Əsas Səhifə > Ana xəbər / Güney Press > Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı

Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı


Bu gün, 12:58

Məhkəmə parkda, insanların gözü qarşısında qeyri-rəsmi münasibətdə olduğu, uşağının anasını bıçaqlayan şəxsin cəzasını ağırlaşdırıb.

Musavat.com xəbər verir ki, bıçaqlama hadisəsi Qaraçuxur qəsəbəsində, “Neftçilər” parkında baş verib.

Ramil qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı və bir müddət əvvəl ayrıldığı Aytaca 3 bıçaq zərbəsi vurub. Onlar 2020-ci ildən birlikdə yaşayıblar. Onların bir qız övladları dünyaya gəlib. Bir müddət sonra Aytac Ramili tərk edərək ayrı yaşayıb. Qızları isə Ramillə anasının himayəsində qalıb. Bundan sonra onlar arasında uşağı görməyə görə bir neçə dəfə mübahisə yaranıb.

Sonuncu dəfə Aytac Ramilə mesaj yazaraq uşağı görmək istədiyini deyib. Ramil razılaşaraq “Neftçilər” parkında görüş təyin edib. Lakin Ramil görüşə qızını aparmayıb. Parkda onlar arasında mübahisə başlayıb. Mübahisə zamanı Ramil Aytacı döyərək ona 3 bıçaq zərbəsi də vurub.

Aytacın dediyinə görə mübahisəyə səbəb Ramilin qızını görüşə gətirməməsi olub.

Ramilin dediyinə görə isə mübahisəyə səbəb Aytacın qızlarının şəklini instaqramda paylaşması olub: “Ona dedim ki, qızımın şəkillərini paylaşma. Dedi ki, yaxşı edir. “Paylaşsam, nə edəcəksən?” deyəndə əsəbiləşdim. Mən onu vuranda parkda heç kim yox idi. Aytac qışqırsa da onu eşidən olmadı. Onu vurandan sonra polisə təslim oldum”.

Aytacın sözlərinə görə Ramil onu söyəndə parkda olan insanlar kənardan baxırmış. Onu bıçaqlayandan sonra ətrafda olanların köməyi ilə xəstəxanaya çatdırılıb.

Məhkəmə zamanı məlum olub ki, təqsirləndirilən şəxslə Aytac arasında barışıq olub. Aytac Ramili bağışlayıb.

Suraxanı Rayon Məhkəməsi xuliqanlıq niyyəti ilə sağlamlığa yüngül zərər vurma və qanunsuz olaraq soyuq silah saxlamaqda təqsirli bilinən Ramilə 9 ay cəza təyin edib. Xuliqanlıq maddəsini isə sağlamlığa az ağır zərər vurma maddəsinə tövsif edib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilməsi barədə hökm çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi Ramilin törətdiyi cinayətə görə yüngül cəza aldığı qənaətinə gəlib. Ramilin əməli qanunsuz olaraq soyuq silah saxlama və xuliqanlıq əməllərinə tövsif edilib. Onun barəsində 1 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib və məhkəmə zalında həbs edilib.


Geri qayıt