Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ:

Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ:


Dünən, 19:00
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ:
Yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın artıq sabiq olan dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”.

Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”.

Bundan üç gün sonra isə Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzaladılar. Mərasim Kremldə aparılan danışıqlardan sonra baş tutdu.

Bildirilir ki, sənəd Moskva ilə Tehran arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır. Saziş həmçinin uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi baza yaradır. İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.

Yerli və beynəlxalq ekspertlər hesab edirlər ki, imzalanan hər iki sənəd böyük güclərin Qafqazda möhkəmlənmə mübarizəsinin göstəricisidir. Bu sazişlərin regiona təsirlərinin mənfi olacağı qənaətini bölüşənlərin sayı çoxdur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli isə hesab edir ki, məsələni çox şişirtməyə ehtiyac yoxdur:

- Birinci Vaşinqtonla İrəvan arasında imzalanan sənədə baxaq. Bu sənəd Ermənistanın xarici siyasətində strateji dönüşə işarədir. Bundan əvvəl də Ermənistan Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini parlamentə təqdim etdi. Yəni hər iki addımla Ermənistan açıq şəkildə üzünü Qərbə doğru çevirdiyini təsdiqləmiş oldu. Təbii ki, rəsmi İrəvan Rusiya ilə də münasibətləri pozmamağa çalışır. Demək olar ki, Qərbə inteqrasiya siyasətini ehtiyyatlı şəkildə aparır.

Konkret imzalanmış sənədə gəlincə, bunu Vaşinqtonla İrəvan arasında müttəfiqlik münasibətləri kimi təqdim olunması da doğru deyil. Bu, hələlik strateji tərəfdaşlıq sənədidir, konkret hərbi müttəfiqlikdən söhbət getmir. Bu sənəd Ermənistanın təhlükəsizliyinə hansısa zəmanət vermir. Əlbəttə, sənəd özlüyündə Ermənistan üçün əhəmiyyətlidir, amma ajiotaja da ehtiyac yoxdur. Sazişin əhəmiyyətini nə çox şişirtməyə ehtiyac var, nə də çox azaltmaq lazımdır. Olduğu kimi qiymətləndirsək, demək olar ki, iki ölkənin bütün sahələrdə əməkdaşlığı daha üst səviyyəyə yüksəldilir.

- Blinken sərhəd təhlükəsizliyi ilə bağlı Ermənistana xüsusi qrupun göndəriləcəyini də bəyan etdi. Bu qrupun sizcə işi nə olacaq?

- Bu, əlbəttə, önəmli məqamdır. Düzdür, tam aydın deyil ki, söhbət hərbi nümayəndə heyətindən gedir, yoxsa mülki heyətdən gedir. Bu, texniki detaldır. Amma həqiqət ondan ibarətdir ki, ABŞ Ermənistanda Rusiyanın və İranın ttəsir boşluğunu doldurmağa çalışır. Ümumilikdə, Qərb Rusiyanın bölgədəki boşluqlarını doldurmaq siyasəti yürüdür. Eyni zamanda, əsas məsələ odur ki, Vaşinqtonun Cənubi Qafqaza diqqəti artıb. İndi demək olar ki, bölgədə Qərblə Rusiya arasında ciddi rəqabət başlayıb, hətta bu rəqabətin qaynar mərhələsini müşahidə edirik.

- Bu sənədin Azərbaycana təsirləri nələrdir?

- Təbii ki, Vaşinqtonla İrəvan arasında imzalanan saziş Azərbaycana qarşı yönəlməyib. Burada Azərbaycana qarşı heç bir təhlükə görmürəm. Bəziləri bildirir ki, Qərbin Ermənistanda Rusiya boşluğunu doldurması Azərbaycana təhlükədir. Amma düşünürəm ki, bu, Azərbaycanın maraqlarına təhdid yaratmır. Əksinə, bu, bizim xeyirimizədir. Bölgədə həm dayanıqlı sülhün, iqtisadi dirçəlişin əldə olunmasına təkan verən prosesdir. Əslində bu, Rusiya və İrana qarşı yönəlib, əsasən də Rusiyaya.

- Bu məqamda Rusiya ilə İran arasında əməkdaşlıq sazişi imzalandı. Bu iki sənədi bir-biri ilə bağlayan səbəblər varmı?

- Rusiya ilə İran arasında imzalanan sənəd son vaxtlar həm Yaxın Şərqdə, həm də Ukraynada baş verən hadisələrin nəticəsində ortaya çıxan sənəddir. Daha doğrusu, Moskva və Tehran arasında imzalanan saziş yeni qlobal geosiyasi reallıqlardan irəli gələn sənəddir. Məlumdur ki, İran ötən il çox ciddi zərbələr aldı. Tehranın sponsorluq etdiyi Yaxın Şərqdəki proksi qruplar İsrail tərəfindən böyük ölçüdə əzildi. “Hizbullah” və HƏMAS-a divan tutuldu, ağır zərbələr vuruldu. Eyni zamanda, İranın Suriyada dəstəklədiyi Bəşər Əsəd rehimi devrildi. Demək olar ki, İran Suriyada, Yaxın Şərqdə öz mövqelərini itirdi. Hansı ki, bu Tehran bu regional konfiqurasiyanı illərlə, böyük əziyyət və maliyyə hesabına qurmuşdu və bu konfiqurasiya çökdü. Bu baxımdan, İranın ciddi xarici dəstəyə ehtiyacı var. Bu dəstək də Rusiyanın timsalında özünü göstərir.

Həmçinin Rusiyanın özünün də vəziyyəti ürəkaçan deyil. Son aylar Rusiya Ukraynada irəliləsə də, çox ciddi iqtisadi böhran tendensiyaları başlayıb, qlobal miqyasda mövqeləri zəifləyib. Ona görə də Rusiya və İranın indi bir-birinə ehtiyacı yaranıb. İmzalanan sənəd də bu ehtiyacdan irəli gəlir. Qərb tərəfindən təzyiqə məruz qalan hər iki dövlət bir-birinə yapışaraq ayaqda qalmağa çalışır. Amma hesab edirəm ki, bu sazişi də həddən artıq böyütməyə ehtiyac yoxdur. Bu sənəd də Tehranla Moskva arasında müttəfiqlik sənədi deyil. Həmçinin bu iki ölkə arasında qarşılıqlı etimadın olduğu da ağlabatan deyil. Vaşinqton-İrəvan və Moskva-Tehran sazişlərinin bir-biri ilə əlaqəsinin olduğunu sanmıram. Dediyim kimi, Rusiya və İran Qərbin təzyiqləri altındadırlar. Belə bir sənəd imzalamaqla bu təzyiqlərdən özlərini qorumağa çalışırlar. Təbii ki, Qərbin təzyiqləri sırasında sanksiyalarla yanaşı, Rusiya və İrana yaxın bölgədə möhkəmlənmə siyasəti də var.

Geri qayıt