Əsas Səhifə > Ana xəbər / Güney Press > Üç kənddə görünməmiş FƏLAKƏT
Üç kənddə görünməmiş FƏLAKƏTDünən, 11:56 |
Xəbər verildiyi kimi iki gün əvvəl Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə edilib. Zaqatala və Qax rayonlarının bir sıra yaşayış məntəqələrinə güclü leysanla müşahidə olunan dolu yağıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü leysanla müşahidə edilən dolu daha çox Zəyəm, Tasmalı və Qarabaldır kəndlərinə yağıb. Belə ki, qeyri-sabit hava bir saata kimi davam edib. Kənd sakinlərinin sözlərinə görə on illər əvvəl kəndə güclü sel gəlsə də ciddi fəsad yaratmayıb. Lakin bu hadisə bir ilkdir ki, leysan, dolu və güclü küləklə birlikdə gəlib və təsərrüfatları məhv edib. Sakinlər bildirir ki, leysan o qədər güclü olub ki, bəzən arxlara gələn suyu ötürə bilmədiyindən bir metrə kimi yüksəlib. Gülbəniz Orucova axşamdan həyətdə ancaq çəkmə ilə gəzdiklərini deyir: “Qəflətən külək və çovğun başladı, dalınca da dolu, yağış tökdü. Evdən həyətə düşmək mümkün deyildi”, - deyən qadın əlavə edir ki, təsərrüfatında toyuqlar və bostanı məhv olub. Kəndin digər bir hissəsində yaşayan Asif Əmranovun bostan-tərəvəz sahəsinə baş çəkirik. Mənzərə heç də ürəkaçan deyil: “Dünən axşam 6-7 radələrində göy guruldadı, şimşək çaxdı, başladı dolu leysanla birlikdə yağmağa. Hardasa bir saata kimi davam elədi. Evdən çıxmaq mümkün deyildi. Bir saatdan sonra çıxıb bu vəziyyəti gördük”, - deyə doludan yerlə bir olan. torpağa yapışan təsərrüfatını göstərir. Asif Əmranov həyət-bacasında meyvə ağaclarının da zərər gördüyünü, bütün meyvələrin ağacın altına töküldüyünü bildirir. Zəyəm kənd icra nümayəndəsi Rövşən Salamovun sözlərinə görə kənd tarixində ilk dəfədir belə təbii fəlakətlə qarşılaşır. Leysan yağışları ara verəndən sonra texnika vasitəsi ilə kənd ara və məhəllədaxili arxların təmizlənməsini həyata keçirdiklərini, işlərin davam etdiyini bildirib. “Yağan güclü leysan və dolu nəticəsində təsərrüfatlara ciddi ziyan dəyib. Hardasa 100 hektardan artıq fındıq bağlarına, 70-80 hektar meyvə bağlarına, 100 hektara yaxın tərəvəz bağlarına, 80 hektar da taxıl sahələri doludan ziyan çəkib. Eyni zamanda yağan güclü yağışdan sonra həyətlərə yağış suları yığılıb, dolu nəticəsində ağacların yarpaq və budaqları qırıldığı üçün həyətlərdən su ötürən arxların tutulması baş verib. Dünən axşam saat 9-dan saat 12-yə kimi texnikanın köməyi ilə həyətlərdəki suyun suötürücü arxlara ötürülməsi üçün çalışmışıq. Bu gün də yenə texnikalar işləyir”, - deyə fikrini çatdırır. İcra nümayəndəsi təssüflə onu da qeyd edir ki, 2 min nəfər əhalinin yaşadığı, 400 təsərrüfatın olduğu Zəyəm kəndində sakinlərin əksəri nə əkinlərini, nə də digər təsərrüfatlarını sığorta etdirib. Digər tərəfdən həyətlərdən keçən daxili su kanallarının da təmizlənməməsi, bəzi hallarda isə doldurulması güclü leysandan sonra suyun çoxalmasına səbəb olub. Rövşən Salamov texnikanın işlədiyini, fəsadların aradan qaldırılması istiqamətində işlərin davam etdirilldiyini bildirdi. Geri qayıt |