Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Xamenei Azərbaycandan üzr istəməlidir!
Xamenei Azərbaycandan üzr istəməlidir!Bu gün, 15:42 |
İki gün əvvəl Azərbaycana səfər edən İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian Prezident İlham Əliyevlə görüşdə ölkəmizi dost və qardaş adlandırıb, Azərbaycanın ərazilərini işğaldan azad etməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına görə çox sevindiklərini deyib. Əhmədian bu sözlərində nə qədər səmimidir? Onun fikirlərini İranın mövqeyi kimi qəbul etmək olarmı? Mövzu ilə bağlı TNS suallarını “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan cavablandırıb. S. Soltan deyib ki, İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb: “Əslində dövlətlərarası münasibətlərdə səmimiyyət axtarmaq doğru deyil. Amma xoşməramlılıq, normal qonşuluq və s. məsələlər var. Həm də Azərbaycan-İran münbasibətləri başqa ölkələrin münasibətlərindən fərqlənir. Tutaq ki, Mozambiklə münasibətlərdə əsas dövlət maraqlarıdır. Amma İranla Azərbaycan qonşudur, bizi birləşdirən böyük dəyərlər var. Tarix, din, etnik mənsubiyyət və s... Bizim hətta ortaq düşmənlərimiz də olub. Amma Azərbaycan müstəqillyini əldə etdiyi 33 ildə Tehran nə qonşuluğu, nə ortaq tarixi, nə dini, nə təriqəti, nə mədəniyyəti nəzərə alır”. Siyasi şərhçi bildirib ki, İran birmənalı şəkildə alt qatda daim Ermənistanı müdafiə edib: “Tehran iqtisadi, maddi, hərbi, mənəvi cəhətdən dəstək olmasaydı, Ermənistan işğal etdiyi torpaqlarımızdan çoxdan çıxardı. Deməli, Azərbaycan torpaqlarının işğal altında qalması da İran kimi dövlətlərin havadarlığı, birbaşa yardımları ilə mümkün olub. Biz İran hakimiyyətinin iç üzünü dəfələrlə görmüşük. Məsələn, 44 günlük müharibədə İran ərazisindən Ermənistana hərbi-texniki avadanlığın göndərilməsini unutmamışıq. Ondan əvvəl işğal altında olan torpaqlarımızda İran şirkətlərinin fəaliyyəti, İrandan Ermənistana yanacaq və digər zəruri malların daşınması... Bu misalların sayını xeyli artırmaq mümkündür. Daha sonra 2023-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu gördük. Bu, İranın Azərbaycana münasibətinin zirvəsidir”. S. Soltanın sözlərinə görə, Tehran rejimi ölkəmizə qarşı siyasətindən əl çəkmir, əksinə, Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyətləri dəstəkləyir: “İranda Azərbaycan əleyhinə fəaliyyət göstərən, SEPAH-ın himayə etdiyi qrupların mövcudluğu, Tehranın Zəngəzur dəhlizinin açılmasına yaradığı süni maneələr, Azərbaycana qarşı narkotik müharibə bunların çox az hissəsidir. İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin tarixə, islama, Türkiyə və Azərbaycana qarşı məclis təşkil etməsi də Tehranın ölkəmizə münasibətinin göstəricisidir. Bütün bunları nəzərə aldıqda, Əhmədianın sözlərini sadəcə diplomatik nəzakət çıxışı kimi qiymətləndirmək olar. Hələ ötən ilin mayında məlum helikopter qəzasında ölən xarici işlər naziri Hüseyn Abdullahiyan səfirliyə hücum edən terrrorçunun cəzalandırılacağını bildirmişdi. Terror aktından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, iş üzrə məhkəmə belə yekunlaşmayıb”. Mərkəz rəhbərinin fikrincə, Əhmədianın səfəri Tehran hakimiyyətinin Azərbaycana qarşı törətdiyi əməlləri ört-basdır etməyə cəhddən başqa bir şey deyil: “Əhmədian Amulidir? Xeyr! Azərbaycan və Türkiyəni təhqir edən Amulidir. O da Xameneinin nümayəndəsidir. Tehran səmimidirsə, ya Xamenei açıqlama verməlidir ki, Amuli səhv edib və buna görə Azərbaycandan üzr istəməlidir. Ya da Amuli cümə xütbəsində Azərbaycan, Türkiyə prezidentlərindən, iki ölkənin vətəndaşlarından üzr istəməlidir, bildirməlidir ki, çox böyük yanlışlıq olub. Bu, müsəlman dünyasına, qonşuluq münasibətlərinə zidd davranışdır”. Geri qayıt |