Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdıDünən, 13:14 |
![]() Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sabiq sədri Həsrət Musayevin yeni qanunsuz əməlləri üzə çıxıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Həsrət Musayev kənd bələdiyyəsinin 2018-ci il tarixli yığıncaqda bələdiyyə sədri seçilib. Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən o, ümumilikdə 27 ədəd müxtəlif növ və diametrdə ağacların kəsilməsi ilə təbiətə zərər vurub. Həsrət Musayevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən Həsrət Musayev məhkəmədə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ağsaqqalların xahişini nəzərə alaraq kənddə qəbiristanlıq hasarının bərpa olunması ilə əlaqədar ağacların budanması fikrinə gəlinib: “Çünki qəbirlərin üzərinə düşən budaqlar onları yararsız hala salırdı. Ekologiya İdarəsinə müraciət edərək ağacların budanmasına dair rəy aldıq. Məqsədimiz kəsilmiş odunu satıb, onun puluna qəbiristanlığın hasarını bərpa etmək idi. Mənim əsas səhvim bu qərarı bələdiyyə üzvlərinin ümumi yığıncağının razılığı olmadan, yəni təkbaşına qəbul etməyim olub. Bələdiyyə üzvlərinə şifahi formada məlumat versəm də, bu işi protokollaşdırmamışam”. Təqsirləndirilən şəxs qeyd edib ki, ağacların kəsilməsi məqsədi ilə Elçin adlı şəxslə əlaqə saxlayıb: “O, ağaclara baxdı, dəstəsi ilə gəlib işi icra etməyə başladı. Mən rəyin bir nüsxəsini Elçinə vermişdim. Arxayın olmuşdum ki, ağacları rəyə uyğun kəsəcək. Səhhətim yaxşı olmadığı üçün axıra qədər işə nəzarət edə bilməmişəm. İşə nəzarəti Nuran adlı kənd sakininə tapşırmışdım. Bir müddət sonra məlum oldu ki, Elçin ağacları budamaq əvəzinə, dibindən kəsib. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçiriblər, işi dayandırıblar, cinayət işi başlanıb. Kəsilən ağaclar hələ də sahədədir, yağışın altında demək olar ki, məhv olub. Kəsilmiş ağacların əksəriyyəti pöhrə verib. Məqsədim sadəcə kənd üçün yaxşılıq etmək idi”. Təqsirləndirilən şəxs bildirib ki, Elçindən və ya hər hansı şəxsdən bu məsələ ilə bağlı pul almayıb. Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Həsrət Musayev dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan 1 il 6 ay müddətinə məhrum edilib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Bəhmətli kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Qeyd edək ki, Həsrət Musayev bundan əvvəl Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub. 2022-ci ildə Zaqatala Rayon Məhkəməsinin hökmü ilə Həsrət Musayev 2500 manat miqdarında cərimə cəzasına məhkum edilib. Geri qayıt |