Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR?
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR?Bu gün, 12:28 |
Şəkinin Dodu məhəlləsində sürüşmə aktivliyi davam edir. Şəki şəhərinin 18-ci rayon, Tolstoy küçəsində bir neçə ailə artıq üç ildir səksəkədə yaşayır. Xüsusən yaz və payız aylarında güclü leysan yağandan sonra dağın ətəyindəki evlərin həyətində sürüşmə aktivləşir. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, seysmik aktivlik son günlərdə sakinlərin evlərində də müşahidə edilir ki, bu da mənzillərdə çatların əmələ gəlməsi, divarların genişlənməsi ilə nəticələnir. Şəki şəhəri relyefinə görə dağlıq və dağətəyi ərazidə yerləşir. Sakinlər də əsrlərdir bu relyefin tələblərinə uyğun ev tikib, inşaat işləri aparır. Şəhərin Dodu məhəlləsindəki Tolstoy küçəsində sakinlərin əksərinin evləri dağın ətəyində tikilib. Küçənin bir qolu da dörd ailənin yaşadığı digər istiqamətə uzanır. Məhz seysmik aktivlik olan əraziyə... Sürüşmə hadisəsi 2022-ci ilin aprel ayından başlayıb. Qeyd edək ki, 2022-ci ildə aidiyyəti orqanların nümayəndələri yaranmış vəziyyətlə bağlı sözügedən əraziyə baxış keçiriblər. Sürüşən torpaq qatının qarşısını almaq üçün qoruyucu divar çəkiləcəyi vəd olunub. Amma bu istiqamətdə heç bir iş görülməyib. Məhəllə sakini Teyyub Məmmədov bildirir ki, bu ev ona babasından qalıb. Sadəcə ailə üzvlərinin sayı artdıqca evin ətrafında tikinti aparıb, genişləndiriblər. Lakin son illər xüsusən həyətdə eləcə də mənzildə sürüşmədən sonra çatlar əmələ gəlir və getdikcə genişlənir. Onun sözlərinə görə yağışlar və sürüşmə aktivləşəndən sonra onun həyətinin qarşısında inşa etdiyi 22 metr uzunluğunda, iki metr enində olan dağ hasar dağılıb. Evinin artırmasındakı dəmir dirəklərin betonları, eləcə də su və kanalizasiya xətləri də sürüşməyə məruz qalaraq qırılır. “Yağışlar nəticəsində həyətyanı divarım uçub. Hazırda sürüşmə zonası olduğundan hər yağış yağanda torpaq da uçur gedir. Bura isə qonşu ilə ara divarıdır. O da hər gün çatlayıb dağlır. Allah eləməsin cüzi zəlzələ ya yağış yağası olsa, bu evlərdən əsər- əlamət qalmayacaq” deyən Teyyub Məmmədov rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və müvafiq qurumların nümayəndələrinin hadisə yerinə baxış keçirdiklərini lakin bir tədbir görülmədiyini bildirir. Qonşuluqda yaşayan Taleh Şahnazarovun da həyət və mənzilində sürüşmədən sonra xeyli ciddi fəsadlar əmələ gəlib. Taleh bildirir ki, onların da yurdu 60-70 il əvvəl salınıb. Lakin son illər fəsadlar əmələ gəlməyə başlayıb. Xüsusən həyətin sonunda beton hasar inşa etdiklərini bildirən Taleh qeyd edir ki, 2 metr enindəki hasar zaman-zaman əyilməyə başlayıb. Təkliflər verilib, cavab isə geçikir... Dodu məhəlləsində sakinlərin qarşılaşdığı problemin həlli ilə bağlı müvafiq qurumların nə kimi tədbirlər görəcəyi ilə maraqlandıq. Şəki şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsindən Bizim.Media-ya bildirildi ki, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilərək müvafiq akt tərtib edilib və həmin akt Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti müvafiq tədbirlər görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə tapşırıq verib. Öz növbəsində Fövqəladə Hallar Nazirliyi yaşayış evinin dayanıqlığına yaranmış təhlükənin qarşısının alınması məqsədilə ərazidə və həyətyanı sahədə uçmuş istinad divarının bərpası və ya yenisinin inşasının məqsədəmüvafiq olduğu barədə Nazirlər Kabinetinə təklif verib. Hazırda məsələyə Nazirlər Kabinetində baxılır. Maliyyə vəsaiti ayrılan kimi ərazidə bərpa işlərinə başlanması nəzərdə tutulur. Ümid edək ki, yaz yağışları bərpa olunana kimi sakinlərin bu qayğısı həllini tapacaq və mənzillərində rahat yaşaya biləcəklər. Geri qayıt |