Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qəbul imtahanlarında ballar azalacaq?
Qəbul imtahanlarında ballar azalacaq?7-01-2025, 00:02 |
“Buraxılış imtahanlarının keçirilməsinə artıq çox qısa müddət qalıb”. Bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, abituryentlər imtahanların bir il asan, növbəti il isə çətin olduğunu düşünürlər: “Yəni 2024-cü ildə buraxılış imtahanları asan olduğundan, 2025-ci ildə çətin olacağı barədə fikir formalaşdırılır. Lakin bu primitiv yanaşma kökündən yanlışdır. Çünki imtahanlardakı sualların asan və ya çətin olması buraxılış ilinə görə müəyyənləşdirilmir. Başqa sözlə, buraxılış imtahanlarının bir il asan, növbəti il çətin olması ilə bağlı iddialar reallığı əks etdirmir. İmtahan sualları hazırlanarkən standartlar nəzərə alınır”. Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) adətən abituriyentlərin hazırlıq səviyyəsini nəzərə alaraq sualları tərtib edir: “Nəzərə almaq lazımdır ki, hər ilin öz müsabiqə şərtləri var və qəbul prosesi məhz bu şərtlərə əsasən həyata keçirilir. Bu ilin buraxılış imtahanlarının necə olacağı barədə isə indidən konkret fikir söyləmək doğru olmaz. Ancaq mən buraxılış imtahanlarının asan olmasının tərəfdarıyam. Çünki buraxılış imtahanının nəticələri əsasında şagirdlərə 3 fəndən attestata qiymət yazılır. Həmin nəticələrə uyğun olaraq da kollecə və yüksək texniki peşə ixtisaslarına qəbul prosesi həyata keçirilir”. Rizvan Fikrətoğlu hesab edir ki, kollec və universitet səviyyəsi eyni olmamalıdır: “Əslində, imtahanların çətinliyi blok imtahanlarında özünü göstərməlidir. Çünki blok imtahanı ali təhsil müəssisələrinə qəbul üçün nəzərdə tutulub. Suallar da buna uyğun tərtib edilməlidir. Bu nöqteyi-nəzərdən 2024-cü ildə tərtib edilən buraxılış və blok imtahanlarının suallarını ideal hesab etmək olar. Bu il keçiriləcək buraxılış imtahanlarının və ballarının necə olacağı ilə bağlı indidən proqnoz vermək olmaz. Ümumiyyətlə, balların yükək və ya az olması qəbul imtahanlarının ümumi nəticəsindən asılı olacaq”. Geri qayıt |