Əsas Səhifə > Ana xəbər / Güney Press > Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir?
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir?Bu gün, 06:37 |
Biz “kriptovalyuta” sözünü eşidəndə çoxlarının beynində dərhal belə obrazlar canlanır: varlı proqramçılar, sirli rəqəmsal cüzdanlar və nədənsə “heç bir səbəb olmadan” milyonçuya çevrilən adamlar. Bəziləri bu cür varlanmaq arzusuna düşür. Digərləri səssizcə qısqanır. Üçüncülər isə səmimi etiraf edir: “Mən bu işdən heç nə başa düşmürəm, amma artıq üç dəfə “investisiya et” deyib təklif ediblər”. Gəlin məsələni aydınlaşdıraq – həddən artıq ağıllı sözlər və sadəlövhlük olmadan. Çünki bu rəqəmsal parlaqlığın arxasında da əsrlərdir sadəlövh adamları aldadan eyni köhnə sxemlər durur. Sadəcə indi bu fəndlər internetdə və “yüksək texnologiya” adı altında gizlənir. Kriptovalyuta nədir – sadə dillə? Kriptovalyuta – yalnız internetdə mövcud olan rəqəmsal puldur. Nə cibində sikkə var, nə də pulqabında kağız pul. Yalnız kodlar, kompüterlər və “blokçeyn” adlı xüsusi məlumat bazaları. Burada kimə nə qədər pul məxsus olduğu yazılır. Təsəvvür edin ki, sən başqa ölkədəki dostuna pul göndərmək istəyirsən. Bank vasitəsilə gec olur, komissiya ilə və yaxşı halda 3 günə çatacaq. İndi isə təsəvvür et ki, sadəcə telefondan ona vəsait göndərirsən – vasitəçisiz, birbaşa, demək olar ki, anında və çox cüzi xərcə. Kriptovalyutanın məqsədi məhz budur. Bu işin əsasında “blokçeyn” dayanır. Bu, böyük rəqəmsal mühasibat kitabıdır. Kim, nə qədər, hara göndərib – hamısı orada yazılır. Ən önəmlisi isə budur: bu kitab heç bir adamın və ya dövlətin nəzarətində deyil. O, eyni vaxtda dünyanın minlərlə kompüterində saxlanılır. Və buna görə saxtalaşdırmaq, silmək mümkün deyil. Hər şey şəffaf və ədalətlidir. Kriptovalyuta ideyası 2008-ci ildəki maliyyə böhranından sonra yaranıb. O vaxt banklara etibar sarsılmışdı. İnsanlar öz pullarını vasitəçisiz və gizli komissiyasız idarə edə biləcəkləri vasitə istəyirdilər. Çox gözəl səslənir. Bəs tələ nədədir? Əgər hər şey belə ideal olsaydı, indi artıq çörəyimizi və kartofumuzu bitkoinlə alırdıq. Amma hələlik bundan əsasən həvəskarlar, investorlar və təəssüf ki, dələduzlar istifadə edir. Birincisi – kriptovalyutanın qiyməti çox sərt dəyişə bilir. Bu gün on min, sabah yüz min, birigün yenə on min. Sanki təhlükəsizlik kəmərini taxmadan təhlükəli attraksionda dağa çıxırsan. İkincisi – burada öz puluna görə yalnız sən cavabdehsən. Cüzdan parolunu itirdinsə, “şifrəni bərpa et” düyməsi yoxdur. Pul əbədi yoxa çıxır. Elə bil xəzinə tapıb, sonra itirmisən. Və ən narahatedici məqam – kriptovalyuta müxtəlif maliyyə fırıldaqları üçün əla tələ olub. Köhnə fırıldaqlar yeni sima ilə Əvvəllər küçələrdə vərəqələr paylayıb “ayda 30% gəlir” vəd edənlər indi eyni şeyləri internetdə “inovativ startap”, “süni intellekt” və ya “eksklüziv kripto platforma” adı altında edirlər. Vitrini gözəldir: bank saytı kimi səhifə, qrafiklərlə hesabatlar, “uğurlu investor” müsahibələri (çox vaxt freelancer aktyorlar). Sənə investisiya