Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərhəd postlarının koordinatları xalqdan gizlədilir

Sərhəd postlarının koordinatları xalqdan gizlədilir


Bu gün, 08:47
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir
Ermənistan hakimiyyəti Tavuşdakı sərhəd postlarının koordinatlarını gizlədir. Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti məxfiliyə istinad edir, halbuki İrəvanla Bakı arasında koordinatlar müzakirə edilib və yerli sakinlər sərhəd postlarını görürlər. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə erməni mətbuatı yazıb.

“Ermənistan hakimiyyəti Tavuşun Berkaber (Obastan)-Bağanis hissəsində quraşdırılan sərhəd dirəklərinin koordinatlarını gizlətməkdə davam edir. 2024-cü ilin yayında Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisinə oxşar sualla müraciət etdikdə bizə dedilər ki, iş hələ də davam edir və onlar başa çatdıqdan sonra cavab verəcəklərini vəd etdilər. 2025-ci ilin yanvarında aparılan işləri nəzərə alaraq, biz Ermənistanın baş nazirinin administrasiyasına, baş nazirin müavininə, Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə yeni sorğu göndərdik.

Ermənistan XİN-dən bildirdilər ki, məsələ idarənin səlahiyyətinə aid deyil. Baş nazir administrasiyasından sorğu baş nazirin müavininin ofisinə, oradan isə Müdafiə Nazirliyinə göndərilib", - deyə “Sputnik Ermənistan” yazıb. Müdafiə Nazirliyi isə cavab verib ki, nazirin əmri ilə delimitasiya və demarkasiya ilə bağlı sənədlər, fotoşəkillər, xəritələr və diaqramlar (hökumət tərəfindən rəsmi dərc edilənlər istisna olmaqla) məxfidir. Beləliklə, nazirlik də tələb olunan məlumatları verməkdən imtina edib. Jurnalistlər Ermənistan Milli Təhlükəsizlik Xidmətindən də analoji cavab alıblar. Onlar hökumətin qərarına istinad edərək, tələb olunan məlumatların məxfi olduğunu qeyd ediblər. “Öz tərəfimizdən qeyd edirik ki, tələb olunan məlumat tamamilə zərərsizdir. Sütunların koordinatları Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları tərəfindən müzakirə edilib, razılaşdırılıb və müəyyən edilib. Buna görə də bu məlumatları cəmiyyətdən gizlətməyə ehtiyac yoxdur.

Sütunların koordinatları demarkasiya olunmuş ərazidə Ermənistanla Azərbaycan arasında yeni sərhədin marşrutunu müəyyən etməyə imkan verərdi", - deyə “Sputnik Ermənistan” yazır. Qeyd edək ki, razılaşmaya görə, delimitasiya “şimaldan cənuba doğru” aparılacaq. Ötən il Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində 12 kilometrlik hissə delimitasiya edilib. “Ermənistan hökuməti demarkasiya prosesinin növbəti mərhələsinə başlamadan öncə hüquq-mühafizə orqanları və hökumətin sadiq adamları vasitəsilə Tavuş vilayətində qəsdən dezinformasiya yaymağa başlayıb”. Bunu isə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib. Onun sözlərinə görə, bölgənin müxtəlif kəndlərində proseslə bağlı fərqli məlumatlar yayılıb: “Çox fərqli ssenarilərə əsaslanan məlumatlar yayılır. Bunların haradan qaynaqlandığı, hansı mənbədən yayıldığı məlum deyil. Bu, hökumətin fırtınadan öncə genişmiqyaslı hazırlığıdır. Bəzi yerlərdə total dezinformasiya yayılır, bəzilərində isə informasiya blokadası formalaşdırılır”.

Ermənistan KİV-ləri budəfəki proses çərçivəsində Qazağın işğalda olan anklav kəndləri - Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndinin Azərbaycana təhvil veriləcəyini yazır. “Ermənistan Azərbaycanla anklavlar məsələsini müzakirə etməkdən imtina edə bilməz”. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında belə deyib. “Biz anklav gündəliyindən imtina edə bilmərik, bu səbəbdən (xəritədə Başkəndi göstərir). Desəm ki, belə bir gündəm yoxdur, Ermənistanda bu, cinayət məsuliyyətinə əsas olacaq”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, anklavlar istər-istəməz müzakirə mövzularından biridir: “Hər bir tərəf öz arqumentlərini təqdim edəcək. Əgər İrəvan istəsə ki, Bakı bu məsələni qaldırmasın, o zaman bunun qiyməti Başkənddən imtinadır”.

