Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur məsələsi bitdi?
Zəngəzur məsələsi bitdi?Dünən, 08:55 |
“Biz Azərbaycanla İran arasında münasibətlərdə dəyişiklikləri müşahidə edirik: birgə təlimlər keçirlər, İran alternativ dəhliz təklif edib. Zəngəzur dəhlizi artıq aktuallığını itirib”. “Yeni Müsavat” bildirir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində bildirib. İranın İrəvandakı səfiri Mehdi Sübhani isə Ermənistan mediasına açıqlamasında yenə Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. O iddia edib ki, Zəngəzur dəhlizi açılmayacaq. Ardınca rəsmi Bakının ünvanına “Heç bir məsələni güc yolu ilə həll etmək olmaz” mesajını göndərib. Səfir bu sözləri ilə Azərbaycanı “hərbi güc tətbiq etməkdə” ittiham edib və “buna imkan verməyəcəklərini” bildirib. Göründüyü kimi, Tarasov Zəngəzur dəhlizinin əhəmiyyətini itirdiyini, Araz dəhlizinin alternativ olduğunu söyləsə də, iranlı diplomat yenə rəsmi Tehranın çeynənmiş mövqeyini təkrarlayıb. Hərgah Zəngəzur dəhlizi həm də beynəlxalq layihədir. Onu “Araz dəhlizi”nə bərabər tutmaq olmaz. Çünki Zəngəzur koridoru Orta dəhlizin bir hissəsidir, Çinlə Avropanı birləşdirir. Yəni burada təkcə Azərbaycandan Azərbaycana quru keçid hədəf deyil, Qərblə Şərq arasında logistikanın təmin olunması geoiqtisadi plandır. Amma maraqlıdır ki, rusiyalı ermənipərəst ekspert Tarasovun Zəngəzur dəhlizinin aktuallığını itirdiyini iddia etməsinə baxmayaraq, onun ölkəsi Rusiya bu layihənin işə düşməsində son dərəcə maraqlıdır. Çünki Moskva 10 noyabr (2020) üçtərəfli sənədin 9-cu bəndindən möhkəm yapışaraq dəhlizə nəzarətin onda olmasına ümid edir. Bəs Rusiyanın müttəfiqi İran Sübhaninin timsalında tutduğu mövqeyi dəyişmirsə, bu logistika necə işə düşəcək? Siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bu dəhlizin mütləq şəkildə açılacağını qeyd etdi: “Birdəfəlik anlamaq lazımdır ki, Zəngəzur dəhlizinə İranın, Ermənistanın və Rusiyanın hansı münasibət bəsləməsindən asılı olmayaraq, o, mütləq açılacaq, bunun alternativi yoxdur. Rusiyanın, İranın və Ermənistanın dəhliz ətrafındakı çabaları isə bu layihədən maksimum pay almaq uğrunda savaşdır. Lakin bu dövlətlər anlamalıdırlar ki, Zəngəzur dəhlizi Azərbaycanın indiki və vaxtilə əlindən qanunsuz olaraq alınmış Qərbi Zəngəzur ərazilərindən keçəcək. Deməli, bu məsələdə regionun söz sahibi də Azərbaycan olacaq. Bir sözlə, Zəngəzur dəhlizi layihəsi dünyanı yenidən bölüşdürmək uğrunda çarpışan iki böyük gücün - Amerika Birləşmiş Ştatlarının və Çinin birbaşa maraqları dairəsində olan məsələdir. Bu səbəbdən layihə də bu iki gücün istəyinə uyğun olaraq, zamanında Azərbaycan vasitəsilə reallaşdırılacaq. Azərbaycan Prezidentinin Çin səfəri, ABŞ Prezidenti Donald Trampın Türkiyə və Azərbaycan prezidentlərinə münasibəti, ABŞ dövlət katibi Marko Rubionun bu günlərdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında Ağ Evin maraqlı olduğunu dilə gətirməsi və bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı verdiyi bəyanatlardan sonra səsləndirməsi təsadüf ola bilərmi? Əlbəttə ki, yox! Birləşmiş Ştatlar Cənubi Qafqazda