etməyi təklif edir, yüksək gəlir, təhlükəsizlik və bəzən “qarantiya” vəd edirlər. Bəzən ilk ayda hətta bir az qazanc da göndərirlər – sən inanasan, dostlarını da çağırasan deyə. Sonra isə sayt bağlanır, dəstək susur, “kordinator”un nömrəsi isə yoxa çıxır. Nəticədə - nə pul qalır, nə də nüfuz. Dostların da incik. Artıq reputasiyanız da bir qəpiyə dəymir. İnanmaq istəmədiyimiz, amma bilməli olduğumuz hekayələr Hekayət 1: Hər şey gözəl başlamışdı Bir gənc oğlan “kripto investisiya fonduna” 500 dollar qoydu. İlk ay – hər şey əladır: pul gəlir, hesabatlar gəlir, Telegram qrupunda hamı sevinir. O da dostlarını çağırır. Onlar da başqalarını. Üç aydan sonra sayt yoxa çıxır. Qalan – ekran görüntüləri və vicdan əzabı. Hekayət 2: İtirilmiş parol Bir qadın “sadəcə yoxlamaq üçün” bir az “Ethereum” alır. Parolu kağıza yazır, amma evindən köçəndə o kağızı itirir. Bir ildən sonra qiymət 10 dəfə artır. Amma cüzdana giriş yoxdur. Pul var, amma çıxarmaq mümkün deyil. Elə bil bank seyfini açan açar vulkana düşüb. Bəs yaxşı nümunələr də varmı? Var. Əgər ağılla yanaşsan. Məsələn, xaricdə yaşayanlar yaxınlarına pul göndərəndə artıq daha çox kriptovalyutadan istifadə edirlər. Sürətli, ucuz və bürokratiyasız. Bəzi rəssamlar isə öz rəqəmsal əsərlərini NFT şəklində satırşlar. Bəli, bəzən bu qəribə görünə bilər (“internetdəki şəkil min dollara?!”). Amma bu da artıq yeni rəqəmsal mədəniyyətinin bir hissəsidir. Yəni, kriptovalyuta təkcə pul deyil. O, həm də yeni ünsiyyət, yaradıcılıq və biznes formaları üçün texnologiyadır. Kriptovalyuta sadəcə alətdir. Məsələn, çəkic kimi: istifadə qaydası və məqsədindən asılıdır. Əgər sınamaq istəyirsənsə, kiçikdən başla. Araşdır, güclü parol qoy və sənə “bir həftəyə sərmayəni ikiqat artıracağıq” deyənlərə inanma. Burada “SMS-lə parolu bərpa et” funksiyası yoxdur. Əlavə: Daha nələri bilmək lazımdır? Ethereum – Bitkoinlə müqayisədə ikinci ən populyar kriptovalyutadır. Amma fərqi ondadır ki, Ethereum təkcə rəqəmsal pul deyil. Bu platforma “ağıllı müqavilə” və vasitəçisiz rəqəmsal tətbiqlər yaratmağa imkan verir. Token – blokçeyndə kimə nə məxsus olduğunu göstərən rəqəmsal vahiddir. Məsələn, token dolların ekvivalentinə (stablecoin) və ya layihədə iştirak hüququna çevrilə bilər. NFT (Non-Fungible Token) – yeganə və unikal tokendır. Rəqəmsal şəkil, musiqi treki və ya oyundakı predmet ola bilər. Texnologiyanı necə dələduzluqdan ayırmaq olar? Sizi maarifləndirmək yox, aldadıb pulunuzu almaq istədiklərini göstərən sadə əlamətlər:
Nəticə: Kriptovalyuta – nə şeytandır, nə də möcüzə. Bu, alətdir. Necə ki, internet və ya bıçaq: məktub da yazmaq olar, əlin də kəsilə bilər. Azadlıq verir – amma məsuliyyət də tələb edir. Ən əsası isə “asan pul” vədi ilə gələnlərə inanmaq olmaz. Çünki həyatda, xüsusən maliyyə işlərində, asan qazanc – adətən ağır nəticələrə gətirir. Yadda saxla: ümid investisiya strategiyası deyil. Sağlam düşüncə və bir az skeptiklik - bu rəqəmsal möcüzələr və köhnə tələlər dünyasında sənin ən yaxşı müdafiəndir. Fuad Rəsulov - pressklub.az Geri qayıt |