhədlərinə yaxın yerləşdirməkdə" ittiham edən Tehran indi görməlidir ki, qahmar çıxdığı ermənilər ona qarşı hansı xain hərəkətlərə şərait yaradır. Halbuki cənub qonşumuzun rəsmiləri Ermənistanın təhlükəsizliyini İranın “qırmızı xətti” adlandırırdılar". Bu fikirləri “Yeni Müsavat”a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə mövzunu şərh edərkən deyib. Onun sözlərinə görə, ötən il ABŞ-la Ermənistan arasında imzalanmış xartiya da amerikalı sərhədçilərin İranla yaxınlıqda yerləşməsini nəzərdə tutmuşdu, sadəcə, hələlik icra olunmayıb: “Bu sərhəd xidmətinin İranın qulağının dibində yerləşməsi əslində növbəti kəşfiyyat fəaliyyətidir. Ancaq Tramp hakimiyyəti onların gəlişini ertələyib. Yəni İran Ermənistanın mahiyyətini anlamalıdır. Təəssüf ki, bu ifşaedici hallara baxmayaraq, Tehranın İrəvana münasibətinin dəyişəcəyini gözləmirəm. Halbuki Azərbaycandan İranın vurulması üçün platsdarm kimi istifadə olunacağı haqda Arazın o tayından əsassız bəyanatlar eşidilirdi. Hərçənd Azərbaycan dövləti əsla belə xəyanətə yol verməz, xainlik etməz. Amma Ermənistan öz ərazisini İrana və digər qonşularına qarşı kəşfiyyat platsdarmına çevirib. İndi hadisələr elə gətirib ki, İrandakı rejim fakt qarşısında qalıb və Zəngəzur dəhlizi açılmasın deyə qucaqladığı Ermənistan ona arxa çevirib, Qərb kəşfiyyatına anti-Tehran fəaliyyəti üçün meydan verib”. Hüquq müdafiəçisi Aİ missiyasının regiondakı fəaliyyətinin çoxdan faş olduğunu bildirib. Bununla belə, Ç.Qənizadə hesab edir ki, Paşinyanın MTX rəhbərini dəyişməsi təkcə bu hadisələr fonunda baş vermir, erməni iş adamı Karapetyanla da bağlıdır, çünki onun həbsinə sanksiya verməkdən imtina edibmiş. Hərbi ekspert Ramil Məmmədliyə görə, Qərb kəşfiyyatının Ermənistanda “at oynatması” İrana çoxdan məlumdur. Onun fikrincə, buna baxmayaraq, Tehranla İrəvanı birləşdirən bəzi strateji maraqlar ucbatından buna göz yumulub. Hərbi analitikin sözlərinə görə, İranın gələcəkdə Ermənistanla bu mövzuları haqq-hesab edəcəyi istisna olunmur: “İsrail və Qərb kəşfiyyatı daha dərində iş görüb. İranın içində əməliyyat hazırlığı aparıb. Ermənistanın isə burada poliqon olması rol oynaya bilər. Hərgah Avropa İttifaqının bu missiyasının casus şəbəkəsi olduğu dəfələrlə elan edilib. Sadəcə, bu missiyanın oradan evakuasiya edilməsi istiqamətində İrəvana təzyiqlər yetərli deyil. Rusiya bu faktı bilirsə, deməli, İran da məsələdən agahdır. Əfsus ki, regional maraqlar səbəbindən mülki missiyanın işi gözardı edilir. Məncə, son eskalasiya İranın regional siyasətdə tərəfdaşlıq məsələsinə yenidən baxacağı ilə nəticələnəcək”. Hərbi ekspert Aİ missiyasının regiondakı fəaliyyətinə son qoyulması üçün birgə hərəkəti vacib sayır: “Onlar patrul xidmətlərini boş yerə aparmırlar. Bu şəxslər binoklla əraziləri izləyirlər. Xüsusən də fransızların mütəxəssisləri aktivdir. Həmin əldə edilən informasiyalar təkcə Azərbaycanla bağlı olmur, İran haqqında da məlumatlar ötürülür. Ancaq öz içində MOSSAD agenturasından bixəbər olan ölkənin Aİ ilə bağlı laqeydliyi təəccüb doğurmur. Bundan sonra daha ciddi addımlar atılmasına ehtiyac var. Ermənistan kimi cırtdan ölkənin Qərbin kəşfiyyat əməliyyatında meydança olması onu göstərir ki, ciddi təzyiqlər göstərilməlidir”. Geri qayıt |