Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər”
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər”Dünən, 10:15 |
Ağsu rayonunda fəaliyyət göstərən sahibkar Novruz Gülməmmədov keçmiş işçisinin ona xeyli miqdarda zərər vurduğunu və məhkəmənin bu əmələ uyğun cəza vermədiyini iddia edir. “Qafqazinfo”ya müraciət edən iş adamı bildirib ki, rəhbəri olduğu istirahət mərkəzində inzibatçı vəzifəsində işləmiş Adil Əsədov ona və digər işçilərə ümumilikdə 48 min manat maddi ziyan vurub. Bu faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü (Dələduzluq və mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb: “Həmin şəxs təkcə mənim 31 428 manat pulumu mənimsəyərək ələ keçirib. İbtidai istintaq zamanı Adil Əsədov vurduğu ziyanın 13 min manatını ödəməyə razılaşdı. Lakin biz dəymiş zərərin tamamilə ödənilməsini tələb etdik və təklif edilən pulu qəbul etmədik. Düşünürdük ki, Ağsu Rayon Məhkəməsi məsələyə adekvat münasibət göstərəcək. Lakin məhkəmədə dövlət ittihamçısı Adil Əsədova 5 il həbs cəzasının verilməsini tələb etsə də, ona törətdiyi əməl üzrə ən yüngül cəza təyin edildi. Hökmə əsasən, Adil azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək dərhal azadlığa buraxıldı. Mülki iddianın isə cəmi 4 500 manatlıq hissəsi təmin edildi ki, onun da hissə-hissə nə vaxt ödəniləcəyi məlum deyil. Halbuki ibtidai istintaqda təqsirləndirilən şəxs daha çox məbləği qaytarmaq niyyətində idi”. Fotoda: Novruz Gülməmmədov Şikayətçi bildirib ki, məhkəmə prosesi dövründə Ayxan adlı şəxs ondan məhkəmədə işin onun lehinə həll edilməsi üçün pul tələb edib: “Məndən hakimə verilməsi üçün pul tələb edildi. Lakin mən haqlı olduğum işdə kiməsə pul vermək niyyətində olmadığımı bildirərək buna etiraz etdim, məhkəmənin ədalətli hökm çıxaracağına inandım”. N.Gülməmmədov adını çəkdiyi Ayxan adlı şəxsin məhkəmə hakimi Babək Qasımovun xalası oğlu olduğunu iddia edib: “Əslində məhkəmədə hakimin qohumunun işləməsi qanunla qadağandır. Mən məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Həmçinin hökmdən Şəki Apellyasiya Məhkəməsinə şikayət etmişəm. Bundan başqa, prokurorluq da hökmə etirazını bildirərək apellyasiya instansiyasına protest verib”. İddialarla əlaqədar Ağsu Rayon Məhkəməsinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, qeyd edilən məsələlər həqiqətə uyğun deyil: “Deyilənlər hər hansı sübuta söykənmir. Bununla yanaşı, əgər tərəf iddia etdiyi məsələlərdə haqlı olduğunu hesab edirsə, aidiyyəti orqanlara müraciət edə bilər. Eyni zamanda şikayətçi iş üzrə hakimin konkret məhkəmə işi ilə bağlı qəbul etdiyi qərarı yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququna malikdir”. Geri qayıt |