Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Bankların onlayn kredit prosesində ciddi risklər var”
“Bankların onlayn kredit prosesində ciddi risklər var”Dünən, 15:39 |
![]() “Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq”. Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər və bu proses sürətlə yayılıb. “Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə olaraq “Siz təsdiqləmisiniz” deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var. Qısa araşdırma ilə müəyyən etdim ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar. Hətta elə nəhəng banklar var ki, güman ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər. Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər”, - O. Gündüz bildirib. O qeyd edib ki, Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib: “Əlbəttə, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar videozəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər. Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görünür ki, daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir. Düşünürəm ki, Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – banklara başqa seçim verilməli deyil. Bu, mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir”. Osman Gündüz qeyd edib ki, daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bank kartı olan vətəndaşlarla bağlıdır: “Əlbəttə, ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər. Amma düşünürəm ki, bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməlidir, məsələn, vətəndaşlara, ümumiyyətlə, kredit məsələsinə STOP qoymaq imkanı verməlidir. Ümumiyyətlə, düşünürəm ki, hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni, banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kredit götürülmüş vətəndaşlara “Təhlükəsizlik sizin öhdəliyinizdədir”, “Özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər. Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa, bu problemin həlli çox çətin olacaq”. Geri qayıt |