Siyasi ekspert Züriyə Qarayevanın “Yeni Müsavat”a dediyinə görə, anklav kəndlərin təhvil verilməsi sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində həllini tapmalıdır. Onun fikrincə, ən çətin mərhələ Kərki ilə bağlı yaranacaq: “Çünki Ermənistanın İrana gedən yolunun bir hissəsi buradan keçir. Amma bizi az maraqlandıran məsələdir. Ermənistanın İrana gedən yolunda problem yaranacaq deyə ərazi güzəştinə getmək həvəsimiz yoxdur. Məncə, Ermənistan iqtidarı bunu ictimaiyyətə izah edə bilər və yeni yol çəkməsi mümkündür. Necə ki Tavuş bölgəsində Gürcüstana gedən hissə nəzarətimizə keçdi və Ermənistan yeni magistral yol çəkdi. Ona görə də Kərki də həllini tapacaq. Üstəlik, bu kənddə barmaqla sayılacaq qədər adam yaşayır. Sadəcə, ermənilər şişirtməyi xoşlayırlar”.

Züriyə Qarayeva Ermənistan hakimiyyətinin cəmiyyəti növbəti prosesə hazırladığını güman edir: “İndidən ictimai rəy üçün zəmin hazırlanır və əhaliyə çatdırılır ki, panikaya düşməsinlər. Hətta Paşinyanın bu ərazilərə gəlib əhali ilə görüşəcəyini də istisna etmirəm. Tavuş bölgəsində də toplantılar keçirmişdi və əhaliyə izah edib sakitləşdirmişdi. Əslində erməni xalqına göstərir ki, real Ermənistanın (?) hüdudları içərisində yaşamaq üçün sərhədlər müəyyənləşməlidir, yoxsa yeni konfliktlər, Rusiyanın münaqişə ocağını qızışdırmaq təhlükələri həmişə qalacaq. İndi isə bəzi müxalif mətbu orqanlar və Sərkisyanın partiyasından olan deputat Abramyan kimilər informasiya ilə manipulyasiya edir, cəmiyyətdə ajiotaj yaratmağa çalışır. Az sonra bu oyuna keşiş Baqrat və digər kilsə xadimlərinin qoşulacağı da istisna deyil. Həqiqət isə budur ki, həmin anklav kəndlərin qaytarılması qaçılmazdır və bu da yalnız delimitasiya ilə reallaşa bilər”.

Ekspert Rusiyanın sərhəd prosesinə müdaxilə edə bilmədiyini, bu səbəbdən də Moskvanın hikkəli olduğunu düşünür: “Müxalifət və tənqidçi media adlanan platformalar Rusiya təsir dairəsinə aiddir. Onlar erməniləri ayağa qaldırmaq üçün dəridən-qabıqdan çıxırlar. Ona görə Paşinyan administrasiyası barədə satqın, milli maraqlara xəyanət edən, torpaqları bağışlayan rəy formalaşdırır. Amma cəmiyyətin siyasiləşmiş və intellektual təbəqəsi qəbul edir ki, bu yalanlara uymaq geriyə qayıtmaqdır, irəlidə isə sərhəd postlarını qurmaq, sülhə nail olmaq, yekunda Türkiyə ilə quru sərhədlərin açılması var ki, ölkəni Avropaya çıxara bilər. Şərəfi olmayan Sərkisyanın "Şərəfim var" fraksiyası bəs nə təklif edə bilər? O baxımdan, sərhəd koordinatlarının məxfi saxlandığı haqda ortaya atılan bu iddialar əslində Paşinyanın xalqdan xəbərsiz guya ölkənin mənafeyinin əleyhinə gizli iş apardığı təsəvvürünü yaratmaqdır".

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə anklav kəndlərin Azərbaycana verilməsində ciddi əngəl olduğunu görür. Onun sözlərinə görə, bu mövzu hər dəfə gündəmə gələndə Paşinyan Başkəndi xatırladır: “Ermənistan hansısa ərazi mübadiləsindən danışır. Azərbaycan isə buna getməyəcək. O halda, məsələ uzana bilər. Delimitasiya ağır prosesdir. Bu işi sürətlə həyata keçirmək lazımdır. Gələcəkdə ciddi problemlər olmasın deyə Paşinyan dövründə xeyli irəliləmək mütləqdir. Çünki iqtidar dəyişə bilər və nəticədə yeni hökumət işi yubadar. Biz buna hazır olmalıyıq deyə proses sürətlənməlidir. Hazırda tərəflər İran istiqamətində delimitasiyanı razılaşdırıb. Bu mərhələni tezliklə yekunlaşdıra bilsək, 2026-ya qədər böyük yol qət etmiş ola bilərik. Fikrimcə, Ermənistanda revanş ovqatında olan mərkəzlər və onlara bağlı media resursları cığallıq edirlər, ara qarışdırırlar”.

“Yeni Müsavat”

Geri qayıt