Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Casus missiyası delimitasiya olunmuş sərhəddə!
Casus missiyası delimitasiya olunmuş sərhəddə!20-02-2025, 09:56 |
![]() Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının üzvləri fevralın 17-də Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb. Halbuki Ermənistanın baş naziri bildirmişdi ki, demarkasiya edilmiş ərazilərdə müşahidəçilərə ehtiyac olmayacaq. Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. “Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi”, - o bildirib. Yada salaq ki, sülh sənədinin razılaşdırılmamış son 2 bəndindən biri məhz Azərbaycan-Ermənistan şərti sərhədindən üçüncü qüvvənin çıxarılması barədədir. Bu barədə siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının müsahidə missiyasının Ermənistandakı fəaliyyəti ölkəmizdə həmişə narahatlıqla qarşılanır. Azərbaycan tərəfi hesab edir ki, hələ də sülh müqaviləsinin imzalanmadığı Ermənistanda 3-cü ölkənin hərbiçilərinin yerləşdirilməsi region üçün müharibə təhlükəsi yaradır. Ermənistanın da öz “arqumentləri” var. Onlar hesab edir ki, bu sülhün qorunmasına xidmət edən bir missiyadır: “Göründüyü kimi, Avropa İttifaqının hərbi missiyası iki ölkə arasında anlaşılmazlıq mühitini genişləndirir. Nikol Paşinyan isə əslində buna şərait yaradır. Bizim üçün hazırda Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının missiyasının qarşısına qoyulan əsas vəzifələr bəlli deyil. Haqlı olaraq belə bir sual ortaya çıxır ki, doğrudanmı bu missiya sülhü qoruyur, yoxsa Azərbaycana qarşı Ermənistanı körükləyir. Ona görə də onların bütun hərəkətləri bizdə şübhələr doğurur. Qazağın işğaldan azad edilmiş kəndlərindən başqa 3 kəndi indi də Ermənistanın işğalı altındadır. Təbii ki, Azərbaycan bu işğalla barışa bilməz. Bunu həm Ermənistan tərəfi, həm də onun himayədarları yaxşı bilir. Çox güman ki, Avropa İttifaqının missiyası məhz bunu əsas götürərək Qazaxda müşahidə aparıb. Zənnimcə, bundan narahat olmağa dəyməz, lakin hadisələrin gedişatını diqqətdə saxlamalıyıq. Müşahidə missiyasına da izah edilməlidir ki, fəaliyyətlərini bizim işğal altındakı torpaqların geri qaytarılması istiqamətində qursunlar. Bu, daha ədalətli mövqe olar”. Geri qayıt |