Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyir
Ermənilər Qüdsə də “sahib çıxmaq” istəyirBu gün, 09:18 |
Musavat.com xəbər verir ki, erməni icması İsrailin ictimai televiziya kanalı Kan 11-in şərhçisinin “Eurovision” musiqi yarışmasındakı bəyanatına görə hay-küy qoparıb. Məlumata görə, “Eurovision” səhnəsində Ermənistanın təmsilçisinin çıxışından dərhal sonra kanalda canlı yayımda israilli şərhçi deyib: “Mən inana bilmirəm ki, biz bunlara Qüdsdə bütöv bir məhəlləni vermişik!” Bu ifadə Qüdsdə yaşayan erməni icmasının qəzəbinə səbəb olub. “Sputnik Ermənistan”ın yazdığına görə, “Save theArQ” adlı erməni hərəkatı dərhal etiraz bəyanatı yayaraq şərhçini “irqçi” adlandırıb və guya Qüdsdəki erməni məhəlləsinin “1700 illik irsinə” dil uzadıldığını iddia edib. Etirazda deyilir: “Müqəddəs Qüds şəhərinin erməni icmasının 1700 illik irsi belə ucuz təhqirlərə və revizionist şərhlərə dözmək fikrində deyil. Bu açıqlama biabırçılıqdır və ictimai kanalda yeri yoxdur”. Əslində, bu “1700 il” tezisi erməni tarixinin ən köhnə və ən çox ifşa olunmuş uydurmalarından biridir. Reallıqda isə ermənilərin Qüdsdə yaşama tarixi heç də iddia etdikləri qədər qədim və dərin deyil. Daha da önəmlisi budur ki, İsraildə belə etiraflar təkcə musiqi yarışmalarında deyil, siyasi dairələrdə də erməni davranışlarının ikili standartlarla müşayiət olunduğuna işarə edir. Bu hadisə Azərbaycan və Ermənistanın İsrailə münasibətdə sərgilədiyi tam zidd mövqeləri də aydın şəkildə ortaya qoyur. Belə ki, Azərbaycan “Eurovision-2025”də İsrailə tam 12 xal verərək həm dostluq jestini, həm də regional əməkdaşlığa sadiqliyini nümayiş etdirdi. Bu isə təkcə mədəni seçim yox, həm də diplomatik və strateji seçim idi. Bunun əksinə olaraq, Ermənistanın təmsilçisinin çıxışı, arxasınca gələn İsrail əleyhinə kampaniya və “Save theArQ” hərəkatının əsassız iddiaları Ermənistanın İsrailə qarşı mənfi münasibətini bir daha nümayiş etdirdi. Bu, ermənilərin Cənubi Qafqazda formalaşan yeni güc nizamına dözümsüz yanaşmasının göstəricisidir. Bütün bunları bir araya gətirdikdə, Azərbaycanın İsrailə açıq dəstək göstərməsi, İsrail mediasında isə Ermənistanla bağlı sərt ifadələrin işlədilməsi, bölgədə yeni ittifaqların dərinləşdiyinin sübutudur. Bu baxımdan, Eurovision yarışmasında cərəyan edən bu mədəni-diplomatik fonu Azərbaycanın İsrail üzərindən Ermənistanı neytrallaşdıran uğurlu informasiya qələbəsi kimi də dəyərləndirmək olar. İsrail-Azərbaycan dostluğu artıq təkcə siyasət, müdafiə, texnologiya və enerji sahələrində deyil, ictimai rəy və beynəlxalq platformalarda da özünü göstərir. Ermənistan isə bu prosesə yalnız qısqanclıq və uydurma tarixi miflərlə cavab verməyə çalışır – amma uğursuz şəkildə. Geri qayıt |