Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın yerinə sürpriz isim
Paşinyanın yerinə sürpriz isimBu gün, 07:37 |
Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesi çərçivəsində Masis icmasının rəhbəri David Ambardsumyan baş nazir postuna namizəd kimi irəli sürülüb. David Ambardsumyan kimdir? Azərbaycana, sülh prosesinə münasibəti necədir? Hakimiyyətə gəlsə, nəticəsi necə ola bilər? Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, David Ambardsumyan Respublikaçılar Partiyasının üzvüdür və aksiyalarda fəal iştirakına görə dəfələrlə həbs olunub: “Onun Azərbaycana qarşı mövqeyi müsbət deyil. Çünki Respublikaçılar Partiyası Qarabağ münaqişəsi dövründə aktiv iştirak etmiş və Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi siyasi qüvvələrdən biridir. Bu şəxsin vaxtilə qanunsuz silahlı dəstələr yaratdığı, rəhbərlik etdiyi müəyyən icmalar vasitəsilə qeyri-qanuni fəaliyyətlərlə məşğul olduğu, ətrafına idmançıları toplayaraq Sərkisyanın prezidentliyi dövründə müxalifətə təzyiqlər etdiyi barədə məlumatlar var. Bu faktlar göstərir ki, Rusiyadan tapşırıq alan Ermənistan müxalifəti hazırda elə aciz vəziyyətdədir ki, siyasi səhnəyə normal bir siyasətçi çıxara bilmir və nəticədə kriminal elementlərə müraciət edir”. Politoloqun sözlərinə görə, David Ambardsumyanın müstəqil siyasi mövqeyi yoxdur: “O, sadəcə Sərkisyanın siyasi və şəxsi tapşırıqlarını yerinə yetirən, haqqında kifayət qədər cinayət işi olan şəxsdir. Bu gün də Ermənistanda əsasən gəncləri hökumətə qarşı mitinqlərə cəlb etməyə çalışır və kütləvi iğtişaşların təşkilində iştirak edir. Ermənistan hökuməti onun rəhbərlik etdiyi Masis icmasının ləğvi prosesinə başlayıb. Bu icma ilə bağlı araşdırmalarda korrupsiya faktları aşkarlanıb. Belə şəraitdə onun və partiyasının siyasi uğur qazanması real görünmür. Çünki Respublikaçılar Partiyası artıq Ermənistanda siyasi nüfuzunu və seçkilərdə minimal dəstəyi belə itirmiş təşkilatdır. İnanmıram ki, Serj Sərkisyanın partiyasından kimsə Ermənistanın baş naziri seçilə bilsin”. Geri qayıt |