Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir?
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir?Dünən, 22:39 |
Azərbaycanda cari ilin 11-22 noyabrında keçirilmiş COP29 iqlim dəyişikliyi sammiti ölkəmizin beynəlxalq ekoloji problemlərin həlli istiqamətində qlobal liderlik iddiasının parlaq nümunəsi oldu. Bu cür tədbirlər Azərbaycanın təbiətə dost yanaşmasının və ekoloji problemlərin həllinə verdiyi önəmin bariz göstəricisidir. Lakin bu nailiyyətlər həm də Qərbin bəzi dairələrinin qısqanclıqla qarşıladığı bir reallıqdır. Bu dairələr isə əsasən, Azərbaycanın beynəlxalq nüfuzunu azaltmaq və müsbət imicini zədələmək üçün təzyiq mexanizmlərini daha da gücləndirir. Son dövrlərdə Azərbaycana qarşı həyata keçirilən hibrid hücumların çərçivəsi genişləndirilmişdir. Bu hücumlar media vasitəsilə çarpıq məlumatları yayan qərəzli kampaniyalardan tutmuş iqtisadi sanksiyaları, siyasi təzyiqlərə və beynəlxalq forumlarda manipulyasiya edilən qərarları özündə birləşdirir. Bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin COP29 kimi çox önəmli bir tədbirin Azərbaycanda keçirilməsinə qarşı apardığı təbliğat kampaniyası bu dairələrin obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha göstərir. Bu təzyiqlərin artmasının əsas səbəblərindən biri Azərbaycanın şəffaf, məqsədyönlü siyasət yürüdərək qlobal işlərlə inteqrasiyasını gücləndirməsidir. Xüsusilə enerji sektorunda Avropanın çox asılı olduğu bəzi mənbələrə alternativ yaratması və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanı enerji təhlükəsizliyi baxımından yeni bir mərhələyə çıxarması bu dairələri narahat edir. COP29 tədbirinin məhz Azərbaycanda keçirilməsi, ölkəmizin bu təşəbbüslərdə liderliyini və beynəlxalq təşkilatlarda artan nüfuzunu təsdiqləyir. Lakin bu həm də bəzi maraq dairələri tərəfindən “təhdid” kimi qiymətləndirilirdi. Digər tərəfdən, Qərbin ikili standartlarla ölkəmizə qarşı olan davranışı şəffaf şəkildə burada görünür. Bəzi dairələr mütəmadi olaraq insan haqları və demokratiya adı altında Azərbaycana qarşı təzyiqləri artırırlar. Bu yanaşma isə çox vaxt sözdə qalan demokratiya çağırışlarının, əslində, siyasi manipulyasiya aləti olduğunu göstərir. Azərbaycanın dövlət maraqlarını qorumaq istiqamətində qətiyyətlə atdığı addımları qaralamaq üçün yaradılan bu mexanizmlər isə çox vaxt öz məqsədlərinə çata bilmir. Bununla yanaşı, Azərbaycanın milli maraqlarına qarşı istənilən hücuma qarşı dayanışımız xalqın birliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən siyasi strategiyalar dövlətin suverenliyini qorumaq və məqsədyönlü islahatları davam etdirmək istiqamətində böyük rol oynayır. Azərbaycanın beynəlxalq arenada tərəfdaşlıqlarını möhkəmləndirmək və müşkül məsələlərə öz konstruktiv yanaşmasını təqdim etmək istiqamətində addımları bu təzyiqlərin qarşısında ölkəmizi daha da gücləndirir. Sonda vurğulamaq lazımdır ki, Azərbaycan bu təzyiqlərə bənzər çətinlikləri daha öncə dəfələrlə yaşamış və Qərb dairələrinin oyunlarını pozmağı bacarmış bir ölkədir. Bu gün də xalqın birliyi, dövlətin qətiyyəti və liderin prinsipial siyasəti sayəsində Azərbaycana qarşı aparılan hibrid hücumlar uğursuzluqla nəticələnəcək. Bu mübarizə təkcə dövlətimizin deyil, haqq-ədalətin və beynəlxalq hüququn da zəfəridir. Geri qayıt |