Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir

Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir


Bu gün, 08:17
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir
Ermənistanın paytaxtı İrəvanın mərkəzi Respublika meydanında “Qarabağ” mahnısının Güney azərbaycanlılar tərəfindən səsləndirilməsi ətrafında erməni “şərhləri” davam edir.

Axar.az xəbər verir ki, erməni politoloq Argişti Kiviryan bu mahnının səslənməsi ilə Azərbaycan liderinin Ermənistanda faşizm olması barədə sözlərinin üst-üstə düşməsini “təsadüfi” saymayıb.

Buna baxmayaraq, bu məqamda ermənilərin faşist kimi göründüyünü də etiraf edib:

“İlham Əliyevə bu ritorikanı inkişaf etdirməyə imkan verəcək vəziyyət yaranıb. Mən istisna etmirəm ki, azərbaycanlılara müxtəlif səbəblər verilir. Baxmayaraq ki, müharibəyə başlamaq üçün onlara böyük ölçüdə səbəblər lazımdır, ancaq bu, (“Qarabağ” mahnısına ermənilərin reaksiyası – red.) effekti artırır. Türkiyə və Azərbaycanın əhatəsində olan, hakimiyyətdə Paşinyanın olduğu Ermənistan cəmiyyəti tələyə düşməmək üçün diqqətli olmalıdır. Mən təsadüflərə inanmıram”.

O bildirib ki, təxminən eyni şey 2018-ci ildə hakimiyyət gümüş nimçədə Nikol Paşinyana təhvil verilərkən də yaşanıb:

“Hakimiyyəti təslim edənlər başa düşdülər ki, 2016-cı ildən bəri masada iki məsələ var - 5 rayonun qaytarılması, ya da müharibə. Hakimiyyətin təhvil verilməsindən sonra müxtəlif platformalarda Paşinyanın torpaqları təhvil verməyə gəldiyi barədə bəyanatlar səsləndirildi. Hər şey elə edildi ki, Paşinyan 5 rayonu “təslim etmək” (qaytarmaq – red.) haqqında düşünməsin və o da müharibəni seçdi. Eyni zamanda, Paşinyan bunu qismən etiraf etdi və belə bir seçim Qarabağın itirilməsinə və çoxsaylı qurbanlara səbəb oldu. Amma bu, Paşinyana haqq qazandırmır, çünki ölkə rəhbərliyini üzərinizə götürürsünüzsə, deməli, məsuliyyət daşıyırsınız. Paşinyan bunu inadla qəbul etmir. 44 günlük müharibədə məğlubiyyətin tam məsuliyyətini məhz o daşıyır. Əgər bunu edə bilməzsənsə, istefa verməli idin”.

Qeyd edək ki, Ermənistan MTX-nin məlumatına görə, Respublika meydanında “Qarabağ” mahnısını oxuyanlar 30 dekabr 2024-3 yanvar 2025-ci il tarixlərində İrəvanda olan İran vətəndaşları, Güney azərbaycanlılardır. Bu ifanı xüsusi statusla paylaşan Qərib Babayana qarşı “nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması” ittihamı irəli sürülsə də, o, həbs olunmayıb və polis nəzarətinə verilib.

İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa edənlərdən biri – Milard Vahidini isə 1 fevralda tamamilə başqa ittihamla, şərləyərək həbs ediblər. Guya o, İrəvanda ictimai nəqliyyatda asayişi pozub və bir neçə ermənini döyüb.

Geri qayıt