Əsas Səhifə > Ana xəbər / Güney Press > “SON ZƏNG” YIĞIMI...

“SON ZƏNG” YIĞIMI...


Bu gün, 09:39

Son illərdə məktəblərdə “Son zəng” tədbirlərinin daha dəbdəbəli keçirilməsi, bunun üçün bəzi məktəblərdə pul yığılması kimi neqativ halların ortaya çıxması müəyyən narazılıqlara səbəb olur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verib. O, “Son zəng”in mahiyyətindən danışıb və bu tədbirlərin sadə keçirilməli olduğunu diqqətə çatdırıb.

İctimai Şura sədri onu da vurğulayıb ki, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı.

Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar araşdırmalar aparılıb. Sözügedən təhsil müəssisəsində direktor “Son zəng” tədbiri üçün 150 manat yığılması tələbini irəli sürmüşdü. Bu hadisə həm valideynlər, həm də şagirdlər tərəfindən qəbul edilməmişdi. Nəticədə 207 nömrəli tam orta məktəbdə qalmaqal yaşanmışdı. Direktor işdən azad edilib.

Ümumiyyətlə, “Son zəng” üçün pul yığılmasına normal yanaşmaq lazımdırmı? Bəziləri hesab edir ki, şagirdlərin məktəblə vidalaşma günüdür və pul yığıb restoranda qeyd etmələri normal haldır. Başqa ölkələrin təcrübəsində necədir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda bu mərasim öz mahiyyətindən kənara çıxaraq getdikcə daha çox sosial yükə, təhsildən uzaqlaşan təmtəraqlı, bəzən də şou xarakterli tədbirlərə çevrilib. Onun fikrincə, bəzi məktəblərdə 100-150 manat arası vəsaitin yığılması artıq “norma” kimi qəbul olunur, valideynlər bu xərcləri istər-istəməz qarşılamalı olurlar, əks halda, övladlarının sosial təcrid riski ilə üz-üzə qalırlar.

K.Əsədov xatırladıb ki, “Təhsil haqqında” Qanununun 5.0.3-cü maddəsində təhsil sahəsində pul yığımına icazə verilmir. Həmçinin Elm və Təhsil Nazirliyinin 2024-cü ildə məktəblərə ünvanladığı “Məktəbdə "Son zəng" tədbirlərinin təşkili ilə bağlı tövsiyə” sənədində qeyd edilir ki, tədbirlər məktəb daxilində, mənəvi və pedaqoji dəyərləri əsas tutaraq, sadə və təmtəraqsız şəkildə təşkil edilməli, bunun üçün maddi vəsait toplanmamalıdır. Ekspert bildirib ki, buna baxmayaraq, məktəb rəhbərlərinin, valideyn komitələrinin və bəzən müəllimlərin birgə təşəbbüsü ilə qanunsuz yığımlar həyata keçirildiyi müşahidə olunur.

Ekspert qeyd edib ki, bu yanaşmanın əksi olan modellərə dünya praktikasında geniş rast gəlinir: “ABŞ-da buraxılış tədbirləri əsasən məktəbin öz daxilində təşkil olunur. "Graduation ceremony" adlanan bu mərasimdə məktəb tərəfindən formalar (mantiya və papaq) təmin edilir və tədbir məktəb rəhbərliyinin çıxışı, diplomların təqdim olunması və şagirdlərin təşəkkür nitqləri ilə yadda qalır. Tədbir üçün ödəniş toplanmır, iştirak könüllüdür və heç bir əlavə sosial təzyiq mövcud deyil. Tədbirin əsas vurğusu - təşəkkür, birlik və gələcək çağırışlara hazır olmaqdır.

Almaniyada “Abiturfeier” adlanan tədbirlər də məktəb daxilində, valideynlərin iştirakı ilə keçirilir. Musiqili proqram və məktəb rəhbərliyinin çıxışları olur, amma restoran tutulmur, pul yığılmır və tələbə geyimləri məktəbin balansından təmin olunur. Hər bir şagird iştirak edir və fərqlənmə diplomları məktəb kollektivi tərəfindən təqdim olunur. Tədbirin simvolikliyi onun təmtərağında deyil, birlikdə yaşanan xatirələrdə axtarılır.

Skandinaviya ölkələrində, xüsusən Finlandiyada isə belə mərasimlər ümumiyyətlə minimuma endirilib. Orta məktəbdə “məktəblə vidalaşma” deyil, “yeni tədris pilləsinə keçid” ön plana çəkilir. Tədbirlər sinif otağında keçirilir, müəllim şagirdlərə son motivasiya çıxışını edir, sadə hədiyyələr təqdim olunur və heç bir halda maddi yığım və ya sosial təzyiq olmur. Burada əsas ideya uşağın şəxsi inkişafını dəstəkləmək və azad seçim imkanlarını önə çıxarmaqdır.

Türkiyədə “mezuniyet töreni” əsasən məktəbin həyətində və ya akt zalında keçirilir. Şagirdlər sinif rəhbərlərinin nitqlərini dinləyir, kollektiv xatirələr bölüşülür, himn oxunur və sonda simvolik bayraq və flama təhvil-təslim edilir. Əlavə tədbir təşkil etmək istəyən valideynlər bunu fərdi şəkildə öz imkanlarına uyğun olaraq məktəbdən kənarda edirlər".


Geri qayıt