Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi:
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi:Bu gün, 12:34 |
“Günümüzün əsas deyimlərindən biri də belədir ki, oxumaq heç vaxt gec deyil. Amma görünən odur ki, bəzi məktəb rəhbərlərinin tələbə ilə mübarizə aparması bu deyimin gerçəkliyini sual altına salır. Xüsusilə də təhsil müəssisələrinin rəhbər heyətinin tələbəyə qarşı olan münasibəti oxumaq istəyini tamamilə yox edir. Min bir əziyyətlə pul toplayıb yeni ixtisasa yiyələnmək üçün addım atmağa qərar verdim. Amma qəbul olunduğum Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva kollecin bərbad durumunu işıqlandırdığım üçün məni hədəf alaraq mübarizəyə başladı, nəticədə isə mən yenidən təhsildən kənarda qaldım”. Belə bir şikayətlə “Cebheinfo.az”-a Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədova müraciət edib. Bundan əvvəlki müraciətində Almaz Məmmədova direktor Sevinc Həmzəyevanın ona qarşı olan fəaliyyətindən danışıb. (Şikayəti buradan oxuya bilərsiz) Almaz Məmmədova bu dəfə elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək təhsilinin dayandırmaq məcburiyyətində qaldığını və ödədiyi təhsil haqqının geri qaytarılmasını xahiş edib. Müraciətdə Almaz Məmmədova oxuduğu Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyevanın onu hədəfə aldığını, təhsil müəssisəsində tələbə üçün lazım olan vəsaitlərin, hətta laboratoriya otağının olmadığını, buna rəğmən spesifik fənlərin tədris edildiyini deyir: “Belə bir fonda tələbə qəbulunun davam etdirilməsi burada başqa məqsədlərin olduğuna işarədir”. Şikayətçi nazirə müraciətində eyni zamanda direktorun bir tələbəyə qarşı olan qeyri-adekvat münasibətindən də bəhs edib. Almaz Məmmədova “Cebheinfo.az”-a deyib ki, təhsilini dayandırmağa məcburdur: “Bir direktor tələbə ilə mübarizə aparmamalıdır. Hələ “vor v zakone” terminləri ilə tələbə ilə danışmaq bir direktor üçün heç də yaxşı reputasiya deyil. Mən mediada Sevinc Həmzəyeva ilə bağlı qısa araşdırma etdim. Onunla bağlı müxtəlif vaxtlarda mediada oxşar şikayətlər səslənib. Bu da əslində Sevinc Həmzəyevanın direktor kimi fəaliyyət göstərməsinin uyğun olmadığını, tədris prosesinə çox mənfi təsir etdiyini göstərir. Buna da rəhbər qurumlar olan Elm və Təhsil Nazirliyi, eyni zamanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor seçimlərinə daha ehtiyatlı yanaşmasının vacibdir. Ümid edirəm ki, təhsil sisteminə rəhbərlik edən bu qurumlar mediada gedən şikayətləri diqqətə alaraq ən azından bir araşdırma başladar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, adıçəkilən kollec Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində fəaliyyət göstərdiyi üçün onlar da bu tip məsələlərə ehtiyyatlı yanaşmalıdır”. Qeyd edək ki, Almaz Məmmədovanın şikayəti ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci ilə əlaqə saxlamışdıq. Kollecinin şöbə müdiri Tahirə İsmayılova məsələdən məlumatsız olduğunu bildirmişdi: “Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm”. Geri qayıt |