Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qatillərin azad olunmasını istəyən AŞ PA...

Qatillərin azad olunmasını istəyən AŞ PA...


Bu gün, 09:50
Qatillərin azad olunmasını istəyən AŞ PA...
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətnamədə deyilir ki, 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işi yüksək qiymətləndirilir.

Sənəddə Azərbaycan və Gürcüstan da daxil olmaqla, bəzi ölkələrdə “demokratiyadan geri çəkilmə və insan hüquqlarının pozulması” ilə bağlı narahatlıq ifadə olunub.

Qətnamədə “Azərbaycanda demokratiyanın, qanunun aliliyinin və insan hüquqlarının getdikcə pisləşməsindən ciddi narahatlıq vurğulanır, siyasi motivli ittihamlarla tutulanların hamısını dərhal azad etməyə çağırılır”.

O cümlədən hakimiyyət Venesiya Komissiyasının tövsiyələrini nəzərə alaraq, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları haqqında qanunları dəyişdirməyə çağırılır.

AŞ PA rəsmi Bakını “həll olunmamış bütün məsələlər ilə əlaqədar” Avropa Şurası orqanları ilə konstruktiv dialoqa başlamağa çağırıb.

Həmçinin qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası saxlanılan Qarabağ separatçılarının və həbs edilmiş digər ermənilərin" vəziyyətini izləməyə davam edir", “bu adamları azad etməklə bağlı Azərbaycana çağırışını təkrarlayır”.

Qeyd edək ki, AŞ PA-nın yanvarın 27-də start götürən qış sessiyasında Azərbaycanın nümayəndə heyəti iştirak etmir.

Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər həyata keçirmiş, müharibə cinayətinə yol vermis qatillərin azad edilməsi çağırışını eləyən AŞ PA-nın Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti barədə danışmağa, bu istiqamətdə çağırışlar etməyə haqqı çatırmı? Qatilləri müdafiə etməklə AŞ PA əsl sifətini bir daha ortaya qoyur?

