Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi

Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi


Dünən, 11:30
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi
“Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın əməllərindən zərərçəkmiş Xalid Kərimov Baş prokuror Kamran Əliyev və daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, Xalid Kazımov müraciətində göstərib ki, Xəlilova Aybəniz Səyyaf qızı onu rüsvay edəcəyi, şəxsi sirr təşkil edən məlumatları, gizli çəkdiyi foto və videoları internet resurslarında paylaşacağı ilə təhdid edib, bir ildən artıq müddət ərzində 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib:

“Bununla kifayətlənməyərək ailəmi təhdid etməyə başladı, azyaşlı uşaqlarımı güdərək üstlərinə maşın sürdü. Bu kimi hərəkətləri ilə ailəmizə olmazın zülmünü yaşatdı.

Aybəniz Xəlilovanın bu qanunsuz hərəkətləri barədə mən 14 noyabr 2024-cü ildə Suraxanı rayon Prokurorluğuna şikayət edəndən sonra Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi başlandı. Həmin il noyabrın 21-də Aybəniz Xəlilova şübhəli şəxs qismində tutuldu və noyabrın 23-də Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildi. Qeyd olunan tarixdə onun barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçildi”.

Şikayətçi qeyd edib ki, Aybəniz Xəlilova görüşlərdə dəfələrlə yüksək vəzifəli şəxslər və generallarla münasibətinin olduğunu, ona heç kəsin heç nə edə bilməyəcəyini deyib və bununla ona təsir edib:

“Mən indi başa düşürəm ki, onun sözlərində həqiqət varmış, bu yollarla Aybəniz Xəlilova Bakı Apellyasiya Məhkəməsinə də təsir edərək azadlığa çıxdı.

Ona görə də, cənab daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyev, ümidim Sizədir. Müraciət edərək kömək etməyinizi və həmin cinayət işini nəzarətə götürməyinizi xahiş edirəm.

Əks halda “Tik-tok” və digər sosial şəbəkələrdə Aybəniz kimi cinayətkarların cəzasız qaldığını görərək başqaları da onun kimi qanunsuz əməllərə yol verəcəklər”.

Geri qayıt