Əsas Səhifə > Ana xəbər / Güney Press > Nə aptekdə var, nə də depolarda qalıb...
Nə aptekdə var, nə də depolarda qalıb...27-05-2025, 10:03 |
Son günlər redaksiyamıza “Varfarin” adlı həyati vacib dərmanın apteklərdə tapılmaması ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzedilməz sayılan bu preparatın qıtlığı xəstələr arasında əməlli başlı təşviş yaradıb.
“Varfarin” ürəyində klapan əməliyyatı keçirmiş və ya qan durulaşdırıcı müalicə üçün gündəlik qəbul edilməli olan dərmandır. Preparatdan mütəmadi istifadə edilmədikdə tromblaşma, infarkt, insult və digər ağır fəsadlar ortaya çıxır. İş orasındadır ki, qiymət baxımından o qədər də baha olmayan dərmanın bazarda alternativi yoxdur.
Səhiyyə Nazirliyi ilə dərman zavodu arasında “Varfarin” ÇƏKİŞMƏSİ – Ürək xəstələri üçün təhlükə BÖYÜYÜR
Problem haradan qaynaqlanır?
Qeyd edək ki, Bizim.Media sözügedən dərmanın defisiti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, aylardır “Varfarin”nin ölkəyə idxalını Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi dayandırıb. Səbəb olaraq isə dərmanın istifadə müddətinin 5 illik istehsalla buraxılmasıdır.
Nazirlik isə 3 illik yararlıq müddəti olan dərmanların gətirilməsinə icazə verir. Dərmanı istehsal edən zavod 3 illik yararlılıq müddəti ilə istehsalın olmadığını dəfələrlə izah etməyə çalışsa da, Səhiyyə Nazirliyi rəsmi müraciətə müsbət cavab vermir. Nəticə etibarilə zavod və nazirlik arasında olan xırda çəkişməyə görə yüzlərlə ürək xəstəsi əziyyət çəkir.
Alternativi yoxdur, risk isə böyüyür...
Ekspertlərin fikrincə, “Varfarin” kimi xüsusi dozajla qəbul edilən dərmanların əvəzedicisini düzgün təyin etmək çox çətindir. Dozalanmada edilən kiçik bir səhv belə ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Hazırda xəstələr ya daha bahalı, ya da effektinə tam əmin olunmayan alternativlərə yönəldilir...
Mövzunun aktuallığını və real vəziyyəti öz gözlərimizlə görmək üçün paytaxtda yerləşən bir neçə apteklərə baş çəkdik. Çəkilişə icazə verilməsə də, əczaçılarla söhbətlərimizdə narahatedici faktlarla qarşılaşdıq. Bütün sorğuladığımız apteklərdə “Varfarin” dərmanının olmadığını təsdiqlədilər.
Bəzi apteklərdə aylardır ki, depolarda bu dərmanın olmadığı bildirildi. Hətta son vaxtlar insanların bu preparatla daha çox maraqlandığı deyildi:
“Demək olar ki, hər gün bu dərmanı soruşanlar olur. Alıcıların suallarına cavab verə bilmirik. Çünki səbəbindən biz də xəbərsizik. Amma nəinki “Varfarin”, bu dərmanın analoqu da hazırda tapılmır. Sifariş etsək belə, firma göndərmir”.
Başqa bir aptekdə isə hazırda bir neçə mühüm dərmanın gətirilməsində problemlər yaşandığı qeyd olundu.
Nəticə
Mövcud vəziyyət dərman təhlükəsizliyi və xəstə hüquqları baxımından ciddi narahatlıq doğurur. Minlərlə insanın həyatı bu dərmanın mövcudluğundan asılıdır və problemin tez bir zamanda həlli vacibdir. Bir sözlə aidiyyəti qurumların məsələyə daha çevik və məsuliyyətli yanaşması mütləqdir.
Əks halda, “Varfarin”in yoxluğu minlərlə insanın həyatını təhlükəyə ata bilər.
Geri qayıt |