əsaslanmaq istəyindədir. Onun Avroasiya siyasətində yollara, kommunikasiyalara və resurslara nəzarət etmək kimi mühüm hədəfləri ortadadır”. F.Yusifov qeyd etdi ki, qonşu dövlətlər Cənubi Qafqazda onun açar dövləti olan Azərbaycana ABŞ və Çinin verdikləri önəmin fərqində olmalıdırlar: “Zəngəzur dəhlizinin bir qanadının İran üzərindən keçməsi isə heç nəyi dəyişmir. Buna Azərbaycan hökumətinin İranla münasibətləri normallaşdırmaq yolunda atdığı bir addım kimi də baxmaq olar. Yəni İran üzərindən keçəcək yolun böyük layihənin reallaşdırılmasına heç bir ziyanı olmayacaq. Qoy bu yol da böyük layihənin bir qanadı kimi mövcud olsun. Biz sabah yerləşdiyimiz regionda nələrin baş verəcəyini indidən proqnozlaşdıra bilmərik. Sabah İran hansı durumda olacaq? Ermənistanın bu gün oynadığı sərsəm oyunlar onun üçün nə ilə bitəcək? Rusiya-Ukrayna müharibəsi necə yekunlaşacaq? Bu müharibədə kim qalib gələcək? ABŞ Rusiyanın bu müharibədə qalib gəlməsinə imkan yaradarsa (bu gün görünən budur), bunun müqabilində Rusiyanı özündən hansı səviyyədə iqtisadi və təbii ki, siyasi asılı vəziyyətə salacaq? Regionda baş verən hadisələrlə bağlı nə qədər çox suallar olsa da görünən budur ki, Zəngəzur dəhlizinə Azərbaycandan dolayı digər region dövlətlərinin ciddi təsiri mümkünsüzdür və bu bir gerçəkdir". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmaq istəyi olmadığını söylədi: “Zəngəzur dəhlizi heç vaxt öz əhəmiyyətini itirməyib və itirməyəcək. Bu, həm Azərbaycanın, həm də böyük bir coğrafiyanın hədəfidir. Araz dəhlizi, sadəcə, Zəngəzur dəhlizinin alternativi kimi fəaliyyət göstərəcək. İrəvandakı İran səfiri Mehdi Sübhani Zəngəzur dəhlizi ilə bağlı açıqlama verməklə Azərbaycan-İran münasibətlərinin inkişafından özünün xəbərsiz olduğunu göstərir. Çünki ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açılıb və bütün məsələlər qarşılıqlı anlaşma yolu ilə həll olunur. O cümlədən birgə hərbi təlimlərimizin və layihələrimizin uğurla həyata keçirilməsi münasibətlərin inkişafı deməkdir”. Deputat vurğuladı ki, amma səfir Sübhani Zəngəzur dəhlizi ilə bağlı yeni güc tətbiq edilməsindən danışır: “Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmaq kimi bir istəyi yoxdur. Bu dəhlizin açılması üçün Ermənistanın özü yalvaracaq. Çünki bu, təkcə Azərbaycan üçün maraqlı layihə deyil. Bu layihə qlobal əhəmiyyət daşımağa başlayıb. Belə ki, Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi kimi qeyd olunur. Bu dəhlizin açılması ilə Orta dəhlizin yük ötürmə gücünü 6 milyon tona qədər artıra biləcəyi proqnozlaşdırılır. Bu da Asiya ilə Avropa arasında yükdaşımalarda yeni bir səhifənin başlanğıcı olacaq. Zəngəzur dəhlizi həm də Ermənistanın beynəlxalq yükdaşmalarda iştirakına yol açar. Beynəlxalq tranzit daşımalar həm də büdcəyə gəlir deməkdir. Bu baxımdan Araz dəhlizi istifadə verilənə qədər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı hazır olduğunu bildirəcəyini hesab edirəm. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı Sübhaninin və Tarasovun açıqlamalarının regionda yaranmış yeni reallıqdan uzaq olduğunu hesab edirəm". Geri qayıt |