Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ...
Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ...Dünən, 10:27 |
Son zamanlar məktəblərdə neqativ halların baş verməsi halları ilə tez-tez qarşılaşırıq. Şagirdlərin bir-birinə qarşı, müəllimlərə qarşı aqresiyası, müəllimlərin şagirdlərlə düzgün davranmama halları və s. bu kimi hallar tez-tez diqqətimizi çəkir. Valideynlər deyir ki, uşaqlarımızı məktəb, mühit pozur, müəllimlər deyir ki, uşaqları valideynlər tərbiyə edir. Beləcə hər kəs çox ciddi bir problemi bir-birinin üzərinə buraxaraq, ciddi bir vəziyyətdən boyun qaçırmış olurlar. Nəticədə cinayətkar, kiçik yaşlarından siqaret, alkoqollu içki və mənfi vərdişləri olan aludəçisi olan şəxslər yetişir. Bu şəxslərin sayəsində cəmiyyət dərin bir çöküş yaşayır.Dərin bir problem daha var. Bəlkə bunu dilə gətirməkdə çətinlik yaşayanlar var. Amma biz deməkdən çəkinmirik. Məktəblərdə bəzən direktorlar və onların müavinləri, hətta bəzi müəllimlər uşaqlarla etika çərçivəsində davranmırlar. Qarşılarındakı gəncin uşaq olduğunu unudurlar. Bu da çox ciddi problemdir. Çox uzağa getməyək. Xatırlayırsınızsa, bir məktəb direktorunu və ailəsini elə öz övladı yer üzündən sözün əsl mənasında sildi. Ailəsinə, övladına sözü keçməyən insanlar necə direktor ola bilir? Hansı meyarlarla? Bir dəfə təhsil ekspertlərindən biri demişdi ki, bəzi direktorlar özlərini məktəbin xanı kimi hiss edirlər. Belə bir məktəbdə təhsil alan şagird necə nümunəvi şəxs kimi yetişə bilər ki? Ailələrdə valideynlər övladlarının ehtiyaclarını ödəyə bilmək üçün işləmək məcburiyyətindədir. Məsələn; mənim övladlarım günün 12 saatını məktəb, hazırlıq və idman məşqləri mühitində olur. Evə gec saatlarda qayıdan uşaqları mən valideyn olaraq bir neçə saat görə bilirəm. Eləcə də mənim kimi digər valideynlər....
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, layiqli vətəndaş yetişdirmək vəzifəsi tək məktəbin üzərinə qoyulmamalıdır. “Hər bir kəs dövlət, məktəb, ailə, cəmiyyət bu vəzifəni bacardığı qədər yerinə yetirməlidir. Çox təəssüflər olsun ki, bir çox hallarda xüsusilə son illər gənclərin tərbiyəsində məktəbin böyük rol oynadığını qeyd edirlər və bütün problemləri məktəbin üzərinə atırlar. Bu, əlbəttə ki, birtərəfli yanaşmadır. Çünki uşaq-gənc ailədə tərbiyə alır, atadan və anadan müəyyən şəxsi keyfiyyətləri götürür. Əgər uşaq dörd saat məktəbdə, müəllimin qarşısında olursa, 20 saat ailədə olur. Təlim tərbiyə ailədə yüksək səviyyədə qurulmalı və qorunmalıdır. Ailədən məktəbə təkəbbürlü, şıltaq və deyilənləri eşitməyən uşaq gəlirsə, müəllimin onunla davranması, ona müəyyən bilikləri, tədris etməsi heç vaxt lazımi səmərə verə bilməz. Və bu gün müəllimin özünün də ciddi problemləri var. Bu günün müəllimi dünənin müəllimi deyil. Çox təəssüf edirəm ki, müəllimimizin hörmətini xeyli aşağı salmaq istəyən qüvvələr var. Şagirdə “düz otur, yaxşı oxu, filan hərəkəti etmə” deyən müəllimlər bir çox hallarda təsirli təqiblə qarşılaşırlar. Valideyn tərəfindən kobudluq görür, hətta döyülürlər və məhkəməyə verilirlər. Ona görə də ilk tərbiyə ailədə olmalıdır”-deyə deputat vurğulayıb. Deputat vurğulayıb ki, bu gün məktəblərimizdə də, təhsildə də müəyyən problemləri mövcuddur və mövcud problemlərin aradan qaldırılması üçün ciddi işlər görülür. Tahir Rzayevin fikrincə, tək məktəb bütün problemləri aradan qaldırmağa qadir deyil. Məktəblə yanaşı, valideyn komitələri, ictimai təşkilatlar, ictimaiyyət, digər müvafiq qurumlar bu sahədə imkanları birləşdirməli, kompleks tədbirlər hazırlamalı, həyata keçirilməlidirlər. “Mən tez -tez məktəblərdə oluram. Uşaqlarla gənclərlə görüşürəm və müşahidə etdiyim yaxşı hallar çoxdur. Bizdə yaxşı müəllimlər, yaxşı məktəblər çoxdur. Təəssüf edirəm ki, müəyyən dərsliklərdə olan nöqsanlar, müəyyən informasiya şəbəkələrinin yaydığı xoşagəlməz məlumatlar və televiziya verilişləri uşaqlarımızın əxlaqına olduqca çox mənfi təsirini göstərir. Bütün bunlar gənclərin gələcək inkişafı və onların bir vətəndaş kimi böyüməsinə mane olan hallardır. Biz əgər uşaqlarımızı fiziki və psixoloji cəhətdən möhkəm, mənəvi cəhətdən inkişaf etmiş görmək istəyiriksə, dediyim kimi, hər birimiz, istər ailə, istər məktəb, istər ictimaiyyət, istər müvafiq orqanlar özlərinin səylərini bir etməli, cəmiyyət üçün layiqli vətəndaşların yetişdirilməsi uğrunda mübarizə aparmalıdırlar. Əks halda, açığını demək lazımdır ki, bizi müəyyən xoşagəlməz hallar gözləyə bilər. Müftəxor, yalançı, şayiələrə uyan və zəhmətdən uzaq gənclərin böyüdülməsi, gələcək dövlət quruculuğuna, eləcə də cəmiyyətin inkişafına ağır zərbə ola bilər”-deyə deputat bildirib. Geri qayıt |