Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycana Rusiyadan pul köçürmələri azalıb...

Azərbaycana Rusiyadan pul köçürmələri azalıb...


Dünən, 15:24
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb...
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manata bərabər olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin yanvar-noyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 706.4 milyon manat, banklardan xaricə köçürmələr isə 14.6% və ya 82.6 milyon manat azalıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 267.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat təşkil edib.

Qeyd edək ki, banklara sürətli pul köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitlərin həcmində zaman-zaman dəyişiklik müşahidə edilir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu vəsaitin 1 milyard azalması elə də kiçik rəqəm deyil. Onu da vurğulayaq ki, vətəndaşlarımız müxtəlif ölkələrdə çalışır və ailəsinə, qohumlarına müəyyən vəsait göndərirlər.

Cari ildə bu vəsaitin azalmasına hansı amillər səbəb olub?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycana xaricdən vəsait əsasən Rusiyadan daxil olur:

“Həmin vəsaitin azalmasının səbəblərinə gəldikdə, birincisi, Rusiyadan həm azərbaycanlıların bir hissəsi qayıtdı, onların maddi vəziyyəti yaxşı deyil, həm də oradan pul köçürmələri elə də rahat deyil. Bəzən isə vəsaiti heç köçürmürlər, nağd şəkildə gətirirlər.

Yəni Rusiyadan Azərbaycana gələndə özləri ilə gətirirlər. Azalma bütövlükdə bu məsələlərlə bağlıdır”.

O bildirib ki, Azərbaycan bankları Rusiyadan vəsait daxil olanda o qədər də şad olmur:

“Çünki beynəlxalq sanksiyalardan və s. çəkinirlər. Ötən illə müqayisədə daxilolmaların təxminən 1 milyard azalması böyük rəqəmdir. Rusiya ilə bizim iqtisadi əlaqələrimiz sıxdır. Oradan Azərbaycana xeyli pul gəlir və azalması da daha çox siyasi, beynəlxalq səbəblərdir.

Azərbaycana vəsait daxil olmaları əsasən Rusiyadandır, ola bilər ki, Avropaya gedən insanlar da var ki, onlar da pul köçürə bilərlər. Azərbaycandan daha çox işləmək üçün Rusiyaya gedirlər.

Başqa yerdə gedib işləyə bilmirlər. Rusiya bazarı da böyükdür. Bu baxımdan, digər ölkələrdən köçürülən vəsait o qədər də çox deyil.

Böyük ehtimalla gələn il Rusiya-Ukrayna müharibəsi bitəcək. O zaman Rusiyaya qarşı sanksiyalar tam aradan qalxmayacaq, ancaq müəyyən yumşalmalar gözlənilir. Ola bilər ki, vəziyyət o qədər də pis olmasın”.

Geri qayıt