Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanın sülh şərti yerinə yetirilir
Azərbaycanın sülh şərti yerinə yetirilirDünən, 09:40 |
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 25-də keçirdiyi brifinqdə bildirib ki, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. O qeyd edib ki, Azərbaycanın və Ermənistanın belə bir birgə təkliflə çıxış etməsi ən yaxşı variant olacaq. Zaxarova vurğulayıb ki, Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralından Rusiya tərəfi ilə təmasları dayandırıblar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. “Biz bu barədə artıq şərh vermişik, lakin müvafiq açıqlamaların verildiyini nəzərə alaraq, bu mövzuya qayıdaq. Sadəcə xatırladıram: onların rəsmi nümayəndələri və Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə təmasları dayandırıblar. Başqa bir tərəfi isə budur ki, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib. Deməli, Minsk konfransının bütün strukturları, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in hazırkı sədrliyinin Qarabağ nizamlanması üzrə nümayəndəliyi-hamısı ləğv edilməlidir. Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təkliflər planı irəli sürməsidir”, - Zaxarova əlavə edib. Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistanla sülhün əldə edilməsi üçün Minsk Qrupunun ləğvini əsas şərtlərdən biri kimi irəli sürür. Əslində, Azərbaycan bu məsələni dəfələrlə gündəmə gətirib. Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində həmin şərtlə bağlı Ermənistanla fikir ayrılığının olduğunu deyib. Dövlət başçısısının sözlərinə görə, bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi İrəvan əvvəllər bununla bağlı verdiyi açıqlamada Minsk Qrupunun ləğvinə hazırda ehtiyac olmadığını bildirib. Paşinyan hakimiyyəti hesab edir ki, Minsk Qrupunun ləğvi yalınız tərəflər arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkündür. “Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk Qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın Minsk Qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”- Azərbaycan Prezidenti belə deyib. Minsk Qrupunun ləğvini son illər baş verən həm regional, həm də beynəlxalq siyasi proseslər zəruri edir. İlk növbədə, Azərbaycan öz ərazilərini işğaldan azad etdiyinə görə Minsk Qrupunun fəaliyyətinə də ehtiyac yoxdur. Yəni “Dağlıq Qarabağ” münaqişəsi artıq başa çatdığı üçün artıq Minsk Qrupunun mandatı bitib. Belə olan halda Ermənistanla aparılan sülh danışıqlarında bu qurumun vasitəçiliyinə də zərurət qalmır. Artıq Azərbaycanla Ermənistan sülh danışıqlarını daha çox ikitərəfli formatda və ya birbaşa aparmağa üstünlük verirlər. Bu prosesdə üçüncü dövlətin iştirakı isə yalnız müzakirələrin aparıldığı məkan kimi seçilir. Hətta vaxtilə Minsk Qrupuna həmsədrlik edən dövlətlər də danışıqlar prosesində demək olar ki, iştirak etmir. Bu da öz növbəsində Minsk Qrupunun mandatının ləğvini qaçılmaz edir. Ermənistanın Minsk Qrupunu sülhün təminatçısı kimi saxlamaq cəhdləri isə daha çox Fransanın və ABŞ hakimiyyətindəki erməni lobbisinin prosesə müdaxiləsinə şərait yaratmaq məqsədi daşıyır. Ona görə də rəsmi Bakı ATƏT-in Minsk Qrupunun mövcudluğunu sülh sazişinə maneə hesab edir. İkincisi, 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Rusiya və Qərb arasında diplomatik əməkdaşlıq dayandırılıb. Hadisələrin belə gedişi faktiki olaraq, Minsk Qrupunun dağılması ilə nəticələnib. Bunu geosiyasi müharibə aparan Qərb və Rusiya rəsmiləri də etiraf edir. Hələ 2022-ci il aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Fransanın bu format çərçivəsində rəsmi Moskva ilə əlaqə saxlamaqdan imtina etdiklərini demişdi. “ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər”,- Lavrov belə deyib. 2022-ci il noyabrın 18-də ABŞ Dövlət katibinin Qafqazda danışıqları üzrə baş müşaviri vəzifəsində çalışan Filip Riker də Minsk Qrupunun fəaliyyətinə xitam verildiyini bəyan etmişdi. “ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir. Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur. Proseslər elə sürətlə inkişaf edir ki, artıq Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur”,-deyə Filip Riker bəyan edib. Yəni həmsədr dövlətlər Minsk Qrupunun artıq mövcudluğuna son qoyulduğunu etiraf edir. Fransanın həmsədrlik vəzifəsini prezidentin xüsusi nümayəndəsi ilə əvəz etməsi isə rəsmi Parisin üçtərəfli əməkdaşlıq formatından çıxdığını göstərir. Lakin Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar prosesinin real diplomatik müstəviyə çevrilməsi ilə əlaqədar nəinki həmsədrlərə, hətta hər üç ölkənin təyin etdiyi xüsusi nümayəndələrin də fəaliyyətinə ehtiyac qalmadı. Bu baxımdan, ABŞ, Fransa və Rusiya siyasi strukturu dağılmış və bərpa etməkdə maraqlı olmadığı bir qurumu Ermənistanın saxlaya biləcəyi qeyri-ciddi səslənir. Müşfiq Abdulla "Cebheinfo.az" Geri qayıt |