Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR

Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR


Bu gün, 07:28

Mayın 17-də IV, mayın 18-də isə VI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. 

Bəzi valideynlər monitorinq qiymətlərinin aşağı olacağı təqdirdə övladlarının sinifdə saxlanılacağı narahatlığını yaşayır. 

Təhsil ekspertləri isə qeyd edib ki, monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərmir. Monitorinq nəticəsi şagirdin ümumi illik qiymətlərinə əlavə olunaraq şagirdlərin ümumi nailiyyətlərinə, bilik və bacarıqlarının göstərilməsinə xidmət edir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, monitorinq imtahanları ibtidai və aşağı orta təhsil pilləsində şagirdlərin qazandıqları bilik və bacarıqları diaqnostik qiymətləndirməyə xidmət edir. Bu yaş dövründə aparılan belə qiymətləndirmə vasitəsilə həm fərdi şagirdlərin fərdi inkişaf səviyyəsi, həm də ümumi təhsil mühitinin effektivliyi barədə mühüm nəticələr çıxarmaq mümkündür. 

Ekspert “Sherg.az”a açıqlamasında bildirib ki, monitorinq imtahanları nəticələri tədris prosesinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Müəllimlər bu nəticələrə əsasən tədris metodlarını tənzimləyə, zəif tərəflərə daha çox diqqət ayıra bilirlər. Valideynlər üçün də bu nəticələr uşaqlarının təhsil səviyyəsi haqqında obyektiv informasiya verir:

 “Bu imtahanların keçirilməsi yalnız texniki tədbir kimi deyil, təhsilin erkən mərhələsində öyrənməyə yanaşma fəlsəfəsinin göstəricisi kimi qiymətləndirilməlidir. 4-6-cı siniflər üzrə keçirilən monitorinq imtahanları, ilkin olaraq, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris prosesində ortaya çıxan problemlərin müəyyənləşdirilməsi və ümumtəhsil proqramlarının icrasına nəzarət məqsədi daşıyır. Əgər təhsil sistemi bu imtahanları formativ, inkişafyönümlü və şəffaf şəkildə təşkil edirsə, bu tədbir faydalı ola bilər. Əks halda, şagirdləri erkən yaşda test mərkəzli öyrənməyə yönəltmək, onların maraq və yaradıcı düşüncə imkanlarını sıxışdıracaq və təhsilin mahiyyətini sıradan çıxaracaq. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 18-ci maddəsinə əsasən, ümumi təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə yaradıcı təfəkkürün, müstəqil qərarvermə bacarığının, sosial və vətəndaş məsuliyyətinin formalaşdırılmasıdır. Lakin 4-cü sinifdən başlayaraq şagirdləri mərkəzləşdirilmiş monitorinq imtahanlarına hazırlamaq və nəticəyə görə sinif, müəllim, məktəb və bölgə müqayisələri aparmaq bu məqsədlə ciddi ziddiyyət təşkil edir. Bu yaş mərhələsində öyrənmənin məqsədi biliklərin sabit ölçülməsi yox, öyrənməyə marağın təşviqi və funksional savadlılığın inkişafıdır”.

Monitorinq imtahanlarının əhəmiyyətinə gəldikdə isə K.Əsədov bildirib ki, nəticələr tədris proqramlarının təkmilləşdirilməsi, metodik vəsaitlərin yenilənməsi, müəllimlərin ehtiyac yönümlü təlimlə təmin edilməsi üçün istifadə olunarsa, sistemli dəyişikliklərə səbəb ola bilər: “Lakin praktikada bu imtahanların nəticələri çox zaman formativ qiymətləndirmə aləti olaraq deyil, reytinq və sıralama vasitəsi kimi istifadə olunur. Müəllimlər və məktəb rəhbərləri təzyiq altında nəticə qazanmağa, şagirdlər isə suallara cavab əzbərləməyə təşviq olunur. Bu isə ümumi öyrənmə motivasiyasını azaldır, məzmunun mənimsənilməsinə deyil, test strategiyalarına fokus yaradır. Beləliklə, təhsil prosesinin əsas hədəfi olan təfəkkürün inkişafı məsələsi kölgədə qalır. Hətta 2022-ci ilin təhsil hesabatlarında qeyd olunub ki, ibtidai siniflərdə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə tədbirlərindən sonra şagirdlərdə stress, öyrənmədən uzaqlaşma və valideynlərdə narahatlıq halları müşahidə olunub. Dünya təcrübəsində bu məsələyə fərqli yanaşma mövcuddur. Məsələn, Finlandiyada aşağı siniflərdə mərkəzləşdirilmiş imtahanlara yer verilmir. Qiymətləndirmə müəllim tərəfindən fərdi şəkildə, şagirdin inkişaf dinamikasına uyğun aparılır və bu, valideynlərlə vaxtaşırı müzakirə olunur. Kanadada monitorinq qiymətləndirmələri yalnız 6-cı sinifdə həyata keçirilir və bu da sadəcə diaqnostik məqsəd daşıyır, nəticə fərdi şagirdə təsir etmir, məktəbin inkişaf planının hazırlanmasında istifadə olunur.

Azərbaycanda isə monitorinq imtahanlarının keçirilməsində bu nüanslar çox zaman nəzərə alınmır. Bəzi hallarda bu imtahanlar kütləvi narahatlıq yaradır, valideynlərin əlavə repetitor axtarışına başlamasına səbəb olur, müəllimləri nəticə yönümlü dərsə yönəldir və şagirdlərdə özünüqiymətləndirmə ilə bağlı zərərli təsirlər yaradır”. 

Ekspertin sözlərinə görə, monitorinq imtahanları əsaslı şəkildə yenidən dizayn olunmalıdır. İmtahanlar stressiz, şəffaf, təzyiqlərdən uzaq, formativ və diaqnostik mahiyyət daşımalı, nəticələr fərdi şagirdə tətbiq olunmamalıdır.


Geri qayıt