Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Direktor şagirdi formaya görə cəzalandıra bilər?
Direktor şagirdi formaya görə cəzalandıra bilər?Dünən, 16:16 |
Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq edilib. Belə ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilib. Lakin buna baxmayaraq, elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda məktəblərdə şagirdlərin hər hansı bir forma geyinməsi ilə bağlı tələbin olmadığını söyləyib. Nazir bu barədə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə məlumat verib. Göründüyü kimi, Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar versə də, elm və təhsil naziri şagirlərin forma geyinməsi üçün hansısa bir tələbin olmadığını bildirib: "Məktəbli formasının mahiyyəti budur ki, hamı bərabər olsun. Hamı ev mühitini məktəbə daşımasın, kimsə varlı olmasına görə fərqlənməsin". Nazirin sözlərinə görə, şagird bir məktəbdən digərinə köçürüləndə ona bir il güzəşt edilə bilər: "Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçilməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin ki, bu forma olmalıdır". Belə olan halda məktəb rəhbərliyinin şagirdləri məhz formaya görə cəzalandırması mümkündür? Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, məsələ Nazirlər Kabinetinin uyğun sərəncamına əsasən nizamlanır: "Məktəbli forması ilə bağlı xüsusi sərəncamın tətbiq olunması hər məktəbin pedoqoji şurasına tapşırılır. Pedoqoji şuralar müəyyən olunmuş 4 formadan birini seçə bilərlər. Əslində, şagirdin məktəbli forması olmadan dərsə gəlməsi "Şagird davranış qaydaları"nın pozulmasıdır. Buna görə də məktəb direktorunun şagirdə qarşı gördüyü tədbir məntiqə uyğundur”. Ekspert deyib ki, digər tərəfdən, şagird qoyulan qaydanı davamlı pozursa, o, qaydaları pozduğu üçün qırmızı kart ala bilər. Geri qayıt |