Əsas Səhifə > Ana xəbər / Güney Press > Məsud Əfəndiyev müşavir təyin olundu

Məsud Əfəndiyev müşavir təyin olundu


29-05-2025, 16:30

Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub.

"DİA-AZ" xəbər verir ki, bu barədə universitetin Mətbuat Xidməti məlumat yayıb.

"Bu təyinat ölkənin aparıcı mühəndis və memarlıq ali təhsil müəssisəsində akademik mühitin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin qlobal elmi şəbəkələrə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda deyilir.

Professor Məsud Əfəndiyevin elmi irsinə 180-dən çox beynəlxalq məqalə, dünyanın mötəbər nəşriyyatlarında çap olunmuş 8 kitab və yüksəkindeksli jurnallarda nəşr edilmiş tədqiqatlar daxildir.

Məsud Əfəndiyev dünyanın bir sıra qabaqcıl elmi qurumlarının mükafatlarına - o cümlədən "Aleksander fon Humboldt" (Almaniya), "Japan Society for the Promotion of Science" (Yaponiya), "Otto Monsted" (Danimarka) və Kanadadakı Fields İnstitutunun ömürlük mükafatı kimi nüfuzlu təltiflərə layiq görülüb.

O həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.


Geri qayıt