Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİRDünən, 12:33 |
Gəncə şəhərinin bir qrup sakini tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Gəncədə marşrut xətlərində 1992-1993-cü illərdən qalma sınıq-salxaq avtobusların fəaliyyət göstərməsindən şikayət edirlər: “Hörmətli redaksiya! Sizdən xahiş edirik ki, illərdir mövcud olan problemimizi işıqlandırasınız. Diqqətinizə çatdıraq ki, Gəncə şəhərində ictimai nəqliyyatın vəziyyəti bərbad gündədir. Avtobusların əksəriyyəti 1992-1993-cü illərdən qalmadır, içləri görünüşlərindən də bərbad gündədir. İçəridə qazın və kirin iyisindən oturmaq mümkün deyil. Sürücülərə məcburiyyətdən bu maşınları idarə edirlər. Siqaret çəkməyə və yaxud yemək yeməyə belə, vaxtları olmur. Gəncədə dayanacaqlar da bərbad gündədir. Kim harda istəyir, orada da avtobusu saxlatdırır. Bildiyiniz kimi, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Lakin burda vəziyyət ürəkaçan deyil. İş yox, nəqliyyat bərbad gündə, yollar dağılır. Bir sözlə, şəhər baxımsız vəziyyətdədir. Sürücülərin hər biri gün ərzində 14-15 saat işləyirlər. İstirahət vaxtları belə, yoxdur. Həm maşın sürür, həm də çörək yeyirlər. Bu məsələyə diqqət ayrılmalı, ciddi tədbir görülməlidir. Vaxt problemi olduğu üçün sürücülər də maşını təhlükəli idarə edirlər. Gəncə şəhərində 3-4 yeni avtobus var ki, onların daxili və xarici görünüşləri normaldır, amma onlar da vaxtla əlaqədar olaraq təhlükəli idarə edirlər. Dispeçer sadəcə yolun qırağında durub, pul yığmaq üçün fəaliyyət göstərir. Əhalini fikirləşən yoxdur. Üstəlik, bu cür yararsız avtobuslarda gediş haqqının 50 qəpik olması da çoxdur. Daha bir vacib məsələ isə odur ki, axşam saat 8-dən sonra şəhərdə avtobus tapmaq mümkün olmur. Bir çoxları planı təhvil verdiyi üçün evinə gedir, əziyyət çəkən sakinlər olur. Biz sakinlər sizin qəzet və sayt vasitəsilə Yerüstü Nəqliyyat Agentliyinə müraciət edirik. Xahiş edirik, bu yaman günlü avtobusları şəhərdən çıxarsınlar. Onu da qeyd edək ki, rayonlarda ictimai nəqliyyat daha bərbad gündədir”. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır: “Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur. Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Qeyd edək ki, Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində sərnişindaşımaya 18 yeni və müasir avtobus cəlb edilib. 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro-6 standartlarına cavab verir. Avtobusların yenilənməsi mərhələli şəkildə davam etdiriləcək”. Geri qayıt |