Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir
Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir3-06-2025, 06:16 |
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə ölkəsinin qəbul etməli olduğu yeni siyasət və prioritetləri təsvir edir. Ekspertin sözlərinə görə, Paşinyan əvvəlki illərdəkindən fərqli olaraq, görünməmiş istiqamətlər ortaya qoymağa çalışır: "Yəni Paşinyan sülh gündəliyi üzrə Azərbaycanın tələb və şərtlərindəki bəzi məsələləri Ermənistan ictimaiyyəti üçün strukturlaşdırır. Lakin bunun situativ olduğu, Ermənistanın hər fürsətdə Azərbaycana qarşı revanş götürməsi ehtimalları rəsmi Bakını son dərəcə güclü xarici, kəşfiyyat və müdafiə siyasətini izləməyə məcbur edir. Bu baxımdan Paşinyanın çıxışları və sülh tezisləri onun daxili vəziyyət, regional və beynəlxalq situasiyalarla Azərbaycanın gündəmi arasında tərəddüdlər kimi şərh oluna bilər. Azərbaycan bu tərəddüdləri öz maraqlarına uyğun şəkildə yönləndirir. Paşinyanın bu məsələni Ermənistana dəstək olan dövlətlərin ambisiyalarına inteqrasiya etmək istəməsi bu ölkə üçün təhlükəli perspektiv deməkdir. Paşinyan bunu bildiyindən Azərbaycanın sülh proqramındakı ştrixlərinə yaxın mövqelər səsləndirir. Başqa tərəfdən isə Paşinyan ölkədaxili hərəkatla üzləşərək hakimiyyətinə təhlükələr yaranması risklərinə qarşı gediş edir". Analitik əlavə edib ki, Paşinyanın öz hakimiyyətini qorumaq üçün Azərbaycandan təminatlar almaq istəkləri mümkündür: "Ehtimal ki, Paşinyan bu istəklərini Azərbaycandan verilən sülh və təhlükəsizlik siqnalları ilə sinxronlaşdıran məqama diqqət yetirir. Hələlik, Paşinyanın hakimiyyətdə olması Azərbaycan üçün məqbuldur. Ancaq Azərbaycan sürprizlərə qarşı strategiyasını formalaşdırır. Bu o deməkdir ki, artıq Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, yeni iqtidar Azərbaycanın qələbəsini geri oxuda bilməyəcək. Azərbaycan bunun hüquqi bazalarını formalaşdırmaq üçün Paşinyan hakimiyyətindən istifadə edir. Beləliklə, Azərbaycan Ermənistanın siyasi və təhlükəsizlik sektorlarına nüfuz edərək qəfil proseslərdəki manevr imkanlarını artırmış olur". Geri qayıt |