Əsas Səhifə > Ana xəbər / Güney Press > AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR...
AQTA-nın bizə rəva gördüyü TÜKLÜ ÇÖRƏKLƏR...Bu gün, 08:28 |
Bakıda çörəyin içindən tük çıxdığı ilə bağlı sosial mediada yayılan görüntülər böyük müzakirələrə səbəb olub. Həmin şəxs bunun ilk dəfə baş vermədiyini, bir neçə dəfə oxşar hallarla qarşılaşdığını bildirib. İddialara cavab olaraq, Bakı Çörək Zavodundan açıqlama verilib. Zavodun nümayəndəsi hadisənin həqiqəti əks etdirmədiyini və şər-böhtan xarakteri daşıdığını qeyd edib. Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələnin araşdırıldığını vurğulayıb. Təəssüf ki, bu kimi hallar ilk deyil. Son dövrlərdə çörək sexləri və zavodları ilə bağlı bir çox şikayətlər qeydə alınıb. Keyfiyyət standartlarının pozulması, sanitariya qaydalarına riayət olunmaması ilə əlaqədar dəfələrlə məlumatlar yayılıb. Hətta bəzi hallarda çörəyin içindən dəmir qırıntıları, mismar və müxtəlif yad maddələr çıxıb. Bu, həm istehlakçıların sağlamlığı, həm də qida təhlükəsizliyi baxımından ciddi təhdid yaradır. Mütəxəssislər hesab edirlər ki, dövlət qurumlarının nəzarəti və AQTA-nın mütəmadi yoxlamaları artırılarsa, bu cür hallar minimuma endirilə bilər. Lakin təkcə nəzarət kifayət etmir - çörək istehsalçıları da məsuliyyəti dərk etməli, keyfiyyətə önəm verməlidir. Əgər belə hallar təkrarlanarsa, istehlakçılar hüquqlarını müdafiə etmək üçün aidiyyəti qurumlara şikayət etməli və məsələni ictimailəşdirməlidirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, birliyə qida məhsullarının içindən qeyri-adi predmetlərin çıxması barədə daim şikayətlər daxil olur: “Bizə İngiltərə vətəndaşı müraciət etmişdi. O bildirmişdi ki, çörəyin içindən bolt çıxıb. Yaxud da peraşkinin içindən insan dişi çıxıb. Başqa bir şəxsin müraciətində isə çörəyin içindən muncuq çıxmışdı. Yaxud da ağzı falqa ilə bağlı kofe qabından suxarı qırıntısı tapılmışdı”. E.Hüseynov deyib ki, çörəyin içindən tük tapılması geniş yayılmış məsələdir: “Bir neçə il öncə biz bu məsələnin dərinliyinə getdik. Ardıcıl olaraq bir firmanın çörəklərinin içindən tük çıxırdı. Araşdırdıq, məlum oldu ki, bir qrup istehlakçı tükü iynəyə keçirib çörəyin içinə salırlar, sonra da iynəni çıxarırlar. Belə bir görüntü yaranırdı ki, çörəyin içində bişəndə tük qalır. Biz bunu ifşa etdik. Çox təəssüf ki, belə hallar mövcuddur. Məqsəd isə qarşı tərəfi şantaj edib pul almaqdır. Əlbəttə, istehsal şəraitində də belə hallar olur. Harada belə hallar olursa, orada, deməli, antisanitariya var. Sözügedən videoya mən də baxdım. İstehlakçı əvvəlcə çörəyin üzərində toz olduğunu bildirir, sonra isə içində tük olduğunu qeyd edir. Bu iş ciddi araşdırmalıdır. Əgər istehlakçı qəsdən edibsə, bu kim məsələlərə son qoyulmalı cə ciddi tədbir görülməlidir”. Qida mütəxəssisi İlkin Şirinov isə deyib ki, belə halların olmaması üçün xüsusi nəzarət tədbirləri həyata keçirilməlidir: “İlk olaraq xammal və onun qablaşdırılması xüsusi nəzarət mexanizmləri həyata keçirilən yerlərdən alınmalıdır. Çörək sexləri bilməlidir ki, aldığı un necə qablaşdırılır, hansı formada kisələrə doldurulur. Unu normativlərə uyğun yerdənmi alırlar? Dəyirmanlardan unlar gətirilərkən həqiqətənmi gigeynik qaydalara əməl olunur? İlk növbədə bunlar yoxlanılmalıdır. Növbəti nəzarət məntəqəsi çörək sexləri olmalıdır. Burada işçinin səhlənkarlığı olarsa, gigiyenik qaydalara əməl olunmazsa, xəmir qarışdıran maşına yad məsullar düşə bilər”. Onun bildirdiyinə görə, çörək sexlərinə məsuliyyətli şəxslərin mütləq nəzarəti olmalıdır: “Ki, çörəyin içindən dəmir parçası çıxmasın. Çünki nasaz avadanlıqdan xəmirin içinə bolt, qayka və digər metal parçası düşə bilər. Çörək bişirənlərin geyimi də önəmlidir. Əlcəkdən istifadə olunmalı, saçın düşməməsi üçün saç bağlı olmalıdır. İşçilər gigiyenik normativlərə uyğun kurslara cəlb olunmalıdır”. Geri qayıt |