Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım?
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım?Dünən, 17:19 |
Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiyməti artırılıb. Bu il Həcc ziyarəti 5 950 ABŞ dollarına başa gələcək. Bu, ötən ilə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər indiki məzənnə ilə 10115 manat ödəməlidir. Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan Qafqaz Müsəlmanları İdarəsinin əhalini yanlış məlumatlandırdığını bildirib. O, “Facebook” sosial şəbəkə hesabında paylaşım edərək, “10 min manat verib getməkdənsə, işğaldan azad edilmiş torpaqlarda bir şəhid bulağı tikmək 70 Həcc savabına bərabərdir. Yetim tələbənin təhsil haqqını ödəmək isə 100 Həcc savabına bərabərdir. Çarəsiz xəstələrə, evsiz məzlumlara yardım etmək isə cənnəti qazanmaqdır. Ya bu xeyirxah əməllər, ya da bir "hacı" adını qazanmaq üçün 10-15 minin israfı... Seçim sizindir. Buyurun...”,-deyə yazıb. Maraqlıdır, 10115 manat ödəyərək Həcc ziyarətinə getməyin savabı ilə həmin pulu xeyirxah əməllərə xərcləmənin savabını eyniləşdirmək olarmı? Məsələ ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, Allahın bizdən istədiyi Həcc indiki Həcc ziyarəti deyil: “Həmin adam həm kasıblara kömək etsə, həm xəstələrə dəstək olsa, həm də Həccə getsə, o zaman nə deyəcəksiniz? Birincisi, Quranda Həcc var. Amma Həcc tək müsəlmanlarla yox, insanlıqla bağlıdır. Amma təəssüf ki, bugünkü Həccdə müsəlman olmayanlara, daha doğrusu, şəxsiyyət vəsiqəsinə görə müsəlman ölkələrində yaşamayanları qəbul etmirlər. İkinci bir məsələ odur ki, Allahın istədiyi Həcc bu gün həyata keçirilən Həcc deyil. Ona görə də siz ora pul verdiniz və ya vermədiniz, lap Məkkənin özündə yaşasanız, lap pulsuz getsəniz, fərqi yoxdur. Yəni oradakı məqsəd gedib haradasa bu qədər əziyyət çəkib Kəbənin ətrafında fırlanmaqdanmı ibarətdir? Oradakı məqsəd Səfa və Mərvə arasında qaçmaqdanmı ibarətdir? Bu gün marafona gedənlər də bunu edir. Onda Həccin faydası nədir? Sonra da otelə, ağız dadına uyğun yemək axtarmağa gedirsən. Hansı restoran yaxşıdır və s. kimi müzakirə aparırsan. Sənin 3 həftən belə keçir. Sonra Mina, Müzdəlifə, Ərafat deyilən yerlərə gedirsən. Orda da 3 günün içində insanları bir araya yığırlar, vəssalam. İnsanlar bir çadırda qalır. Sonra da şeytanı daşlayırlar. Bununla da missiyalarını tamamlamış olurlar. Qayıdanda Nisa təvafı (Həcc ayini boyunca insan öz həyat yoldaşı ilə məhrəm münasibətdə ola bilməz. Nisa təvafı bu qadağanı aradan götürmək üçün yerinə yetirilir. Əgər insan Nisa təvafını yerinə yetirmədən Məkkədən çıxsa, öz həyat yoldaşı ilə məhrəm münasibətdə olmaq qadağası öz qüvvəsində qalır. Bu qadağanı aradan qaldırmaq üçün ya özü bir daha Həccə gedib Nisa təvafını yerinə yetirməli, ya da öz əvəzinə naib göndərməlidir. Bu qayda cəfəri məzhəbinə aiddir-red.)deyilən bir şey var, qadın təvafı. Kişi o Nisa təvafını eləməsə, evdə həyat yoldaşı ona haram olur. Allahın bizdən istədiyi Həcc bu deyil”. Elşad Miri qeyd edib ki, 10 min verib Həccə gedənlər supermüsəlman olaraq geri qayıtmır, yenə eyni insandır: “Allahın istədiyi Həcc hər kəsin ora getməsi deyil. Quranda Ənnas, yəni insanlığı təmsil edən şəxslərin gəlməsidir. Bu, bir növ Birləşmiş Millətlər Təşkilatının Allahın 1400 il əvvəl bizdən istədiyi bir formatıdır. BMT 1945-ci ildə qurulub, amma bundan əsrlər əvvəl Allah bizdən bunu tələb edib. Hətta Quran Yerə enməmişdən əvvəl də bu tələb olunub. İbrahim peyğəmbərin dövründə də bu vardı. Orda da İbrahim peyğəmbər müsəlmanları demir, insanları deyir. Hansı insanları? İnsanları, ölkələri təmsil edənləri deyir, pul yığıb gələnləri demir. Məsələn, ölkəmiz adından kimsə - nazir, millət vəkili gedib orda insanlıq problemlərinin aradan qaldırılması üçün çıxış edə bilər”. Geri qayıt |