Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda Bəşir Səfəroğlunun adına və sənətinə yaraşmayan küçə…

Bakıda Bəşir Səfəroğlunun adına və sənətinə yaraşmayan küçə…


27-05-2025, 09:26

Bakının elə mərkəzi yolları var ki, il ərzində bəlkə də 3-4 dəfə, dümdüz yolu qaşıyıb yenidən asfalt çəkirlər. Qaşınan asfaltlar da bəzi məmurların bağlarına daşınır. Həmin qaşınmış asfaltı Bakının ətraf kənd və qəsəbələrində olan bərbad yollara döşəmirsiniz, barı bir tin o tərəfdə dağılmış küçələrə səpin də. Rəşid Behbudov küçəsi, Neftçilər prospekti, Azərbaycan prospekti mütəmadi asfalt çəkilən yollardır. Amma elə şəhərin düz mərkəzində – Azərbaycan prospektini kəsən, mərhum gülüş ustası Bəşir Səfəroğlunun adını daşıyan küçə isə darmadağındır. Elə bil bu yollarda tankla təlim keçirilib.

***

Bəşir Səfəroğlu- 84 ünvandan üzü Azərbaycan prospektinə gedən yolun özü, əsasən də piyadalar üçün nəzərdə tutulan səki, sanarsan ki, müharibədən çıxıb. Axı şəhərimizdə çoxsaylı turistlər var. Bəşir Səfəroğlu küçəsi də şəhərin düz mərkəzində yerləşir. Birdən o turistlərdən hansınınsa yolu həmin küçəyə düşdü. Deməzmi ki, paytaxt Bakının mərkəzində bu nə yoldur? Bu, biabırçılıq deyilmi?

Bakının ətraf kənd və qəsəbələrinin çox ciddi yol problemi yaşadığı hamıya məlumdur. Məsələn, Qaradağ rayonunun Müfiqabad qəsəbəsində, ümumiyyətlə, yol yoxdur desək, daha yaxşı olar. Çünki hazırda mövcud olan qəsəbənin yolu elə bərbad gündədir ki, ona yol deməyə adamın dili gəlmir. İstər marşrut avtobus sürücüləri, istərsə də şəxsi minik maşınlarının sahibləri bu bərbad yolun əlindən dad döyürlər. Nə qəsəbənin deputatı Şükür Rzayev, nə də digər strukturlar əhalinin yoldan olan bu qədər narazılığını, sanki eşitmirlər.

İndi deyək ki, turistlərin yolu çətin ki, Müşfiqabad qəsəbəsinə düşsün. Amma Bəşir Səfəroğlu küçəsi dəqiqliklə demək olar ki, turistlərin yolunun üstündədir. İndi mən bilmirəm, bu yolun təmiri kimin, Bakı şəhər İcra Hakimiyyətinin, yoxsa bələdiyyənin səlahiyyətindədir? Amma görünən odur ki, paytaxtımızın ən mərkəzi yerlərindən biri olan Bəşir Səfəroğlu küçəsi həddindənn artıq bərbad gündədir. Elə təqdim olunan şəkillərə baxmaq kifayətdir ki, mərhum gülüş ustası, Respublikanın Xalq Artisti Bəşir Səfəroğlunun adına olan küçənin nə gündə olduğu görünsün. Bəlkə də qəsdən rəhmətlik Bəşir Səfəroğlunun adına olan küçəni elə dağınıq, bərbad vəziyyətdə saxlayırlar ki,onun gülüş ustası olduğu bilinsin. Amma bu halı və mənzərəni yaradanlar da bilməlidir ki, mərhum sənətkarın ruhu onlara hər gün gülür… Çünki bu küçəyə və səkilərə baxan adamın istər-istəməz dodağı qaçır ki, belə də küçə olar?

İnanırıq ki, aidiyyətı qurumlardan bu problemə diqqət göstəriləcək. Həm Bəşir Səfəroğlu, həm də paralel olan Dilarə Əliyeva və istiqlal şairimiz Xəlil Rza Ulu Türkün şəhid oğlunun adına olan Təbriz Xəlilbəyli küçələri də abadlaşdırılacaq.


tezadlar.az




Geri qayıt