Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdırDünən, 00:40 |
Avropada işlə təmin etmək adı ilə 171 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Sevinc Əliyeva və Kamil Curayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Kamil Curayevin vəkili müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin edilib. Qeyd edək ki, “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla həmin cəmiyyətlərin direktorları olmuş Əliyeva Sevinc Bayram qızı və Curayev Kamil Camalxan oğlunun cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırlamaq yolu ilə onlara iş vizasının alınmasına kömək edəcəklərinə dair vəd etməklə 171 nəfərin ümumilikdə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Sevinc Əliyeva və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Sevinc Əliyeva barəsində isə maddi ziyandan 46 nəfərə 55 min 700 manat ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu kimi hallara həmişə dünyanın bütün ölkələrində rast gəlinir: “Bu ən çox da işsizliyin çox olduğu ölkələrdə daha çox olur. Azərbaycanda da uzun illərdir ki, bu proses gedir. Dələduz şəxslər və şirkətlər tərəfindən işə düzəltmək adı altında 100 minlərlə vətəndaş aldadılıb, pulları soyulub. Həmin insanlar heç nədən qorxmadan, çəkinmədən müxtəlif üsul və metodlardan istifadə edirlər. Onların tələsinə savadı yüksək olmayan vətəndaşlar düşür. Çox təəssüf ki, bizdə də belə insanlar həddən çoxdur. Bunun qarşısını almaq üçün dövlətin müəyyən orqanları ayıq olmalıdır. Yəni başda hüquq mühafizə orqanları olmaq şərtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq Xidməti və sair orqanlar, bu sahəyə nəzarət etməli, araşdırmalıdır. Hətta belə hallar olan kimi həmin şəxslərin şirkətlərin, cəzalandırılmasını təşkil etməlidir. Çox sayda faktların, şikayətlərin və kütləvi dələduzluq hallarının aşkar edilməsinə baxmayaraq çox təəssüf ki, bu edilmir. İndiki dövrdə ortadan yoxa çıxmaq mümkün deyil. İstənilən şəxsləri və platformaları tapmaq çox asandır. Sadəcə istək yoxdur. Belə bir şəraitdə artıq vətəndaşların dövlətə və ölkəyə inamı tamamilə itir. Əvvəlki illərdə təklif etmişəm ki, bu fəaliyyətlə məşğul olmaq rəsmi şəkildə qadağan edilməlidir. Yalnız və yalnız dövlətdə lisenziya almış işə düzəltmə agentlikləri fəaliyyət göstərə, vəziyyət düzələ bilər. Bunun üçün isə ümumi bir platforma olmalıdır. Orada rəsmi ünvanı, rəsmi ofisi, dövlət lisenziyası olan şirkət və yaxud dövlət orqanı bu işi təşkil etməlidir. Bu, qanuni şəkildə həyata keçirilməlidir. Ümumiyyətlə, işə düzəltmə agentlikləri ləğv olunmalıdır. Vətəndaşlara çağırış edilməlidir ki, vakansiyalara baxmaq istəyirsinizsə, filan saytdan müraciət edə bilərsiniz. Bunlar edilməsə, proses getdikcə kütləviləşəcək. Çünki sosial şəbəkələrin hər kəsə çıxışı artıb və istənilən formada insanları aldatmaq halları olacaq. Çox ağır şəkildə cəzalandırma olanda başqaları da bu fəaliyyətdən imtina edəcək”. Geri qayıt |