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, AŞ PA yenə də ikili standartlardan yanaşma, yenə də dezinformasiya əsasında mövqe ortaya qoyub: “Azərbaycana qarşı yenə də həmişəki absurd ittihamlar, absurd çağırışlar edilib. Azərbaycana qarşı faktiki olaraq böhtan atılıb. Bütün bunlar əslində eyni mərkəzdən idarə olunur. Bu prosesdə Fransa çox böyük canfəşanlıq göstərir. Fevral ayında AŞ PA-da Azərbaycan nümayəndə heyətinin təsdiqi məsələsi gündəmə gəlməlidir. Fransa çalışır ki, bu baş verməsin və Azərbaycanın AŞ PA-da təmsilçiliyi növbəti bir il üçün də dondurulsun. Fransa gələcəkdə Azərbaycanın AŞ PA-dan çıxarılmasını da tələb edir və buna çalışır. Almaniya və Fransadan olan deputatların ölkəmizlə bağlı səsləndirdikləri ittihamların nə qədər əsassız və hüquqazidd olduğunu bircə fakt təsdiqləyir. Parlamentarilər utanmadan erməni hərbi canilərin azadlığa buraxılmasını tələb edirlər. AŞ PA-nın deputatları görün hansı səviyyədədirlər ki, terrorçulara, müharibə canilərinə azadlıq istəyirlər. Onlar belə çıxır ki, şeytana qulluq edirlər? Soyqırımı törətmiş, bəşəri cinayətə yol vermiş şəxsləri siyasi məhbus kimi təqdim etməyə çalışırlar. Bununla AŞ PA deputatları əslində kimliklərini ortaya qoyurlar. Hərbi caniləri siyasi məhbus adlandırmaları, azadlığa buraxılmalarına çağırış etmələri o deputatların kimliyini ortaya qoyur. Onların bu addımı həm də beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara, insan hüquqlarına tüpürməkdir. Azərbaycan bu cür tələbləri rədd edir. Azərbaycan-AŞ PA münasibətləri artıq sıfır səviyyəsinə düşüb. Gürcüstan-AŞPA münasibətləri də sıfır səviyyəsinə enir. Bu, gələcəkdə domino effekti yarada bilər ki, AŞ PA daxilində siyasi böhran demək olacaq. AŞ PA üzvlərinin gələcəkdə sayı azalacaq. Bu, AŞ PA-da proseslərin baş-ayaq getdiyini təsdiqləyir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, AŞ PA növbəti dəfə öz qərəzli mövqeyini ortaya qoyur və burada müxtəlif çağırışlar eşidilməkdədir: “İnsan haqları, media və qeyri-hökumət təşkilatları, siyasi partiyalarla bağlı ölkəmiz əleyhinə fikirlərlə yanaşı, bir sıra absurd və məntiqdən kənar fikirlər də yer alır. Xüsusilə hiddət doğuran məqam Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş, terrora başçılıq etmiş, terror maliyyələşdirmiş qatillərə azadlıq çağırışıdır. Bu, tamamilə qəbul olunmazdır. Demokratiya və insan haqlarını önə çəkən bu institut təəssüflər olsun ki, canilərə də bəraət qazandırmağa cəhd edir və qeyd olunur ki, həmin şəxslərin vəziyyətini izləyir. Hesab edirəm ki, bu, suveren dövlətin daxili işlərinə qarışmaqdır, eyni zamanda terrorçuları müdafiə edərək terrorizmə stimul verməkdur. AŞ PA öz maraqlarını, bir sıra dövlətlərin maraqlarını Azərbaycana tətbiq etməyə cəhd göstərir. İnsanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə azadlıq çağırışı eləyən bir beynəlxalq təşkilat Azərbaycandan nələrisə tələb etmək, Azərbaycana qarşı ölçü götürmək məsələsini irəli sürmək haqqını itirib. AŞ PA Fransa kimi dövlətlərin əlində oyuncağa çevrilib. İndi isə onun adına terrorçulara, terrorizmə dəstək verən təşkilat adı əlavə edilmiş oldu. Bu adı AŞ PA özü qazandı. Konstruktiv dialoqa çağıran AŞ PA funksionerləri öncə özlərinin törətdikləri korrupsiya cinayətlərinə cavab verməlidirlər. Onların bəzilərinin cinayətləri artıq sübuta yetirilib. Azərbaycan üçün belələrinin qəbul etdiyi sifarişli qətnamə kağız parçasından başqa bir şey deyil və hüquqi əsası yoxdur”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya deyib ki, AŞ PA-nın bu qətnaməsi növbəti dəfə ölkəmizə qarşı ədalətsiz münasibətin ifadəsidir: “AŞ PA sübut edir ki, Azərbaycana təzyiq üçün alətə çevrilib. Azərbaycan hər zaman konstruktiv dialoqa açıq olduğunu deyib. Amma görünən budur ki, AŞ PA bunda maraqlı deyil. Hər dəfə şər-böhtan xarakterli qətnamələr, bəyanatlar ortaya çıxır. Bunlar təzyiq xarakterli mövqedir. Azərbaycan isə bəyan edir ki, heç kəs bizimlə təzyiq dilində danışa bilməz”.

Məlahət İbrahimqızının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyi üçün hədəfə gəlib: “Bizi ittiham edirlər ki, niyə ölkəmizdən separatçıları çıxardınız? Əksinə, AŞ PA ona üzv ölkənin ərazi bütövlüyünün bərpa olunmasını alqışlamalıdır. Ümumiyyətlə, AŞ PA-nın mahiyyəti odur. Yəni AŞ PA-ya üzv ölkələri 1-ci və 2-ci sinif ölkələrə bölürlər. Ölkəmizə qarşı da daima qərəzli münasibət göstəriblər. Ermənistan işğalçı olduğu halda, Azərbaycan isə işğala məruz qaldığı halda bu iki ölkəyə yanaşma eyni olub, yenə də belədir. Azərbaycan hansısa təşkilatın və ya qurumun taşeron şirkəti deyil. Azərbaycan xalqı öz qüdrətini dünyaya dəfələrlə sübut edib”.

Geri qayıt